|
“AZAL-da qiymətlər 40-50 faiz aşağı salınmalıdır”
Dövlət başçısının ölkədəki qiymətlərlə əlaqədar tənqidi fikirləri, müəyyən qurumlara ünvanlı iradları xeyli müzakirə mövzusu olsa da, vəziyyət hələ ki, dəyişməyib. Milli Məclisin istiqlalçı deputatı, tanınmış iqtisadçı Vahid Əhmədovla gündəmin bir sıra aktual mövzularını əhatə edən söhbətimizi təqdim edirik:
 
- Vahid bəy, ölkə başçısının hökumət üzvlərinin iştirak etdiyi müşavirədə qiymətlərlə bağlı iradları vətəndaşları ümidləndirsə də, hələlik dəyişən bir şey yoxdur. Sizcə, niyə?  
 
- Cənab prezident son vaxtlar ictimaiyyətə çox ciddi mesajlar verdi. Bu mesajlardan biri də dərman preparatlarının qiymətləri və  aviasiya biletləri ilə əlaqədar oldu. Doğrudan da, bu iki sahədə vəziyyət yaxşı deyil. Yəni qiymət siyasəti düzgün qurulmayıb və bazar iqtisadiyyatının boşluqlarından istifadə edərək sahibkarlar, yaxud qeyri-sahibkarlar qiyməti qaldırırlar. AZAL-ın qiymətləri ilə yaxın Gürcüstan, ya Türkiyəni müqayisə edəndə görürük ki, qiymətlər çox yüksəkdir. Cənab prezident də qeyd etdi ki, bütün saytları oxuyur, informasiya alır, hər şeydən xəbəri var. Ona görə də mesajını verdi ki, qiymətlər normal vəziyyətə gətirilsin. Bu barədə iqtisadi inkişaf və maliyyə nazirlərinə göstəriş də verdi. Artıq İqtisadi İnkişaf Nazirliyində kollegiya iclası keçirilib, orda müəyyən təkliflər işlənib-hazırlanıb, həmin təkliflərə uyğun olaraq, yəqin, qiymətlər normal hala gətiriləcək. 

- Lakin AZAL rəsmisi dedi ki, qiymətlər 20 faiz aşağı salınarsa, bu, keyfiyyətə təsir edəcək. Razılaşmaq olarmı?
 
- Bunlar hamısı uydurmalardır. Hesablamalar, rentabellik məsələsi var. Dövlət başçısı da qeyd etdi ki, AZAL-a alınan bütün təyyarələr, resurslar və s. dövlət büdcəsi tərəfindən həyata keçirilir. Elə isə qiymətlər niyə yüksək olmalıdır? Niyə Gürcüstan və Türkiyədə qiymətlər aşağı olmalıdır, Azərbaycanda yüksək? Yəqin ki, müəyyən qərarlar qəbul olunacaq, ona görə də tələsmək lazım deyil. İnanıram ki, iqtisadi inkişaf naziri cənab Şahin Mustafayev tərəfindən müəyyən qərarlar veriləcək.
 
- Gözlənilirdi ki, müşavirədən dərhal sonra endirimlər başlayacaq, lakin olmadı. Hətta birinci şəxsin iradəsinə zidd getmək iqtidarında olan qüvvə hansıdır ki, qiymətlərin endirilməsinə müqavimət göstərir?   
 
- Azərbaycanın aviasiya bazarında digər şirkətlər yoxdur. Yeganə, monopolist şirkət budur. Əgər digər şirkətlərə burada fəaliyyət imkanı verilsə, əlbəttə, qiymətlər belə yüksək olmaz. Düzdür, AZAL çox yaxşı işləyir, rahatlıq, keyfiyyət yüksək səviyyədədir, müasir təyyarələr gətirilib. Amma problem yalnız qiymət sarıdandır. Qiymət də o zaman yüksək olur ki, orda monopoliya var, alternativ yoxdur, insanlar mövcud qiymətlə razılaşmağa məcburdur. Görünür, bazara başqa şirkətləri buraxmaq AZAL-a sərf etmir. Bunu istəmirlərsə, onda məsələyə dövlət qarışır və qiymətlərə də dəyişiklik ediləcək.
 
- Qiymətləri hansı həddə qədər endirmək mümkündür ki, həm insanlar razı qalsın, həm də AZAL qazansın?
 
- AZAL-da qiymətlər hətta 40-50 faiz aşağı salınmalıdır. AZAL rəhbərliyi öz dediklərini sübut etməlidir ki, qiyməti məsələn, 20 faiz endirsə, müəssisə zərərlə işləyəcək. Prezident də qeyd edirsə ki, bütün təyyarələr, yanacaq dövlət tərəfindən verilir, deməli, əlavə müzakirəyə ehtiyac qalmır.  

