|
Kremlin Qarabağ separatçılarına jestinə sərt təpki gəldi

Rusiya qondarma rejimin quldur başçısını gizlicə təltif edibmiş; Üzeyir Cəfərov: “Bakı məsələyə ciddi reaksiya verməlidir...” 

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginlik səngimir. Son günlərin statistikası və hər iki tərəfin itkiləri də bunu təsdiqləyir. Cəbhə xəttində gərginlik yaradan Ermənistan ordusu atəşkəsi Goranboy rayonu istiqamətində 87 dəfə, Qazax rayonu istiqamətində 60 dəfə, Gədəbəy rayonu istiqamətində 44 dəfə, Tovuz istiqamətində 31 dəfə, Göygöl rayonu istiqamətində 12 dəfə, Ağstafa rayonu istiqamətində isə 4 dəfə pozub. Ötən ay bir hərbi qulluqçumuz şəhid olub, düşmən tərəfi isə 5 nəfər itki verib. 
Ötən ay ərzində düşmənin 4 pilotsuz uçan aparatı bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib. Qeyd edək ki, erməni silahlı bölmələri iyun ayında atəşkəs rejimini 738 dəfə pozmuşdu. Maraqlısı odur ki, erməni tərəfi həyasızcasına 26 iyul-1 avqust tarixləri arasında Azərbaycan tərəfinin atəşkəsi 1100 dəfə “pozduğunu” iddia edib. Düşmən itkilərini də gizlətməkdə davam edir. 
***
Bu arada Ermənistanın müdafiə nazirinin 1-ci müavini David Tonoyanın ABŞ-a işgüzar səfəri də diqqət çəkir. Erməni KİV-ləri xəbər verir ki, nazir müavini Dövlət Departamentinin rəsmiləri, o cümlədən regional təhlükəsizlik məsələləri direktorları S.Volander və V.Teylorla , həmçinin ABŞ-dakı erməni lobbisinin təmsilçiləri ilə bir araya gəlib. Öz ərazisində Rusiyaya bir sıra digər sahələrdə olduğu kimi, hərbi sahədə də geniş meydan tanıyan, həmçinin Azərbaycan ərazilərini on illərdir işğalda saxlayan bir ölkənin cinayətkar generalının ABŞ-da yüksək səviyyədə qəbul olunması şübhəsiz ki, Bakını razı sala bilməz. Düzdür, bir sıra hallarda Azərbaycan dövlətlər arası münasibətlər hansı reaksiya bildirməyi zəruri saymır.
Amma istənilən halda dünyada terrora və işğala qarşı olduğunu bəyan edən superdövlətin antiterror koalisiyasının üzvü olan Azərbaycanın ərazilərini zəbt etmiş ölkənin ordu rəhbərliyinə yuxarı başda yer göstərməsi işğalın uzanmasına rəvac  verən amillərdən biri kimi dəyərləndirilə bilər. 

Xüsusilə də Vaşinqtonun Azərbaycan-Ermənistan prezidentlərini görüşdürməyə çalışdığı bir məqamda Ermənistana göstərilən diqqət heç yerinə düşmür. Əslində İŞİD-dən mahiyyətcə heç nə ilə fərqlənməyən erməni terroruna qarşı sayğılı davranılması yolverilməzdir, lakin ikili standartlar hələ də Qarabağ məsələsində davam etməkdədir.
 
Eyni vaxtda isə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyaya səfər edib. Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu azərbaycanlı həmkarı ilə görüşüb. Görüşdə iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub. RF Müdafiə Nazirliyinin məlumatına əsasən, görüş zamanı regional təhlükəsizliyin aktual məsələləri, həmçinin Rusiya və Azərbaycan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və vəziyyəti barədə fikir mübadiləsi aparılıb. 
 
Qeyd edək ki, Azərbaycanın müdafiə naziri Z.Həsənov Beynəlxalq hərbi oyunların açılış mərasimində iştirak etmək üçün Moskvada səfərdədir. Ancaq ekspertlər nazirlərin görüşü zamanı Ermənistanın işğalçılıq hərəkətlərinin davamı, vaxtaşırı cəbhə xəttində törədilən təxribatlar və digər məsələlərin də müzakirə olunduğuna şübhə etmirlər.
***
Bakı ilə Moskva arasında zahirən normal münasibətlərin olması görüntüsünə rəğmən, bu arada yayılan sensasion məlumat isə Rusiyanın Dağlıq Qarabağ separatçıları ilə bağlı xüsusi projesinin olmasını bir daha təsdiqləyir. Qeyd edək ki, rus milyarder Serliqovun Şuşaya ailəsi ilə birgə köçməsi, burada at yarışları keçirəcəyini bəyan etməsi, onun arvadının isə Cıdır düzündə moda müsabiqəsi təşkil etməsi, lakin rəsmi Bakının etirazına, Rusiya vətəndaşı barədə cinayət işi qaldırılmasına baxmayaraq, Moskvadan hər hansı reaksiya verilməməsi məsələnin qaranlıq tərəfinin olması barədə gümanları ortaya çıxartmışdı. 
 
