Rusiyaya bağlı generalların Avrasiya Hərəkatı yaratmasına hökumətin susqunluq göstərməsi ilginc reaksiyalar doğurdu
Natiq Miri: “İlqar Qasımov, Nəriman İmranov kimi adamlar burada ona görə arxayın hərəkət edirlər ki...”; Qabil Hüseynli: “Bu ideyanın xalqın dəstəyini azanması mümkün deyil...”
Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Nəriman İmranovun və Rusiyanın Ədliyyə Nazirliyinin keçmiş əməkdaşı, ikinci dərəcəli dövlət müşaviri İlqar Qasımovun Azərbaycanın bir qrup ictimai və siyasi xadimləri ilə birlikdə Azərbaycanda “Avrasiya Hərəkatı” yaratdığı barədə yazmışıq. Bu barədə təşəbbüs qrupunun üzvlərindən biri məlumat verib. Əsas məqsəd Putinin Avrasiya İttifaqı ideyasını ölkəmizdə populyarlaşdırmaqdır.
Bugünlərdə təşəbbüs qrupu hərəkatın rəsmi qeydiyyatı üçün Ədliyyə Nazirliyinə müraciət edib. Məlumat üçün bildirək ki, sovet KQB-sinin zabiti Nəriman İmranov 1993-cü ildə Milli Təhlükəsizlik Nazirliyinə başçılıq edib və 1994-cü ilin payızınadək nazir olub. MTN-in təcridxanasından Rəhim Qazıyevin, Ələkrəm Hümmətovun, Arif Paşayevin və Baba Nəzərlinin qaçırılmasından sonra Nəriman İmranov dövlətə xəyanətdə ittiham edilib. Azərbaycan Ali Məhkəməsinin Kollegiyasının qərarı ilə 1996-cı il, fevralın 12-də ölüm cəzasına məhkum edilib. Azərbaycanda ölüm cəzası ləğv ediləndən sonra İmranov Qobustan həbsxanasında ömürlük cəza çəkib. 2002-ci ildə Heydər Əliyevin fərmanı ilə əfv edilib.
2002-ci ildən Nəriman İmranov ictimai-siyasi fəaliyyətlə məşğul deyildi. Və onun gözlənilmədən Rusiya Ədliyyə Nazirliyinin generalı ilə siyasi səhnədə peyda olması böyük marağa səbəb olub. Eyni zamanda ortaya bir çox suallar çıxarıb. Bu suallardan biri isə budur ki, Azərbaycanda qərbyönlü olması ilə tanınan ictimai fəallara, QHT rəhbərlərinə hakimiyyət tərəfindən sərt münasibət sərgiləndiyi, onlar təqib olunduğu halda, Rusiyaya bağlı olduğu, sifarişlə hərəkət etdiyi haqda çoxsaylı məlumatlar olan tanınmış şəxslərin əl-qol açmasına, hərəkat yaratmaq qədər irəli getməsinə nədən loyal yanaşma müşahidə edilir? İlqar Qasımovla Nəriman İmranovun yaratdığı hərəkat cəmiyyət tərəfindən dəstək qazana bilərmi?
Bu barədə danışan Azərbaycan Milli Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Natiq Miri öncə bu iki şəxsin illərdir Rusiya xüsusi xidmət orqanlarının nəzarətində olduqlarını diqqətə çatdırdı: “Hər iki şəxs zaman-zaman konkret sifarişlər yerinə yetiriblər. Bu, birmənalıdır. Lakin onların nə qədər cəhd etsələr də cəmiyyətdən dəstək almaları mümkün deyil. Çünki Azərbaycan ictimaiyyəti arasında müsbət imicləri, hörmətləri yoxdur. Odur ki, İlqar Qasımovla Nəriman İmranovun hansısa hərəkat yaratmasını Azərbaycan üçün o qədər də böyük təhlükə hesab etmirəm. Bu adamların ikisi də ifşa olunmuş, cəmiyyət tərəfindən qəbul edilməyən insanlardır. Belə adamların ətrafında hər hansı ciddi təmərküzləşmənin, koalisiyanın yaranacağını düşünmürəm. Bunu təbii ki, Azərbaycanın xüsusi xidmət orqanları da bilməmiş deyil. Rusiyanın nəzarətində olan adamlara - ”5-ci kolon" nümayəndələrinə Azərbaycan hökumətinin qərbyönlü şəxslərdən fərqli olaraq sərt münasibət sərgiləməməsinə gəlincə, bu faktın özü bir daha göstərir ki, Azərbaycan hakimiyyətinin daxilində “5-ci kolon” var və onlar Rusiyanın sifarişi ilə hərəkətə keçən adamlara qarşı ciddi tədbirlər görülməsinə mane olurlar.
