|
Sterliqov Şuşadan İnterpolun axtarışına verilməsindən danışdı

Azərbaycan XİN: “O, erməni havadarlarının əsassız tövsiyələri ilə beynəlxalq hüququ təhrif etməyə cəhd göstərir”

Dağlıq Qarabağa köçən qalmaqallı rus milyonçusu German Sterliqov Azərbaycan tərəfindən İnterpol xətti ilə haqqında beynəlxalq axtarış elan edilməsinə reaksiya verib. Modern.az saytı xəbər verir ki, Sterliqov sosial şəbəkələrdəki şəxsi səhifələrində rəsmi Bakıya meydan oxuyub.

“Azərbaycan qanunvericiliyi ölkə ərazisində cinayət törədən şəxslərin beynəlxalq, o cümlədən İnterpol xətti ilə axtarışa verilməsinə yalnız o halda icazə verir ki, ”cinayətkar şəxs" ölkə hüdudlarından kənarda olsun. Azərbaycan tərəfi rəsmən elan etdi ki, “German Sterliqov Dağlıq Qarabağ ərazisindədir” və paralel olaraq məni İnterpol xətti ilə axtarışa vermək üçün müraciət etdilər. Beləliklə, Azərbaycan dövlət səviyyəsində Dağlıq Qarabağın Azərbaycan ərazisi olmadığını etiraf etdi". 
Qeyd edək ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu German Sterliqov barəsində dövlət sərhədini qanunsuz keçərək Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizə gəlməsinə və dövlət əleyhinə yönələn açıq çağırışlar etməsinə görə Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlayıb, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.
 
 
XİN-in mətbuat katibi Hikmət Hacıyev “Yeni Müsavat”a bildirdi ki, Sterliqov beynəlxalq hüququn əsl mahiyyətini təhrif edir: “O, erməni havadarlarının əsassız tövsiyələri ilə, savadsızcasına beynəlxalq hüququ təhrif etməyə cəhd göstərir. Sterliqov barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən açılmış cinayət işi əsasında seçilmiş həbs-qətimkan tədbiri və bu əsnada onun İnterpol vasitəsilə axtarışa verilməsi ilk növbədə bu şəxsin bilavasitə hərəkət etdiyi Ermənistan-Rusiya istiqamətlərini ehtiva edir və burada İnterpolun rəsmən üzvü olan digər ölkələr də istisna deyil. Yəni İnterpol vasitəsilə axtarış verilərkən İnterpolun üzvü olan və BMT tərəfindən tanınan dövlətlərdən söhbət gedir. Sterliqov və onun ”erməni hüquqşünasları" yəqin ki, İnterpolun hüquqi statusundan bixəbərdirlər, ya da özlərini bilməməzliyə vurublar. Sterliqov Rusiya vətəndaşıdır və RF İnterpolun tam hüquqlu üzvüdür. 
 
Odur ki, onun İnterpol vasitəsilə beynəlxalq axtarışa verilməsi tam hüquqi və məntiqlidir. İkincisi, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və digər əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Beynəlxalq hüquqda, o cümlədən beynəlxalq humanitar hüquqda işğalçı dövlətin işğal olunmuş ərazidə məsuliyyəti məsələsi də aydın şəkildə ifadə olunur. Əslində beynəlxalq hüquqdan çıxış etsək, əgər Ermənistan beynəlxalq hüquqa riayət edən ölkə olsaydı, işğalçı ölkə olsa belə, Sterliqovu saxlamalı və onu müvafiq prosedur qaydalar əsasında İnterpola təhvil verməlidir. Amma təbii ki, heç bir beynəlxalq öhdəliyə məhəl qoymayan Ermənistandan belə bir hüquqi addımı gözləmək çətindir". 
Cia.az