- Dərman bazarında nə gözlənilir. Reallıq budur ki, vətəndaşlar çox narazıdır...
 
- Bəli. İnsanlar üçün bu dəqiqə ən vacib məsələlərdən biridir. Hətta çörəkdən sonra ikinci gələn dərmandır. Dərman qiymətlərini bu səviyyədə saxlamaq, əlbəttə, qəbuledilməzdir. Milli Məclisin iclaslarında mən mütəmadi olaraq bu məsələlərə toxunmuşam, siz də şahidsiniz. Mən özüm də dərmanlardan istifadə edirəm və qiymətlərin nə qədər yüksək olduğunu bilirəm. Müəyyən şirkətlər qiymətlərin tənzimlənməməsindən istifadə edərək dərmanları çox yüksək qiymətə insanlara satırlar. Hələ dərmanın keyfiyyəti bir yana qalsın. Dərman qiymətlərinin yuxarı həddi mütləq müəyyən edilməlidir ki, ondan yuxarı qiymətə satılmasına icazə verilməsin. 
 
- Niyə Azərbaycan bu dərəcədə bahalı ölkədir, bunun bir əsaslandırması varmı?
 
- Qiymət siyasətində Azərbaycanda özbaşınalıq həddindən artıq çoxdur. Düzdür, bazar iqtisadiyyatıdır. Amma bazar iqtisadiyyatı anarxiya deyil. Əgər bazar iqtisadiyyatında alternativ mənbələr, şirkətlər yoxdursa, orda mütləq monopoliya olacaq. Rəqabət mühiti yaradılmayıbsa, o, istədiyi qiyməti qoyacaq. Mən dərmanlarımı Türkiyədən gətizdirirəm, ordan alıram. Türkiyədə dərmanlarıma təxminən 100 lirə xərcləyirəmsə, Azərbaycanda mən həmin dərmanlara 300 manata yaxın ödəyirəm. Yəni qiymət siyasətinə mütləq baxılmalıdır. 
 
- Turizm sahəsində də vəziyyət bəllidir...
 
- Bəli. Niyə insanlar daha çox Türkiyəyə, Gürcüstana qaçır, Azərbaycanda heç kim istirahət etmək istəmir? Regionlarda bir gecə qalmaq üçün hardasa 100 manata yaxın vəsait xərcləməlisən. Buna çoxlarının imkanı yoxdur. Son vaxtlar Bakıda, bölgələrdə xeyli yüksək keyfiyyətli, “beşulduz” otellər tikilib, amma qiymətlər yenə aşağı salınmır. Yəqin bu sahədə də tənzimləmə olacaq.
 

“Neftin qiyməti hətta 40 dollara düşə bilər...”

 
- Siz harda dincəlməyi düşünürsünüz?
 
- Mən hələlik burdayam. Müəyyən müddət də Qubada olacağam. Bilirsiniz ki, anam rəhmətə gedib. Avqustun 1-i anamın 40 mərasimidir, orda olacağam. Həm də seçicilərimlə görüşürəm, müəyyən işlər görürük. Mən ayda bir, ya iki dəfə rayonda seçicilərlə görüşürəm.

- Qubada indi durum necədir? 
 
- Qubada da müəyyən problemlər mövcuddur, insanların iş problemi xüsusilə. Rayonda üç konserv zavodu var, cəmi biri işləyir. Hansı ki, həmin zavodlar özəlləşdirilib, sahibləri isə istifadəyə vermir. Düzdür, son vaxtlar Qubada çox işlər görülüb, yol təmiri, su, istilik, elektirik enerjisi təchizatı sahəsində... Hətta Qubanın kəndlərinə su çəkirik, uşaq bağçaları tikirik. Ən ciddi problemimiz iş yerinin azlığıdır. Ümumiyyətlə, şimal regionunda bu problem yaşanır. 
 
- Camaatın seçkiyə münasibəti necədir? Sizi parlamentdə görmək istəyirlərmi? 
 
- Qubada seçki həmişə demokratik keçib. 2005 və 2010 seçkilərində ordan seçilmişəm, ciddi rəqiblərim də olub. Amma insanlar hamı seçkiyə gəlib, səs verib. Orda başqa söhbət ola bilməz. Mənə də münasibətləri normaldır. Yəqin ki, bu dəfə də seçkidə iştirak edəcəyəm. 
 
- “Yeni Müsavat”ın baş yazarı Rauf Arifoğluna “Əməkdar jurnalist” adının verilməsi ötən həftə ölkənin az qala bir nömrəli müzakirə mövzusuna çevrildi. Fərqli münasibətlərlə, yəqin ki, tanışsınız, siz bu barədə nə düşünürsünüz?
 
