|
Moldovada “Cucuteni 2015” Beynəlxalq art-düşərgəsində Azərbaycan keramikaçıları

İyulun 13-25-də Moldovanın Orgeyev rayonundakı İvança kəndində keçirilmiş “Cucuteni 2015” I Beynəlxalq art-düşərgəsində Azərbaycan, Belarus, Moldova, Rusiya və Ukraynadan on səkkiz keramikaçı iştirak edib.

Tədbir Moldova Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Art Studio Picasso” yaradıcılıq atelyesinin təşəbbüsü ilə təşkil olunub.

Düşərgənin təşkilatçısı Anjela Yurkunun sözlərinə görə, tədbirin keçirilməsindən məqsəd Moldovanın və digər ölkələrin keramikaçı sənətkarları arasında təcrübə mübadiləsi, sənətin, milli dəyərin tərəqqisi, Kukuteni mədəni irsinin tədqiqi və ondan istifadə edilməsidir.

A.Yurku deyib: “Torpağımızda 5000-dən çox Kukuteni fiquru tapılıb. Bu, mütəşəkkil cəmiyyəti olan çox qədim sivilizasiyadır. Çox istərdim ki, bu barədə uşaqlarımızın da məlumatı olsun. Bu art-düşərgə məhz bu məqsədlə təşkil olunub”.

Tədbir zamanı keramikanın yandırılması üçün dulusçu sobası tikilib. Kukuteni mədəniyyətinin əsas rəngləri qırmızı, ağ və qaradır.

Düşərgənin işlədiyi iki həftə ərzində keramistika üzrə ustad dərsləri, keramika sərgiləri, uşaqlar üçün əyləncəli tədbirlər və arxeoloji qazıntılar da təşkil edilib.

“Kukuteni mədəniyyəti” adı Rumıniyada bu sivilizasiyanı təmsil edən ilk artefaktların aşkara çıxarıldığı kəndin adından götürülüb. Kukuteni-Tripoli mədəniyyəti Avropada ilk sivilizasiyalardan biri olub.

Cia.az