Baş Prokurorluğun barəsində cinayət işi qaldırdığı rus milyarder İnterpol xətti ilə axtarışdadır; ekspert Moskvaya yox, beynəlxalq təşkilatlara ümid etməyi zəruri sayır
İşğal altındakı Şuşa şəhərində qanunsuz olaraq məskunlaşan və bununla da Azərbaycan qanunlarını pozan rusiyalı milyarder German Sterliqovun növbəti dəfə sərsəmləməsinə, Cıdır düzündə fotolar çəkdirib yaymasına, bura ilə bağlı planlarına Azərbaycanın müvafiq qurumlarından növbəti reaksiyalar verilib.
Rəsmi məlumata görə, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində “German Sterliqov Şirkətlər Qrupu”nun Direktorlar Şurasının rəhbəri German Sterliqov və digərlərinin Azərbaycanın dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı istintaq davam etdirilir.
İttiham üçün kifayət qədər sübutlar toplanıldığından iyulun 28-də Nəsimi Rayon Məhkəməsində German Sterliqov barəsində həbs-qətimkan tədbiri seçilməsi və beynəlxalq axtarışa verilməsi barədə qərar qəbul edilib.
Hazırda onun tutulub istintaqa cəlb edilməsi üçün İnterpolun Azərbaycan Milli Mərkəzi Bürosu tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri keçirilir.
Qeyd edək ki, rusiyalı iş adamı German Sterligov iyulun 4-də qanunsuz olaraq Azərbaycanın separatçı bölgəsi Dağlıq Qarabağa gedib və 13 iyulda Şuşada mətbuat konfransı keçirib, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün əleyhinə çıxış edib.
O, kənd təsərrüfatı ilə məşğul olmaq niyyətində olduğunu bildirib. Eyni zamanda Qarabağın müstəqilliyini dəstəklədiyi və Azərbaycanın fikrinin onu maraqlandırmadığı barədə bəyanat səsləndirib. German Sterliqov Rusiyadakı ilk əmtəə birjasının təsisçilərindən biridir.
Məlumata görə, onun adı millətçilərin birləşdiyi BORN təşkilatına qarşı cinayət işində hallanır.
Moskva məhkəməsi iyulun 24-də bu təşkilatın lideri İlya Goryaçyevi ömürlük həbs cəzasına məhkum edib.
33 yaşlı Goryaçyev 2010-cu ildə hakim Eduard Çuvaşov, 2009-cu ildə rusiyalı antifaşist fəal Stanislav Markelov, tacik və azərbaycanlı miqrantın qətlində təqsirli bilinib.
Ən təəccüblüsü isə Rusiya hüquq-mühafizə orqanlarının adı cinayət işində hallanan, üstəlik, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirən hərəkətlərinə hüquqi qiymət verməyə tələsmir. Üstəlik, rus motosikletçilərinin işğal olunmuş ərazilərə gəlməsi xəbəri də yayılıb. Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi vasitəsilə Rusiyadan olan bir qrup motoskiletçinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfəri məsələsi araşdırılır. Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, işğal olunmuş Azərbaycan ərazilərinə qanunsuz səfər “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun və Miqrasiya Məcəlləsinin pozulmasıdır: “Bu kimi əməllər, eləcə də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyinə, Ermənistanın işğalı nəticəsində qanlı etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərə qarşı hörmətsizlikdir. Ermənistan və erməni lobbisinin təhriki və təsiri altında işğal olunmuş ərazilərə qanunsuz səfər edərək Azərbaycan xalqına qarşı törədilmiş işğal və qanlı etnik təmizləmənin təşviqinə xidmət edən bu kimi şəxslər daşıdıqları siyasi, hüquqi və mənəvi məsuliyyəti dərk etməlidirlər”. Lakin yenə Rusiyadan rəsmi reaksiya yoxdur.
Maraqlıdır, Azərbaycanın müvafiq qurumları rusiyalı həmkarları ilə Sterliqov məsələsi ətrafında müzakirələr aparırmı və Moskva Azərbaycanda barəsində cinayət işi qaldırılan vətəndaşını Bakıya təhvil verərmi? Yeri gəlmişkən, Gümrüdə bir ailəni qətlə yetirən rus hərbçisi Permyakov məhz erməni xalqının davamlı tələblərindən sonra İrəvana təhvil verildi və məhkəmə prosesi də Ermənistanda keçiriləcək. Düzdür, hazırda Sterliqov Rusiyanın hüdudlarından kənardadır. Lakin bu da faktdır ki, o, iyulun ortalarında nümayişkaranə şəkildə Moskvaya getdi və daha sonra heç bir müqavimətlə üzləşmədən Qarabağa döndü. Deməli, Sterliqovun Şuşada məskunlaşmasında Rusiyadakı müəyyən dairələrin də marağı var. Əks təqdirdə, Rusiya hakimiyyəti bir düyməni basmaqla onu elə ermənilərin əli ilə Qarabağdan çıxara, yaxud məsuliyyətə cəlb edə bilər.
Azərbaycanın Baş Prokurorluğundan sorğumuza cavab olaraq bildirildi ki, rəsmi açıqlamadan kənar hər hansı şərh verilməyəcək.

Politoloq Arzu Nağıyev açıqlamasında Rusiyanın Azərbaycanın maraqlarını nəzərə alacağını düşünmədiyini vurğuladı: “Məlumdur ki, qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə gəlmiş Rusiya vətəndaşı German Sterliqovun hərəkətlərində Azərbaycan Cinayət Məcəlləsinin bir sıra maddələri ilə - dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan fakta görə 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb. Bundan başqa, ona qarşı Tel-Əvivdə yaşayan İsrail vətəndaşı Milana Qorenşteynin böhtanla bağlı müraciəti əsasında Rusiyada da cinayət işi qaldırılıb. Yəni fakt ondan ibarətdir ki, onun haqqında artıq cinayət işi açılıb. İşğal olunmuş ərazilərə qanunsuz gələn hər bir vətəndaşa belə iş qaldırmaq mümkündür və onların hər biri Azərbaycan qanunlarını pozmuş hesab olunurlar. Bundan başqa, konkret Sterliqova gələndə o erməni təcavüzünü dəstəklədiyini bəyan edib və qondarma qurumun tanınması üçün bir sıra çağırışlar da edib. Məhz buna görə də onun haqqında belə bir iş açılıb”.
Onun Azərbaycana ekstradisiyasına gəldikdə isə A.Nağıyev dedi ki, bu, inandırıcı görünmür: “Onun siyasi baxışlarını, Azərbaycan və Ermənistan arasındakı müharibə şəraitini nəzərə alsaq, bunun mümkünlüyü minimuma enir. Düşünürəm ki, ilkin ibtidai istintaq araşdırmalarından sonra onun haqqında hər hansı qərar qəbul edilərsə, Rusiya hüquq-mühafizə orqanları ilə razılıq əldə edilərsə, İnterpola axtarışa verilməlidir, bu yolla hansısa müsbət nəticəyə gəlmək olar. Bundan başqa, Rusiyanın Dağlıq Qarbağ münaqişəsi ilə bağlı yürütdüyü bugünkü siyasət də önəmli rol oynayır. Düşünürəm ki, Sterliqova ancaq beynəlxalq qurumlar vasitəsilə təsir etmək lazımdır”.
Cia.az
