|
Türkiyə türkmənləri, ABŞ isə kürdləri dəstəkləyir

Ankara PKK-ya qarşı əməliyyatları uzadır, Suriyanın şimalında İŞİD-dən təmizlənən bölgə uğrunda rəqabət etnik qarşıdurmanı dərinləşdirə bilər 

Türkiyənin PKK və İŞİD-ə qarşı antiterror əməliyyatlarının bir həftəsi tamam oldu. Ötən həftənin sonlarından başlayaraq Ankara həm ölkə daxilində, həm də sərhədlərdən kənarda hər iki terror təşkilatına qarşı əməliyyatlar keçirir. Ölkə daxilində terror təşkilatı üzvləri həbs olunur, eləcə də Suriya və İraq ərazilərində PKK və İŞİD mövqeləri havadan bombalanır.


Ötən gün Türkiyə Silahlı Qüvvələrinə məxsus  F-16 qırıcıları İraq ərazisində PKK nöqtələrini vurmaq üçün 80 uçuş həyata keçirib. Türkiyənin şərq vilayətlərində PKK terrorçuları Türkiyə ordusu və polis nəfərlərinə hücumları intensivləşdirib. Son olaraq daha 2 polis əməkdaşı hücuma məruz qalaraq öldürülüb.  

Bütün bunların fonunda PKK-ya qarşı əməliyyatlar AKP ilə kürdlərin partiyası HDP arasında gərginlik artıb. Prezidentin və hökumət rəsmilərinin HDP liderləri barəsində PKK ilə əməkdaşlıq ittihamlarından sonra Baş Prokurorluq HDP və onun liderləri barəsində araşdırmalara başlayıb. Hətta media HDP-nin bağlanmasının gündəmə gələ biləcəyini yazıb.
 
 
 
 
Barəsində PKK ilə əməkdaşıq ittihamları olan HDP sədri Səlahəddin Dəmirtaş isə Almaniyanın ZDF kanalına verdiyi müsahibədə PKK ilə bağlarının olmadığını və bunu Ərdoğanın da bildiyini deyib. Onun sözlərinə görə, prezidentin bu sözləri onun barəsində fikri formalaşdırmaq məqsədi güdür. Dəmirtaş deyib ki, onu və partiyasının digər üzvlərini PKK ilə əlaqələndirmək HDP-nin növbəti seçkilərdə səslərinin 13 faizdən (son seçkidəki nəticə) aşağı salınmasına hesablanıb. Eyni zamanda o iddia edib ki, HDP liderlərinin Qəndil və İmralı görüşləri AKP-nin məlumatı olduğu halda həyata keçirilib. Dəmirtaş ÖPKK-nın zorakılıqlarını dəstəkləmədiklərini deyib. Eyni zamanda Dəmirtaş PKK-ya müraciət edərək silahı yerə qoymağa çağırıb. 

Ancaq rəsmi Ankaranın mövqeyindən belə görünür ki, hökumət bu tezliklə PKK ilə atəşkəsə getməyə hazırlaşmır. Hava zərbələri ilə ağır itki verən PKK liderləri atəşkəsə razı kimi görünsələr də, Ankara indi terror təşkilatına daha ağır zərbə vurmaq Türkiyə daxilində və xaricdəki dayaqlarını məhv etməyə çalışır. Bu isə müəyyən bir zaman alan əməliyyat olacaq.

Bu arada məlum olub ki, ABŞ hökuməti Türkiyənin İncirlik hava bazası vasitəsilə Suriyanın şimalında kürdlərin YPG silahlı qruplaşmasının İŞİD-ə qarşı əməliyyatlarını dəstəkləyəcək.
 
 
Bununla bağlı bir neçə gün əvvəl Dövlət Departamentinin rəsmi sözçüsü, admiral Con Kirbinin açıqlamasını Türkiyə hökuməti təkzib etmişdi. Türkiyə XİN sözçüsü Tanju Bilgic bildirmişdi ki, Kirbinin açıqlaması Vaşinqton-Ankara danışıqlarında yer almayıb. 
Ancaq ötən gün Dövlət Departamentinin rəsmi sözçüsünün müavini Mark Toner jurnalistlərin bu mövzuda suallarına cavab olaraq C.Kirbinin fikirlərini təsdiqləyib. M.Toner deyib ki, ABŞ hərbi aviasiyası Suriyada YPG-yə yardım edəcək, ancaq əlavə edib ki, YPG ilə yanaşı İŞİD-ə qarşı savaşan digər silahlı qruplara da havadan dəstək veriləcək: “YPG suriyalı kürdləri təmsil edir, amma sadəcə onlar deyil, həmçinin suriyalı ərəblərə də dəstək veriləcək”.
 
 
Türkiyə mətbuatı isə yazıb ki, Türkiyə və ABŞ Suriyanın şimal-qərbində Əziz və Cerablus məntəqələri arasındakı bölgənin İŞİD-dən təmizlənməsi məsələsində razılaşıb. Belə ki, əməliyyatlar nəticəsində koalisiya aviasiyası bölgədən İŞİD-in təmizlənməsinə dəstək verəcək. Bundan sonra isə bölgədə YPG-nin deyil, Suriyanın konstruktiv müxaliflərinə məxsus silahlı birləşmələr nəzarəti təmin olunacaq. Bu qüvvələrin böyük bir qismini isə Suriya türkmənləri təmin edəcək. Bununla da sərhəd bölgəsində Ankaranın da narahatlığına səbəb olan YPG-nin birmənalı hakimiyyətinə imkan verilməyəcək. 
 

Hazırda Əziz və Cerablus arasında təxminən 120 km məsafə var. PYD rəhbərlərindən İdris Nahan hazırda qruplaşmanın Cerablusa doğru hərəkət etdiyini bildirib. Bu xəttin bütövlükdə kürdlərin əlinə keçməsi Türkiyənin marağına cavab vermədiyi üçün Ankara hər vəchlə bu plana mane olmağa çalışır. 
 
Suriya Türkmən Məclisinin rəhbəri Əbdürrəhman Mustafa isə "əl-Cəzirə" kanalına türkmənlərin bölgədə öz yurdlarını qoruduğunu bildirib. Hazırda savaşın türkmən bölgələrində getdiyini deyən Ə.Mustafa YPG-nin kürdlərə qarşı etnik təmizləmə aparacağından narahat olduqlarını deyib. 
 
Belə məlum olub ki, Ankara hazırda bölgədə türkmənlərə dəstək vermək, 5 min nəfərlik türkmən ordusu yaratmaqla Suriyanın şimalında əsas gücə çevirmək istəyir. Bunun üçün Ankaranın bri sıra addımları atdığı qeyd olunur. Eyni zamanda o da məlum olub ki, ABŞ və Türkiyə hökumətinin suriyalı mülayim müxalifət qruplarını silahlandırmaq üçün təşkil etdiyi “təlim-təchiz” proqramı iflas edib. 

Cia.az