|
Şirməmməd Hüseynov Rəsulzadəyə görə məmurları qınadı
“Məhəmməd Əmin Rəsulzadənin əsərlərinin 5 cildi prezident sərəncamı ilə ”Təhsil" Nəşriyyatında çap olunub. Bunu da görmək lazımdır. Yazmaq lazımdır ki, prezidentin sərəncamı ilə “Təhsil” Nəşriyyatı Məhəmməd Əmin Rəsulzadənin əsərlərinin 1,2, 3,4,5-ci cildini Mədəniyyət Nazirliyinin sifarişi ilə çap edib və pulsuz-parasız kitabxanalara paylanacaq. Onu da yazmaq lazımdır ki, ay Gəncədə oturan şəxs, sənin bundan xəbərin var, ya yox? Sən Rəsulzadənin başına çuval keçirirsən, amma sənin prezidentinin sərəncamı ilə onun əsərlərinin 5 cildi bir il ərzində çap olunub xalqın ixtiyarına verilir". 
Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mahir araşdırmaçısı, professor Şirməmməd Hüseynov bu fikirləri “Yeni Müsavat”a açıqlamasında söylədi. Gəncədəki istirahət parkında Cümhuriyyət qurucusu Məhəmməd Əmin Rəsulzadənin büstünün başına torba keçirilməsinə və iki ildən artıqdır bu biabırçılığa son qoyulmamasına kəskin reaksiya verən ağsaqqal təhqiqatçı məmurları prezidentdən nümunə götürməyə çağırdı: “Artıq həmin 5 cildlik kitab bizim fakültəmizdə var. Özü də kitabın üstündə yazılıb ki, Azərbaycan prezidentinin Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi ilə əlaqədar sərəncamı əsasında çap olunub. Bu, prezidentin mövqeyi, sən də Gəncədə belə işlə məşğulsan”. 
 
Ş.Hüseynov daha sonra bunları söylədi: “Bəzən deyirlər Məhəmməd Əmin Rəsulzadə niyə heç bir vəzifə sahibi olmadı? Məhəmməd Əmin deyirdi ki, biz bu dövləti qurduq, amma bu dövlətin məmurlarını hələ hazırlamamışıq, buna uzun müddət lazımdır. Dövlət məmurlarının əksəriyyəti Nikolay vaxtından olan məmurlar idi. Onların da böyük qismi rüşvətə, yalana, oğurluğa öyrənib. Deyir, mən vəzifə tutsam, onlar bizim qoyduğumuz qaydalara əməl etməyəcəklər, əksəriyyəti köhnədən qalan məmurlardır, mən də onlarla ortaq ola bilmərəm. Deyirdi ki, onlarla vaxtilə administrasiyada işləyənlər daha yaxşı bacarar, Fətəli xan Xoyski, Topçubaşov, Xasməmmədov daha yaxşı bilər. Onlar Nikolayın vaxtında işləyənlərdir, hüquqşünaslardır. Deyirdi onların öhdəsindən bunlar gələ bilər, çünki onları daha yaxşı tanıyırlar. Ona görə də heç bir vəzifə tutmadı ki, sonra deməsinlər sənin vəzifə tutduğun yerdə gör camaat nə işlə məşğuldur. Gedib hamının yanında durmayacaq ki. 1919-cu ilin dekabrında Müsavatın 2-ci qurultayı oldu, bütün rayonlardan, qəzalardan gələn müsavatçılar 10 gün ərzində çıxışlar etdilər. Məsələn, Şəkidən Məmmədəli Xəlilzadə nə desə yaxşıdır? Deyib, rüşvətxorluq da edirlər, əxlaqsızlıq da. Hamısı məsələ qoyur ki, nə təhər edək Cümhuriyyətdə düzlük olsun, bu məmurlardan canımızı qurtaraq? Onunçün də gərək ali məktəb, təhsil olsun. Ona görə də universitet yaratdılar ki, Cümhuriyyət öz kadrlarını hazırlasın”.       
 
Ş.Hüseynov əlavə etdi ki, biz ikinci dəfə müstəqilliyimizi elan etsək də, hələ bu müstəqillik illəri əsl kadrlar yetişdirməyib: “Əksəriyyəti sovet dövründən qalan rüşvətxorlardır. Müsavat, Cümhuriyyət düşmənləridir. Onların təfəkkürləri hamısı... Bizi idarə edənlər köhnə kommunistlərdir. Mən özüm də köhnə kommunistəm də... Biz gərək bilək ki, hələ 23-24 il çox zaman deyil. Bizim Avropa səviyyəli məmurlarımızın olması üçün 5-6 nəsil dəyişməlidir. Rəsulzadəyə münasibət də ordan irəli gəlir. Vaxtilə bizim hamımıza deyiblər ki, Müsavat, Rəsulzadə düşmən olub. Başımıza yeridiblər də. İndi Rəsulzadənin başından o torbanı çıxartmırlar. İkinci baxırlar ki, bu ölkəni idarə edənlərin onlara münasibəti necədir. İnsafən, prezident İlham Əliyev bizi qəbul edəndə dedi ki, bizim ən böyük müstəqillik günümüz 28 Maydır. Məhəmməd Əminin də, Fətəli xan Xoyskinin də adını çəkdi. 130 illiklə bağlı sərəncam da verdi. Amma yerdə qalanlarda düşmənçilik qalırdı. Bu, hardasa ”KQB"-dən gələn bir şeydir. Amma hər şey təkamüllə olmalıdır. Cümhuriyyət öz kadrlarını yetişdirməlidir - namuslu, qeyrətli. Bunun üçün gərək ilk növbədə iqtisadiyyat düzələ. Yəni tərəqqi. Bunun üçün də dinc atmosfer lazımdır, qızışdırmaq yox. İmkan vermək lazımdır ki, camaatın işlə başı qarışsın, demoqogiya, intriqa ilə, populizmlə yox. Bizə elə gəlir ki, hakimiyyətdə olanları sancmaqla iş düzələcək. Elə şey yoxdur. Gərək hakimiyyətdə olanların yaxşı işini də görəsən, onu təbliğ edəsən və çalışasan, başını sığallayasan ki, elə işlər çox olsun. Nəinki əsəbiləşdirib özünə düşmən edəsən".
Cia.az