Yayılan son məlumat isə Moskvanın doğrudan da Qarabağ erməniləri ilə bağlı alternativ layihəsinin olmasını təsdiqləyir. Məsələnin sensasion tərəfi budur ki, Dağlıq Qarabağdakı qondarma erməni rejiminin rəhbəri Bako Saakyan Rusiyanın “Böyük Pyotr” ordeninin birinci dərəcəsi ilə təltif olunub. Virtualaz.org saytı yaydığı xəbərdə bildirir ki, bu fakt Saakyanın rəsmi bioqrafiyasında yer alır və müstəqil erməni jurnalist Vaqram Ağacanyan Rusiyanın İrəvandakı səfirinə, habelə qondarma “DQR prezidenti”nin mətbuat katibinə məktub yazaraq ordenin hansı xidmətlərə görə verildiyini soruşur. Jurnalistin Rusiyanın İrəvandakı səfiri İvan Volınkinə göndərdiyi məktubda deyilir ki, Bako Saakyanın rəsmi bioqrafiyasında onun “Rusiya dövlətinin möhkəmlənməsində xidmətlərinə görə” ölkənin ali ordenlərindən biri - I dərəcə “Böyük Pyotr” ordeni ilə təltif edildiyi göstərilib. Habelə orada göstərilir ki, Dağlıq Qarabağdakı rejimin indiki rəhbəri Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Qanunçuluq Akademiyasının həqiqi üzvüdür.
 
“İvan Kirilloviç, jurnalist kimi mənə maraqlıdır ki, Bako Saakyan Rusiya Federasiyasına hansı xidmətləri göstərib və hansı xidmətlərinə görə ”Böyük Pyotr" ordeninə layiq görülüb? Həmçinin bilmək maraqlıdır ki, cənab Saakyanın hansı elmi əməyi Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Qanunçuluq Akademiyasına onu həqiqi üzv etmək üçün əsas verib? Hesab edirəm ki, əgər bu vəziyyətə aydınlıq gətirilsə, erməni ictimaiyyəti Rusiya səfirinə minnətdar olardı",-  deyə erməni jurnalist səfirə bu gün ünvanlandığı açıq məktubda yazır.
Vaqram Ağacanyan analoji məzmunda məktubu qondarma “DQR prezidenti”nin mətbuat katibinə də ünvanlayıb. 
 
Rusiya Federasiyasının ali dövlət mükafatları haqda qanunda göstərilir ki, “Böyük Pyotr” ordeni hərbi, xidməti və vətəndaş borcunu yerinə yetirərkən mərdlik, igidlik və qəhrəmanlıq göstərənlərə verilir. Həmçinin Rusiya dövlətinin möhkəmləndirilməsi naminə dövlət işlərində, elmi-tədqiqatda, istehsalda və digər sahələrdə yüksək nailiyyətlər əldə edənlərə bu orden verilə bilər.
 
Erməni jurnalistin Bako Saakyanın bu ordenlə təltif olunmasının səbəblərini aydınlaşdırmağa cəhd göstərməsi Rusiyadan Dağlıq Qarabağa dair birmənalı olmayan siqnalların göndərilməsi ilə bir vaxta təsadüf edir. Əvvəlcə avantürist rusiyalı biznesmen German Sterliqov müəmmalı şəkildə Qarabağa yerləşən Rusiya və Dağlıq Qarabağ arasında əlaqələrin genişləndirilməsi haqda danışmağa başladı. Daha sonra Rusiya Baş Kəşfiyyat İdarəsinin rəisi, general İqor Serqun İrəvana müəmmalı səfər etdi və bütün bunlarla eyni vaxtda təmas xətti boyu vəziyyətin gərginləşməsi müşahidə olundu. Bako Saakyan Qarabağda “KQB tulası” ləqəbi ilə tanınır, Rusiyanın xüsusi xidmət orqanlarının keçmiş agentidir və bioqrafiyası xeyli dumanlıdır.
 
