Generalların “Avrasiya Hərəkatı”na Bakıdan sərt təpki; Moskvadan təkzib gəlsə də, Azərbaycanda “rus layihəsi” barədə narahatlıq artır; iqtidar deputatı Nəriman İmranovla İlqar Qasımovu Əliheydər Qarayevə və Çingiz İldırıma bənzətdi
Keçmiş milli təhlükəsizlik naziri, general Nəriman İmranovun və Rusiyanın ədliyyə generalı İlqar Qasımovun Azərbaycanda Avrasiya Hərəkatını yaratdıqlarını elan etməsi gündəmə yeni mövzu gətirib. Bir sıra ciddi ekspertlər bu layihənin arxasında Kremlin dayandığını iddia edirlər.
Xatırladaq ki, artıq bəyanat müəllifləri hərəkatın qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə rəsmi müraciət etdiklərini desələr də, nazirlikdən məsələyə hər hansı reaksiya yoxdur.
Moskvadan isə artıq ilk reaksiya gəlib. “Avrasiya İqtisadi Birliyinə daxil olmaq üçün Azərbaycanda yaradılmış hərəkatın bizə heç bir dəxli yoxdur”.
Bunu ANS-in əməkdaşı ilə söhbətində Avrasiya İqtisadi Komissiyasının mətbuat xidmətinin rəis müavini Oleq Yevgenyeviç Qorbatov bildirib. O, keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) generalı Nəriman İmranovun və Rusiyanın ədliyyə generalı İlqar Qasımovun Azərbaycanda yaratmaq istədiyi Avrasiya hərəkatına rəy bildirərkən belə söyləyib: “Biz dörd dövlət - Rusiya, Qazaxıstan, Belarus və Ermənistanı təmsil edən rəsmi qurumuq. Onlarla heç bir əlaqəmiz yoxdur. Yəqin ki, onlar xalq hərəkatı yaratmaq niyyətindədirlər”.
O.Qorbatov ardınca deyib: “Biz burada Avrasiya İqtisadi Birliyi ölkələrinin ciddi iqtisadi problemlərinin həlli ilə məşğuluq. Bizim hansısa bir ölkədə hərəkat yaratmağa heç bir marağımız yoxdur”.
Hərəkatın yaradılması ideyasının yetərincə müəmmalı şəxslər - Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Nəriman İmranov və Rusiyanın Ədliyyə Nazirliyinin keçmiş əməkdaşı, ikinci dərəcəli dövlət müşaviri İlqar Qasımov tərəfindən ortaya atılması xüsusilə diqqəti çəkir. 1990-cı illərin əvvəllərində Rusiya KQB-sində yüksək vəzifələr tutmuş Nəriman İmranov 1993-cü ildə Azərbaycan milli təhlükəsizlik naziri işləyən zaman buraxdığı səhvlərə görə mühakimə edilərək ölüm cəzasına məhkum edilmişdi. 2002-ci ildə əfv edilmiş general İmranov siyasi dairələrdə Rusiya təhlükəsizlik xidmətinin adamı kimi tanınır.
1996-cı ildən Rusiya ədliyyə sistemində işləyən İlqar Qasımov da Azərbaycanı yenidən Kremlin təsir dairəsinə qaytarmağa çalışan siyasətçilərdən biri sayılır. Göründüyü kimi, hər iki general yenə öz amplualarına sadiq qalıblar və 25 illik müstəqil siyasət dönəmindən sonra Azərbaycanı yenidən Rusiyanın yedəyinə bağlamağa həvəslənirlər.
Politoloq Qabil Hüseynli də deyib ki, indiki şəraitdə generallar Nəriman İmranov və İlqar Qasımovun öz istəklərinə çatması çətin görünür: “Azərbaycan xalqı hazırda Avrasiya İttifaqına girməyin tərəfdarı deyil. Bəlkə gələcəkdə Rusiya Dağlıq Qarabağ münaqişəsini ədalətli həll etməyə dəstək verdikdən sonra bu, baş tuta bilər. Onda da bununla bağlı qərarı hansısa Rusiya generalları deyil, Azərbaycan xalqı verməlidir. Xalqı isə Rusiyanın ədalətli olmağına məhz siyasi liderlər inandıra bilər”.
Q.Hüseynlinin fikrincə, Nəriman İmranov və İlqar Qasımovun bu açıqlaması sadəcə Rusiyada özləri üçün divident qazanmaqdan başqa bir şey deyil: “Bir ara milyarderlər də belə bir açıqlama verdilər və özləri üçün dividentlər qazanmağa çalışdılar. İndi də arxa plana keçmiş bu generallar irəli çıxmaq istəyir. Çətin ki, Rusiya öz siyasətini onların üstündə qursun”.
