Mehman Əliyev: “Prinsipcə, bu, demokratiyaya, yeni dünyaya açılmağa dəvətdir”; Fəzail Ağamalı: “Dünya ABŞ prezidentinin sözü ilə oturub-durmur”
ABŞ prezidenti Barak Obama Afrika qitəsinə səfərinin son günündə, konstitusiya ilə ayrılmış müddətindən sonra da postunu tərk etmək istəməyən prezidentlərə xəbərdarlıq edərək deyib ki, “heç kəs ömürlük prezident olmamalıdır”.
Efiopiya paytaxtında etdiyi çıxışda cənab Obama belə bir sual verib: “Mən başa düşə bilmirəm ki, adamlar, xüsusən də bu qədər pulları ola-ola niyə daha uzun müddətə hakimiyyətdə qalmaq istəyirlər?” AzadlıqRadiosunun məlumatına görə, təhlilçilər bildirirlər ki, prezident çıxışında yalnız Burundidəki seçkiləri qeyd etsə də, əslində onun xitabı bütün dünya boyunca prezidentlik müddətlərini uzadan bütün dövlət başçılarına ünvanlanıb.
“Turan” agentliyinin direktoru Mehman Əliyev “Yeni Müsavat”a dedi ki, Obama birinci dəfə deyil belə fikirləri dilə gətirir: “Vaxtaşırı bu cür bəyanatlar olur. 2012-2013-cü illərdə də oxşar fikirlər səslənmişdi. O zaman demişdi ki, mən ABŞ-ın, superdövlətin prezidentiyəm, amma iki dəfədən artıq prezident ola bilmirəm, niyə başqaları ola bilər? Ona görə də üçüncü dəfə seçilməyə Qərbdə pis baxılır. Bu fikrin növbəti dəfə səslənməsi hamıya mesajdır, istər Afrika, Asiya, ya başqa qitələr olsun. Bununla hamıya səslənir ki, ”daha demokratik olun". Burada daha çox demokratiyadan söhbət gedir. Çünki bir şəxs 3-4 dəfə prezident olanda artıq avtoritarizm olur.

Bu çağırış daha çox ona hesablanır". Ekspert güman etmir ki, ABŞ prezidentinin fikirləri yeni inqilablar üçün bir stimul rolunu oynayacaq: “Sadəcə, yada salır ki, bundan əl çəkmək lazımdır. Prinsipcə, bu, demokratiyaya, yeni dünyaya açılmağa dəvətdir”.
Bəs bu çıxışdan sonra “ərəb baharı”nın ardınca “Afrika baharı”nı gözləməyə dəyəmi? M.Əliyev: “”Afrika baharı" onsuz da baş verir. Qana, CAR, Mozambik, Misir, Efiopiya kimi ölkələr bizdən xeyli demokratikdir. Biz hələ ki Nigeriyaya, Somaliyə daha çox bənzəyirik. Keniyanın özündə normal seçkilər keçirilir. Özü də Afrika ölkələri bu gün çox cəlbedici bir regiondur və demokratik ölkələrdə böyük inkişaf da var. Ona görə də Afrikada dəyişikliklər, inqilablar, bahar prosesləri həmişə gedib. Hətta Afrikanın bəzi ölkələri bizi qabaqlayıb. Vaxtilə biz onları lağa qoyurduq ki, “Afrika deyilik”. Ancaq fakt odur ki, demokratik duruma görə bu gün orda bizdən xeyli qabaqda olan ölkələr var".

AVP sədri, deputat Fəzail Ağamalı isə bildirdi ki, ABŞ prezidentinin sözləri sıradan deyilmiş bir fikirlərdir:“Dünya ABŞ prezidentinin sözü ilə oturub-durmur. Hər bir ölkənin özünün tutduğu yol, seçimi var və xalqının iradəsinə söykənərək, tutduğu yola uyğun olaraq addımlarını atır. Bəli, prezidentlər iki dəfədən artıq seçilə bilməz, bu, Obamanın fikridir. Ancaq bu, ABŞ qanunvericiliyində təsbit olunub və Amerikaya aiddir. Amma ayrı-ayrı ölkələrin qanunvericiliyində digər yanaşmalar da var. Azərbaycan xalqı 2009-cu ildə ümumxalq referendumu ilə bir nəfərin iki dəfədən artıq seçilməsi ilə bağlı qoyulan məhdudiyyəti aradan götürdü. Lakin bu məhdudiyyətin götürülməsi o demək deyil ki, bir adam 10 dəfə seçilə bilər. Bu, xalqın iradəsindən asılıdır. Əgər ölkə prezidenti iki dəfə seçilərək, xalqın etimadını qazanaraq, qarşıya qoyulan hədəflərə, məqsədlərə dövlət başçısı kimi çatırsa, xalqın iradəsini reallaşdıra bilirsə, xalq onu üçüncü, ya dördüncü dəfə seçirsə, onda xalq ittiham olunmalıdır ki, sənin seçimin niyə belədir? Əgər xalq seçirsə, prezident seçilir, yox, xalq seçmirsə, prezident heç bir dəfədən də artıq seçilmir. Ona görə də bu cür yanaşmalara mənim tamamilə başqa cür münasibətim var.
Digər tərəfdən, elə ölkələr var ki, orada parlamentli respublikadır və bəzi partiyalar on ildən çoxdur hakimiyyətdədir. Elə götürək qardaş Türkiyəni. 10 ildən çoxdur xalqın səsini qazanır. Yaxud Almaniya kansleri Merkel Obamanın sözündən sonra hakimiyyətdən imtina etməlidir? Ona görə də mən Obamanın bu fikrinə sıradan bir fikir kimi yanaşmağa üstünlük verirəm".
Cia.az
