|
“Faktlar reallığı əks etdirmir”

“Biz sual verdik, nazirlər cavablandırdılar, bununla məsələ bitmir. Elə məsələlər var ki, onlarla bağlı verdiyimiz suallara cavab ala bilmirik. Burada bizə təqdim olunan, verilən faktlar reallığı əks etdirmir”.

“Qafqazinfo” xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini deputat Siyavuş Novruzov büdcə müzakirələri zamanı belə deyib. O qeyd edib ki, büdcə müzakirələri yaxşı keçib. Amma müzakirələrin formatı düzgün deyil: “Hesab edirəm ki, bu müzakirələr debat şəklində olmalıdır. Burada deyilən faktlar reallığı əks etdirmədiyinə görə, gələn il büdcə və hökumətin hesabatı zamanı müzakirələri hissə-hissə aparmalıyıq. Deputatların bir hisssəsi danışmalıdır. Sonra hörmətli nazirlər bunlara cavab verməlidirlər. Vəziyyətin necə olduğunu açıqlamalıdırlar. Ondan sonra isə digər deputatlar çıxış etməlidir. Bəlkə hansısa deputatın nazirinin çıxışından irəli gələn məsələlərə münasibət bildirəcək, təklif verəcək. Bizim belə bir formata keçməyə ehtiyac var”.

Spiker Oqtay Əsədov bildirib ki, büdcə parlamentdə müzakirəyə çıxarılmamışdan əvvəl Milli Məclisin komitələrində müzakirə olunur və orada bütün nazirliklərin nümayəndələri iştirak edir: “Hörmətli Siyavuş müəllim , komitələrdəki müzakirələr günlərlə davam edir. Həmin müzakirələrdən sora büdcə Milli Məclisə gəlir. Sizin dediklərinizi həyata keçirmək üçün gərək bütün nazirliklər burada iştirak etsin. Biz deputatlar nazirlərin məsələsini qaldırmalı deyilik. Onlar özləri məsələ qaldırmalıdırlar ki, niyə görə bu məsələ var. Nazirlər özləri işləməlidirlər. Biz hamının işini öz boynumuza götürməli deyilik. Müzakirələrin debat formasında olması fikri ilə razıyam. Amma debat komitələrdə olur, plenar iclasda debat açmalı deyilik”.