|
Emin Millinin 23 qohumu ondan imtina etdi

Meydan TV-nin direktoru bunu “kreativ addım” adlandırdı, ekspertlər isə “insanlığın bitdiyi yer”... 

Meydan TV-nin direktoru Emin Millinin qohumları teref.info saytına müraciət edərək, Emin Millini xəyanətdə suçlayıblar. Onlar prezidentə müraciət edərək, Emin Millininin anti-Azərbaycan siyasətini dəstəkləmədiklərini və onu Azərbaycana xəyanət etdiyinə görə qohumluqdan çıxardıqlarını bəyan edirlər. Bəyanatda deyilir:
- Azərbaycan Respublikasının Prezidenti zatı - aliləri, cənab İlham Heydər oğlu Əliyevə Neftçala şəhər sakini, H.Əliyev prospekti 112 - də yaşayan vətəndaş Abdullayev Ağabəy Yusif oğlundan
 
B Ə Y A N A T 
 
Hörmətli cənab Prezident!
 
Müstəqil, demokratik Azərbaycan Respublikasının vətəndaşı, Yeni Azərbaycan Partiyasının üzvü olan bir şəxs kimi barəsində qeyd etmək istədiyim Bakı şəhər sakini, qohumum (əgər qohum demək mümkündürsə) Abdullayev Emin Paşa oğlu (Emin Milli) bu gün güclü sosial siyasətə və iqtisadiyyata malik olan respublikamızın böyük uğurlarına, inkişaf və tərəqqisinə, xarici ölkələrə inteqrasiyasına şübhə ilə yanaşaraq, kənar xarici təsirlərə düşüb, mənfur fikirlərə malik olmaqla öz çirkin yazıları və çıxışları ilə özünü «qəhraman» kimi qələmə vermək istəyir. Biz qohum olaraq, həm mən, həm ailəm, ümumiyyətlə, bütün yaxın qohumlar bu çirkin əməl sahibinin pis işlərdən uzaq olması üçün ona qarşı haqq səsimizi ucaltmış, düzgün mövqe tutmasını dəfələrlə tövsiyə etmişik. İradəsindən asılı olmayaraq əqidəsini dəyişən bu şəxsin bizlərə cavabı bir olub. “Düşünürəm ki, mən düzgün mövqedəyəm. Məni birdəfəlik unudun”. 
 
Barəsində söhbət açdığımız şəxs unudur ki, Azərbaycanda demokratiyanın hüdudları genişdir. O, xalqımızın milli mentalitetinə, dövrün tələbinə uyğun olaraq sürətlə inkişaf edir. Qanunu, başqasının haqqını pozanları dövlət cəzalandırır. Abdullayev Emin Paşa oğlu (Emin Milli) isə gücün, qanunun, dövlətin tərəfində olmasını şübhə altına almaq istəyir. Törətdiyi çirkin əməlləri ilə cəmiyyətə ayrı-seçkilik salmaq istəyən bu şəxs düzgün fikir altında müstəqil Azərbaycan torpağında - azad bir məmləkətdə nəinki sakit yaşamaq istəyir. Görünür ki, xarici ölkələrdə ailəsiz, qohumsuz, dinsiz, dilsiz, mentalitetsiz yaşamağı daha üstün tutur.
 
Hörmətli cənab Prezident!
 
Ən yaxşı fərd özündən çox mənsub olduğu cəmiyyəti düşünən, onun varlığı və xoşbəxtliyi üçün həyatını verən insandır. Qanunlarımızın doğru-düzgün tətbiq edildiyi bir cəmiyyətdə yaşamaq üçün bir vətəndaş kimi ölkəmizin daxili və xarici siyasət kursunu həmişə birmənalı olaraq dəstəkləyir və dəstəkləməkdə davam edəcəyik"...
 
Müsavat Partiyasının eks-başqanı İsa Qəmbər qohumlarının imtina bəyanatından sonra Emin Milli ilə fotosunu paylaşıb və yazıb ki, “qardaşoğlu, özünə yaxşı bax” .  Vaxtilə Emin Milli İsa Qəmbəri 2003-cü ildə meydana çıxmağa qorxmaqda ittiham etmişdi. Tərəflər arasında mübahisə bir müddət mətbuatın gündəmində oldu...
 
Sosial şəbəkələrdə səs-küylə qarşılanan bu müraciətə  Emin Millinin reaksiyası maraqlıdır.  O, sosial şəbəkədəki statusunda bu olaya aşağıdakı formada münasibət bildirib: “Mən qohumlarımla fəxr edirəm və onlardan imtina etmirəm. Məncə, onlar qədər hakimiyyəti bu qədər dolayan və ifşa edən hələ mövcud olmayıb. 23 dəfə. Belə çox kreativ”. 
 
Sosial şəbəkədə isə bu imtina ərizəsi daha çox ironiya və yumora səbəb olub. İctimai fəallar, jurnalistlər əsasən imtina etmək istədikləri qohumlarının olduğunu xatırladıblar. Hətta qohumluqdan imtinanın qanunla tənzimlənməli olduğunu ironiya ilə yazanlar da olub. Əslində isə bu məsələ ictimai xarakter daşıyır və 1937-ci ili, repressiya dövrünü daha çox xatırladır. “Yeni Müsavat” bildirir ki, müraciətin verilməsinə səbəb çox güman ki, E.Millinin qaynının həbsidir. E.Milli özü də hadisədən sonra açıqlamalarında bu həbsin onun jurnalistika fəaliyyəti ilə bağlı olduğunu deyib. Onun qohumları (bir qayda olaraq ata tərəfinin qohumları) isə bu təhlükədən sığortalanmaq üçün belə bir cəhd ediblər. 

“Şərq Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə sözügedən olaya münasibətdə bildirib ki, E.Millinin 23 qohumunun İlham Əliyevə müraciəti tarixi bir sənəddir və bu, Azərbaycanın yeni tarixinin ən utancverici faktlarındandır: “Şəxsən mən həyatımda ilk dəfədir ki, bu ölkənin vətəndaşı olduğuma görə xəcalət hissi yaşayıram və bu da emosiya deyil. Hansı şəraiti yaratmaq lazımdır ki, insanlar özünü xilas etmək, şərə, böhtana məruz qalmamaq üçün kütləvi şəkildə doğmalarından imtina edələr!? Azərbaycanın mövcud reallığı təkcə sözün deyil, artıq insanlığın bitdiyi yerdir”.
Cia.az