Buna görə də İlqar Qasımov, Nəriman İmranov kimi adamlar burada arxayın hərəkət edirlər, hətta o qədər arxayındırlar ki, yaratdıqları təşkilatın qeydiyyata alınması istiqamətində addımlar atırlar. Onlar Azərbaycan cəmiyyətində Putinin Avrasiya İttifaqı projesini, Azərbaycanın oraya daxil olmasını təbliğ etmək üçün təlimatlandırılıblar. Ancaq mən onların Azərbaycan ictimaiyyətinə təsir edə biləcəyini düşünmürəm. Qərbyönlü fiqurları Azərbaycan hakimiyyəti içində müdafiə edən güclü şəbəkə mövcud deyil. İlqar Qasımov və Nəriman İmranov kimi Rusiyanın birbaşa nəzarətində olan adamları isə hakimiyyət içində olan güclü şəbəkə həmişə qoruyur".
Politoloq Qabil Hüseynli də hesab edir ki, Kremldən qaynaqlanan Avrasiya İttifaqı layihəsinin təbliğatı üçün yaradılmış hərəkatın, ideyanın xalqın dəstəyini qazanması gözlənilmir: “Rusiya Qarabağ məsələsində ermənilərə təsir göstərməyəcəksə, Azərbaycan xalqı məlum hərəkata ”hə" deməz. Ermənistan işğalçılıq siyasətindən əl çəkməyəcəksə, onun ağası olan Moskva buna susqunluq nümayiş etdirəcəksə, sözügedən hərəkat ölkəmizdə dəstək qazanmayacaq. İkincisi, İlqar Qasımov möhkəm adam deyil və onun ipinin üstünə odun yığmaq olmaz, cəmiyyətdə də onun haqqında müsbət rəy yoxdur. Nəriman İmranov mərhum Heydər Əliyevin yaxın silahdaşlarından biri olub. Buna rəğmən o, Azərbaycanın təhlükəsizliyi ilə bağlı proseslərdə alver yaratmaq istəyirsə, bunu pisləyirəm. Güman edirəm ki, Abbas Abbasov kimi onun da addımları uğursuzluğa düçar olacaq".
Keçmiş müdafiə naziri Rəhim Qazıyev isə Nəriman İmranovun hərəkat yaratmasının Rusiyanın dəstəyi ilə baş verdiyini bildirib və İmranovu sərt tənqid eləyib. R.Qazıyev “Azadlıq” qəzetinə deyib ki, bütün bunlar Nəriman İmranovun ölənə kimi xidmət etməyə borclu olduğu Rusiya KQB-sinin qarşısında götürdüyü öhdəliklərlə bağlıdır: “Avrasiya Hərəkatının yaradılması təşəbbüsü Rusiyanın Nəriman İmranova sifarişidir. Mən buna qəti şübhə etmirəm. Nəriman İmranovun azadlığa çıxdıqdan 13 il sonra siyasi səhnədə görünməsini adı hadisə hesab etmirəm. Nəriman İmranovun bu iqtidara böyük məhəbbət bəslədiyi şübhə doğurur. Ona bəzi məqamları xatırlatmaq istəyirəm. Nəriman İmranov 1999-cu il dekabrın 31-də Bayıl təcridxanasının 128-ci kamerasında mənə təbrik ”ksiva"sı göndərdi. Təbrikdə onu da qeyd etmişdi ki, əfv fərmanı verilib və bu əfvlə azadlığa çıxmaqdansa burada ölmək daha şərəflidir. Həmin məktubda o, vaxtkı ölkə rəhbərliyinin ünvanına da sərt ifadələr işlətmişdi. Bu hadisədən 2 il sonra Heydər Əliyev Nəriman İmranovun ömürlük cəzasını 15 illə əvəz etdi. Mən həmin vaxt təsadüfən görüşdə idim və Nəriman İmranovun televiziyada minnətdarlıq çıxışını izləməli oldum. O, çıxışında Heydər Əliyevin əsgəri olduğunu və onun əmri ilə hara lazımdırsa getməyə hazır olduğunu bildirirdi. Nəriman İmranovun bu sözlərini eşitdikdə onun təbrik məktubunda yazdıqları gözümün önünə gəldi.
Nəriman İmranovun İlqar Qasımovla hər hansı hərəkat yaratması onun bu rejimə məhəbbətindən irəli gəlmir. Bu işlər Azərbaycana yaxşı heç nə vəd etmir. Nəriman İmranovun diqqətinə çatdırmaq istəyirəm ki, müxalifət olaraq yaşadığı ölkənin hakimiyyətinə qarşı mübarizəni açıq aparmaq lazımdır. Hansısa ölkənin sifarişilə yaşının bu ixtiyar vaxtında siyasət meydanına atılmaq vətənpərvərlik əlaməti deyil. Nəriman İmranov, sizin Heydər Əliyevə olan mövqeyinizi mən də bilirəm, siz özünüz də bilirsiniz. Ona görə 13 il susub kimlərinsə sifarişi ilə ölkədə qarışıqlıq salmaq vətənə xidmət yox, xəyanət əməlidir".
Cia.az
