Gümrü hərbi hissəsində çağırışçılar ixtisar edilir, onların yerini isə kontraktçılar tutur; Qərb diplomatı: “Kremlə münasibət həm də onun Qarabağ məsələsində özünü necə aparacağından asılı olacaq...”
Krımın ilhaqına görə Rusiyaya qarşı maliyyə-iqtisadi xarakterli beynəlxalq sanksiyaların müddəti artırıldı. Eyni zamanda ABŞ və Avropa Birliyi sanksiyaların siyahısını da genişləndirdi, “qara siyahı”ya Putinə yaxın yeni şəxslərin və şirkətlərin adları əlavə edildi.
Artıq bu sanksiyalar öz effektini verməyə başlayıb. Rubl ABŞ dollarına münasibətdə yenidən zəifləməyə başlayıb. Paralel surətdə neftin qiymətinin düşməkdə davam eləməsi Rusiya büdcəsinə başqa yandan ciddi zərbələr vurmaqdadır.
Ancaq nə qədər qəribə olsa da, Moskva ağır sanksiyalar fonunda belə müvazinətini, xarici siyasətdəki sərt ritorikanı saxlayır, öz silahlı qüvvələrini gücləndirmək planlarından əl çəkmir. Söhbət həm də Kremlin “Yaxın xaric” ölkələrində (Gürcüstan, Ermənistan, Ukrayna, Moldova, Azərbaycan) saxladığı qanuni və qanunsuz hərbi kontingentlərdən gedir.
Onlardan biri də Ermənistanın Gümrü hərbi bazasında dislokasiya olunmuş 102 saylı hərbi bazadır. Rəsmi məlumatlara görə, hazırda bu bazada 5 min əsgər var. Obyekt ən müasir döyüş maşınları və sistemləri ilə təmin olunub. Gümrü bazası Ermənistanla yanaşı, NATO üzvü, qonşu Türkiyəyə görə Rusiya üçün xüsusi önəm kəsb edir.

***
Bu arada Gümrü hərbi bazasının şəxsi heyətinin 1000 nəfər ixtisar edildiyi haqda xəbər yayılıb. Erməni mənbələri hərbi bazaya yaxın mənbələrə istinadən yazıb ki, ixtisar bu ilin əvvəlində bazanın hərbi qulluqçusu Valeri Permyakovun 7 nəfərlik erməni ailəsini güllələməsindən sonra aparılıb.
Belə ki, Rusiyadan gələn xüsusi komissiya əsgərlərdə psixoloji çatışmazlıqları aşkarlamaq, ümumiyyətlə, onların başqa ölkədə hərbi xidmətə yararlı olub-olmadığını aşkarlamaq üçün bazanın bütün hərbi qulluqçularını yoxlamadan keçirib. Nəticədə onların bir hissəsinin Ermənistanda xidmət eləməsi yararsız sayılıb. Həmin hərbçilər öz xidmətlərini davam eləməsi üçün Rusiyanın başqa ordu hissələrinə köçürülüblər.
Onu da qeyd edək ki, məlum qətl hadisəsindən sonra KİV-lər belə bir xəbər də yaymışdılar ki, 102 saylı bazanın heyəti bundan sonra yalnız kontraktçlılar (muzdlular) hesabına komplektləşdiriləcək. Bu barədə interfax.ru özünün Rusiya Silahlı Qüvvələri Baş Qərargahındakı mənbəyə istinadən məlumat vermişdi. Lakin Baş Qərargahın nümayəndəsi bildirmişdi ki, bununla bağlı qərar hələ ötən il qəbul edilib və məsələnin Gümrüdəki faciəyə heç bir dəxli yoxdur.