***
Azərbaycanla münasibətlərə önəm verdiyini daim bəyan edən həmsədr Rusiyanın Qarabağ separatçısına yüksək mükafat verməsi heç də sadə məsələ deyil. Hələlik rəsmi Bakının məsələyə reaksiyası bəlli deyil. İş günü olmadığından XİN-dən münasibət ala bilmədik. Lakin yəqin ki, Azərbaycan Moskvadan hansısa formada izahat istəyəcək. Rusiyanın Saakyanı mükafatlandırması faktiki olaraq “DQR”-in Rusiya tərəfindən tanınması, onun separatçı liderinin Rusiyanın canişini kimi rəsmiləşdirilməsi anlamı daşıyır.
 
Hərbi ekspert Üzeyir Cəfərov da “Yeni Müsavat”a açıqlamasında təəccübünü gizlətmədi: “Dağlıq Qarabağdakı qondarma erməni rejiminin rəhbəri Bako Saakyanın Rusiyanın ”Böyük Pyotr" ordeninin birinci dərəcəsi ilə təltif olunması xəbərini eşidəndə ağlımdan ilk keçən bu fikir oldu ki, doğrudan da qulaq gündə bir söz eşitməsə, kar olar. Özü də bunu hansısa kənar şəxs deyil, müstəqil erməni jurnalist Vaqram Ağacanyan Rusiyanın İrəvandakı səfirinə, habelə qondarma “DQR prezidenti”nin mətbuat katibinə ünvanladığı məktubunda sadalıyır.
 
Hələ ki, bu məsələyə nə separatçılar, nə də onların Moskvadakı ağaları heç bir aydınlıq gətirməyiblər. Doğrusunu deyim ki, burada dezinformasiya da ola bilər, bəlkə də həqiqət də olsun. Ancaq bu, öz təsdiqini taparsa, onda vəziyyət tamam başqa şəkil almalıdır və Azərbaycan XİN də öz tərəfindən bu məsələ ilə bağlı izahat tələb etməlidir. Separatçılığı təbliğ edən, bütün beynəlxalq hüquq və normalara etinasız yanaşan bir adamı Rusiya kimi nəhəng bir dövlətin belə ali mükafatına necə layiq görmək olar? 
Onu da başa düşürəm ki, indi artıq heç nəyə təəccüblənmək olmur deyə, hər şeyin elə deyilənlər kimi olması da mümkündür. Əslində isə bütün dünya birliyi, aparıcı dövlətlər hər addımlarında separatşılığa, bölücülüyə meyilli adamları ifşa etməli və onların ən ağır cəzaya məhkum olunmasına nail olmalıdırlar". 
Ü.Cəfərov qeyd etdi ki, təsdiqlənəcəyi halda Bakı məsələyə ciddi reaksiya verməlidir: “Əgər bu fakt öz təsdiqini tapmış olsa, biz hətta Rusiyanın ATƏT-in Minsk qrupundakı fəaliyyətinə son qoyulması tələbini də irəli sürə bilərik. Şəxsən mənə bu yaramaz separatçıya bu ordenin nə zaman verilməsi də çox maraqlıdır. 
 
Əgər bu, yaxın tarixdə baş vermiş hadisədirsə, onda biz Qarabağ məsələsində özümüzü aldatmamalıyıq və Rusiya kimi onbaşlı oyun oynayan dövlətin hiylələrinə sərt təpki göstərməliyik. Onu da qeyd edim ki, biz bir dövlət olaraq bu mühüm məsələnin Rusiya ictimaiyyəti arasında da geniş şəkildə işıqlandırılmasına nail olmalıyıq. Çünki «Böyük Pyotr” ordeni sıradan adi bir dövlət mükafatı deyil və onun hansısa qatı separatçıya verilməsi əslində RF-nin özü üçün böyük utanc olmalıdır. 
 
Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Belə başa düşmək olar ki, Bako Saakyanın bu ordenlə təltif olunmasının əsl səbəblərindən biri də Rusiyadan Dağlıq Qarabağa aşıq və ya gizli şəkildə göstərilən dəstədir. Elə ona görə də bu münaqişə 20 ildən artıqdır ki, öz həllini tapmır - məhz Saakyan kimi avantürist və yaramazlara görə. Ağaları da onları mükafatsız qoymurlar ki, qoy bundan sonra da onlar regionda gərginliyin artmasında maraqlı olan digər separatçılara yol göstərib, min hoqqalardan çıxsınlar. Azərbaycanın isə səbir kasası isə dolub daşmağa yaxınlaşır".
Cia.az