Siyasi şərhçi Azər Rəşidoğlu “Yeni Müsavat”a bildirib ki, İlqar Qasımovun adı ilə bağlı olan heç bir layihə ciddi ola bilməz: “”Azərbaycanın Ostap Benderi" imici qazanmış bu şəxsin hədəfinin pul qazanmaq olduğunu Rusiyada yaşayan soydaşlarımız yaxşı bilirlər. Onun rəsmi Bakı ilə də problemi və özünü əməkdaşı kimi təqdim etdiyi Rusiya xüsusi xidmət orqanları ilə də bağlılığı yoxdur. Nəriman İmranov öz şansını 1994-cü ildə, “MTN-dən qaçış” kimi tragikomik əməliyyatdan sonra itirdi və siyasi səhnədən tamamilə silindi. Odur ki, yaranan təşkilatın heç bir perspektivini görmürəm. Sadəcə, kimlərsə “Rusiya xofu” ilə pul qazanmaq istəyir. Bazar olsun!"
Rusiyadan təkzib gəlməsinə baxmayaraq, Azərbaycan iqtidarına yaxın şəxslər burada Kremlin barmağının olduğunu, yeni “Milyarderlər ittifaqı” proyektinin işə salındığını israrla bildirirlər. AVP sədri, deputat Fəzail Ağamalı isə generalların hər ikisini tanıdığını, onlar haqqında kifayət qədər məlumatlı olduğunu bildirdi:“Hər kəs onların kim olduğunu bilir. İlqar Qasımov hər zaman Rusiyanın layihələrində vacib rol oynayıb və ən müxtəlif vaxtlarda müxtəlif təşkilatlar adı altında Rusiyanın Azərbaycandakı maraqlarını həyata keçirməyə çalışıb. Lakin hər zaman uğursuzluqla rastlaşıb və onun həyata keçirdiyi proyektlərin heç biri Azərbaycanda öz həllini tapmayıb. Nəriman İmranov isə heç zaman siyasətlə məşğul olmayıb. Bu da bəllidir ki, kommunist rejiminin yetişdirdiyi, formalaşdırdığı və rütbə verdiyi Nəriman İmranov SSRİ-nin varisi olan Rusiyanın kəşfiyyat orqanlarının tam nəzarəti altındadır, bu, birmənalıdır. O, 1993-cü ilin iyun qiyamı nəticəsində Surət Hüseynovun xüsusi təqdimatı ilə bu vəzifəyə təyin olundu. Əlbəttə ki, Heydər Əliyev də ona inanırdı. Çünki mən bunu dəqiq bilirəm, Heydər Əliyevin də onun üzərində çox böyük əməyi var idi. O, Sumqayıtda adi komsomol işçisi olub. Sonradan Naxçıvan Muxtar Vilayətinin komsomol təşkilatının birinci katibi postuna təyin edilib. Axırda da DTK məktəbinə göndərilib. Bütün bunlar hamısı Heydər Əliyevin Nəriman İmranova göstərmiş olduğu diqqətin ifadəsi idi. Buna inandığına görə əlbəttə, o da bu təqdimata pis baxmadı, müsbət münasibət bildirdi və İmranov gəlib MTN rəhbəri səviyyəsinə qədər qalxdı”.
F.Ağamalı S.Hüseynovla öz arasında olan gərgin epizodları xüsusi xatırlatmaq istəmədi: “Ancaq mənə və Nəriman İmranova bəlli olan faktlara görə, o, birmənalı şəkildə Surət Hüseynovun yanındaydı. Əminəm ki, İmranov MTN-in rəhbəri olarkən tamamilə Surət Hüseynovun sözlərini, hərəkətlərini, davranışlarını özündə ifadə edirdi, onun tam nəzarəti altındaydı və göstərişlərini həyata keçirirdi. Özü də bunların arasında qohumluq əlaqələri var idi”.
AVP sədrinin sözlərinə görə, indi birdən-birə N.İmranovun Azərbaycan siyasətində peyda olması, Avrasiya Hərəkatının yaradıcılarından biri olaraq addım atması sübut edir ki, o, yenə də Moskvanın layihəsində var:“Deməli, bunlar 20-ci illərin Əliheydər Qarayevləri, Çingiz İldırımlarıdır. O vaxt SSRİ idi, indi Avrasiya adı altında müstəqilliyimizə son qoymaq, onun suverenliyini aradan qaldırmaq, beləliklə, yeni bir libasda imperiyanın yaradılmasına xidmət etmək arzusundadırlar”.
F.Ağamalı istisna etmədi ki, bu layihədə S.Hüseynov faktoru da rol oynaya, qiyamçı polkovnik də prosesdə iştirakçı ola bilər: “Surət Hüseynovun hazırda Azərbaycanda birmənalı olaraq sosial dayaqları yoxdur. Lakin bu hərəkat vasitəsilə 12-ci Qızıl Ordunun Azərbaycana dəvət olunması reallaşa bilər. Yalnız bu şəkildə suverenliyimizə və dövlət müstəqilliyimizə son qoyula bilər. Nəzərə alsaq ki, Azərbaycan 20-ci illərin Azərbaycanı deyil, dövlət müstəqilliyini son ana qədər qoruyub-saxlamaq gücündədir, dünya da əvvəlki dünya deyil”.
Cia.az
