Fəzail Ağamalı: “YAP belə bir taktika ilə seçkiyə qatılarsa, seçkilər daha dinamik, daha gərgin gedəcək”
1 noyabr parlament seçkiləri yaxınlaşdıqca siyasi partiyaların seçki taktikalarının necə olacağı maraq doğurur. Artıq hakim Yeni Azərbaycan Partiyası seçki taktikasının bəzi detallarını açıqlayıb. Hakim partiyanın icra katibinin müavini Siyavuş Novruzov və şöbə müdiri Aydın Mirzəzadə mediaya açıqlamalarında bildiriblər ki, əvvəlki parlament seçkilərindən fərqli olaraq builki seçkilərdə YAP partiya olaraq 125 dairənin hər birindən namizəd irəli sürmək niyyətindədir.
İndiyə qədər keçirilən parlament seçkilərində YAP təxminən 100 dairədən partiya olaraq namizədlə seçkiyə qatılırdı. Bir sıra dairələrdə namizəd irəli sürmürdü və həmin dairələrdə hakimiyyətə yaxın və ya loyallığı ilə seçilən partiyaların namizəd olan sədrlərinə ya dəstək verilirdi, ya da mane olunmurdu. Lakin indi belə görünür ki, 1 noyabr parlament seçkilərində YAP bu ənənəni pozmaq fikrinə düşüb. Odur ki, indiyə qədər seçkilərdə hakim partiyanın dəstəyini hiss edən bir sıra deputat partiya sədrlərinin işi bu dəfə bir qədər çətinləşə bilər, onlar YAP-ın namizədi ilə rəqib olaraq mübarizə aparmalı ola bilərlər.
YAP-ın 125 dairənin hamısından namizəd irəli sürəcəyi ilə bağlı yaranan vəziyyət barədə danışan hakimiyyətyönlü Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirdi ki, YAP-ın 125 dairənin hamısından partiya olaraq namizəd irəli sürməsi hakim partiyanın qarşıdan gələn parlament seçkilərində tətbiq etdiyi yanaşmadır. Buna hörmətlə yanaşmaq lazımdır. Çünki hər bir partiyanın seçkilərdə öz maraqları, tətbiq etdiyi taktika var: “Doğrudan da indiyə qədər keçirilən parlament seçkilərində YAP-ın dövlətçilik mövqeyində duran və bir sıra məsələlərdə YAP-la baxışları üst-üstə düşən, müttəfiqlik edən partiyalarla müəyyən anlaşmaları olurdu. Bu anlaşmalara əsasən müəyyən dairələrdə YAP tərəfindən namizəd irəli sürülmürdü. Ancaq indi qarşıdan gələn parlament seçkilərində fərqli yanaşma var. Hakim partiyanın icra katibinin müavini Siyavuş Novruzovun bununla bağlı açıqlamaları var və bu açıqlama kifayət qədər rəsmi açıqlama kimi qəbul edilməlidir. Mən buna hörmətlə yanaşdığımı qeyd edərək bildirmək istəyirəm ki, hər bir partiyanın özünün seçkilərdə öz yanaşması var və bunu hörmətlə qarşılamaq lazımdır. Baxaq görək, əgər doğrudan da YAP belə bir taktika ilə seçkiyə qatılarsa, əlbəttə, seçkilər daha dinamik, daha gərgin, daha ciddi mübarizə şəraitində gedəcək. Bu mübarizə şəraitində mən güman etmirəm 125 dairənin hamısını YAP götürə biləcək. O yerlərdə YAP qalib gələcək ki, həmin yerlərdə onlar daha nüfuzlu namizədlər irəli sürürlər, həmin şəxslərin həmin dairələrdə yetərincə nüfuzu var. Namizədin qalib gəlməsi partiyanın nüfuzu ilə bərabər, fərdin özünün həmin bölgədə hansı nüfuza, hansı imicə malik olmasından asılıdır. Bu, vacib şərtlərdən biridir”.

F.Ağamalı hesab edir ki, YAP parlament seçkilərində üstün mövqe nümayiş etdirəcək və mandatların böyük əksəriyyətini qazanacaq. Çünki hakim partiyanın resursları çox genişdir: “Ancaq digər partiyalardan olan nüfuzlu şəxslərin qalib gəlməsinə nikbin yanaşıram və düşünürəm ki, onların da qalib gəlmək şansları yetərincədir. Çünki onlar uzun müddətdən bəri seçilmiş olduqları dairələrdə xeyli iş görüblər, insanlarla işləyiblər, seçicilərin qaldırdığı məsələlərin həllində fəallıq göstəriblər, dövlət quruculuğunda, ölkənin daxili və xarici siyasətinin reallaşmasında fəallıq göstəriblər. Bütün bunlar, məncə, seçicilərin diqqət mərkəzində olacaq və onlar da bu seçkilərdən uğurla çıxa biləcəklər. Bir sözlə 1 noyabr parlament seçkiləri kifayət qədər maraqlı, gərgin mübarizə şəraitində keçəcək”.
F.Ağamalı namizədliyini hazırda deputatı olduğu 60 saylı Salyan seçki dairəsindən irəli sürmək niyyətində olduğunu açıqladı: “Artıq iki çağırışda həmin dairədən namizədliyimi irəli sürmüşəm və seçicilərimlə kifayət qədər iş aparmışam, onların problemlərinin həlli üçün işlər görmüşəm, seçicilərin qaldırdığı problemlərlə bağlı cənab prezidentə bir neçə dəfə müraciət etmişəm. Həmin müraciətlər müsbət qarşılanıb və məsələlərin yerinə yetirilməsi istiqamətində addımlar atılıb, prezident sərəncamlar imzalayıb. Eyni zamanda Salyanın işıq, yol, məktəb, qaz və digər problemləri ilə bağlı 4 dəfə baş nazir Artur Rəsizadənin qəbulunda olmuşam, ayrı-ayrı nazirlərlə görüşərək bu məsələlərin həlli üçün yetərincə fəallıq göstərmişəm. Əminəm ki, bütün bunlar hörmətli seçicilərin diqqətindədir və onlar bunu dəyərləndirirlər”.
Cia.az