Əslində də belədir - Rusiya muzdlu ordu yaratmağa Permyakov olayına görə qərar verməyib - daha qlobal səbəblərdən buna gedib. Bu qərar, həmçinin yaxınlarda yaradılan və xarici ölkələrdə istifadə edilməsi nəzərdə tutulan Çevik Hərbi Qüvvələr qat-qat geniş kontekstdə, özəlliklə də Qərbə qarşı regionda daha güclü və etibarlı qarşılıq yaratmaq kontekstində verilib.
Rusiya eyni işi Krımda, Gürcüstanın işğal edilmiş ərazilərində (Abxaziya, Cənubi Osetiya) və Donbasda həyata keçirir. O ayrı məsələ ki, sanksiyalar və büdcə defisiti altında sıxılan Kremlin buna maliyyə imkanları bəs edəcəkmi?
***
Hələlik Rusiyanın davranışından belə bir sıxıntı keçirdiyi duyulmur. Əksinə, Moskva hərbi-sənaye kompleksini inkişaf etdirib, daha çox ölkəyə silah-sursat satmağı düşünür. Kremlin Azərbaycana da silah ixracında maraqlı olmasının baş səbəblərindən biri elə budur, nəinki Azərbaycanı Ermənistan qarşısında birtərəfli qaydada gücləndirmək məramı.
Rusiya rəsmiləri bunu gizlətmirlər də. Məsələn, ötən il Azərbaycana silah satışının Ermənistanda və onun siyasi dairələrində ciddi narahatlıq doğurması fonunda bu ölkənin oradakı səfiri İvan Volınkin ermənilərin “ağzından vuraraq” demişdi ki, “burada siyasət-filan axtarmağa ehtiyac yoxdur, söhbət sırf kommersiyadan gedir”.

Müxtəsəri, Rusiyaya pul lazımdır ki, hərbi islahatları, o sırada peşəkar orduya keçidi təmin edə bilsin, “Yaxın xaric” ölkələrini hərbi təhdid altında saxlamaqda davam eləsin, kosmos ölkəsi kimi öz imicini qorusun.
***
Təbii ki, Rusiyanın bu və başqa planları, o cümlədən həmsərhəd bölgələrdə möhkəmlənmək planlarını Qərb, ABŞ, NATO diqqətlə izləyir. Paralel surətdə Kremllə dialoq şansları diqqətdə saxlanılır, çünki hər necə olmasa, Rusiya dünyanın ən çox nüvə başlıqlarına malik dövlətidir və Qərb bunu həmişə ciddiyə alır.
Təsadüfi deyil ki, uzun müddət Almaniyanın NATO-dakı səfiri işləyəndən sonra bu həftə ölkəsinin Ankaradakı səfiri işləmək üçün Brüsseli tərk etməyə hazırlaşan Martin Erdman bəyan edib ki, alyans Rusiya ilə dialoqu bərpa etməkdə maraqlıdır. “Lakin bu, Rusiyanın sonrakı davranışlarından asılı olacaq” (Virtualaz.org).
Alman diplomat DPA agentliyinə müsahibəsində Rusiyanın siyasətində dəyişiklik baş verərsə, dialoqun bərpa oluna biləcəyini bildirib. Səfirin sözlərinə görə, bu, Rusiyanın Ukraynanın şərqində separatçıları dəstəkləməsindən tutmuş Minsk yol xəritəsinə riayət etməsindən, həmçinin regiondakı digər mümkün addımlarından asılı olacaq.
“Region isə çox genişdir. Bir tərəfdən Qara dənizin şimal sahili var. Eyni zamanda Qara dənizin cənub sahilində Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya regionları ətrafında münaqişə nəzərə alınmalıdır. Və Moldovanın Dnestryanı bölgəsində və beynəlxalq hüquq normalarına görə Azərbaycana məxsus olan, ancaq Ermənistan tərəfindən nəzarət edilən Dağlıq Qarabağ regionlarında dondurulmuş münaqişələr var. Bütün bu münaqişələrdə Rusiya mühüm rol oynayır. Sual yaranır: Rusiya gələcəkdə özünü bu münaqişə zonalarında necə aparacaq?” - deyə səfir bildirib.
***
Əsas sual da budur. Onun cavabı Kremlin ilk növbədə Ukrayna məsələsinə münasibətindən asılı olacaq. Əgər rusiyalı deputat Yevgeni Fyodorovun dediyi kimi olsa, o zaman postsovet məkanındakı münaqişələrin həllinə Moskvadan konstruktiv yanaşma gözləməyə dəyməz.
Deputat deyib ki, “Donbas savaşı Ukrayna və Rusiya vahid dövlətdə birləşənə qədər davam edəcək” (axar.az). Onun sözlərinə görə, Rusiya və Ukrayna vahid dövlət olmalıdır: “Mən Rusiyanın tərkibinə girməyi söyləmirəm, Rusiya ilə vahid dövlətin yaradılmasının zəruriliyini deyirəm. Yəni bir millət - bir dövlət olmalıdır”.
Deputat əlbəttə ki, təvazökarlıq edir. Çünki Kreml tək Ukraynanı deyil, postsovet ölkələrinin hamısını özünün dominant olacağı vahid dövlətdə görmək istəyir. Putinin Avrasiya layihələri elə buna hesablanıb.
Cia.az