- Mən mətbuatı, saytları mütəmadi izləyirəm. Rauf Arifoğlu ilə əlaqədar də öz tərəfdaşları tərəfindən müəyyən qınaqlara rast gəldim. Amma mən o qınaqları qəbul etmirəm. Rauf Arifoğlu Azərbaycanda tanınmış jurnalistdir və 26 ildir ki, bu həyatı yaşayır. Özü də deyərdim ki, ağır həyatı da yaşayıb. Yəni zindan həyatını da görüb. “Yeni Müsavat” qəzetinin ağır vaxtları da mənim yadıma gəlir, o dövrlərdə də çalışıb, bu qəzeti saxlayıb. Həmişə də qəzetdə Azərbaycanın ictimai-siyasi həyatını normal şəkildə işıqlandırmağa çalışıb. Cənab prezidentin ona mükafat verməsi ilə əlaqədar müəyyən tənqidlərə məruz qaldı. Mən tənqidləri qəbul etmirəm. Birincisi, bunu dövlət başçısı təqdim edib. Bəzi müxalifət təmsilçiləri qəbul etsə də, etməsə də, mən həmişə demişəm, dövlət başçısı Azərbaycanın rəmzidir. Əgər o, hansı bir jurnalistə ad verirsə, bunu qəbul etmək onun borcudur. Rauf Arifoğlu buna layiq olmasaydı, heç bu adı ona verməzdilər. Rauf bəy uzun müddət Müsavat Partiyasının üzvü olub, bu yaxınlarda ərizə verib çıxdı. Bu partiyanın inkişafında, ayağa durmasında, ictimailəşməsində məhz “Yeni Müsavat” qəzetinin böyük rolu olub, bunu da başa düşmək lazımdır. Mən Rauf Arifoğlunu təbrik edirəm, ona cansağlığı, uzun ömür arzulayıram, Azərbaycanın ictimai-siyasi həyatında daha fəal olmağa, o cümlədən də Azərbaycanın reallıqlarını həm dünya ictimaiyyətinə çatdırmağa, həm ölkə daxilində gedən prosesləri daha da real işıqlandırmağa çağırıram. Tutaq ki, Rauf Arifoğlu da bu gün reallığı nəzərə almayıb müəyyən fərqli addımlar ataydı. O halda onun qəzeti də, rəhbərlik etdiyi saytlar da bu gün fəaliyyət göstərə bilməzdi, xeyli jurnalist də bu iş yerindən ailəsinə çörək apara bilməzdi. Bu, kimə lazımdır? Son vaxtlar bəzi müxalifət partiyaları ilə hökumət arasında dialoq gedir, müəyyən təmaslar var. Mən həmişə bunun tərəfdarı olmuşam. Bu gün də alqışlayıram ki, Azərbaycanın dövlət başçısının göstərişinə uyğun olaraq hökumət belə müsbət addımlar atır. Belə addımları qiymətləndirmək lazımdır. Çünki biz hamımız azərbaycanlıyıq, bir dövlətdə yaşayırıq, onun yaxşısı da bizimdir, pisi də, ona qiymət vermək lazımdır.
 
- Vahid bəy, iqtidar-müxalifət münasibətlərinin normallaşdırılması üçün bu gün hansı addımların atılmasını zəruri sayırsınız?
 
- Mən bir millət vəkili, bir azərbaycanlı olaraq, Azərbaycanın müstəqilliyinə səs verən şəxs olaraq istəyirəm ki, həbsdə heç kim qalmasın, siyasi əqidəsinə görə kimsə həbs edilməsin. Son vaxtlar müəyyən addımlar atılır. Elə müxalifət partiyaları ilə görüşlər, mətbuata diqqət bir daha onu göstərir ki, dövlət başçısı, hökumət cəmiyyətdə ümumi razılığın olması üçün müəyyən addımlar atır. Bizim Qarabağ kimi böyük bir problemimiz var, bu problem həll olunmalıdır. Bu problemin ətrafında elə diskussiyalar aparılmalıdır ki, insanlar bir yerdə olsun. Biz daxildəki narazılıqları, nöqsanları beynəlxalq ictimaiyyətə çatdırmaqla heç nə udmuruq, bunlar içəridə həll olunmalıdır. Əlbəttə, mən istərdim ki, müxalifət güclü olsun. Çünki müxalifət nə qədər güclü olsa, hökumət bir o qədər bunu nəzərə alır, onu dinləyir, fikirlərini müəyyən qədər qəbul edir. 
 
- “Şimal küləyi”, adətən, bizi də vurur. Rusiyada dollar yenə də rublu üstələdi. Manatı növbəti devalvasiya gözləyirmi? 
 
- Biz çox vaxt deyirik, bəziləri də bunu düzgün başa düşmür. Neftin qiymətinin dəyişməsi bütün dünyaya təsir edir. Son vaxtlar neftin dünya bazarında qiymətinin hətta 54 dollara yaxınlaşması rubla ciddi təsir etdi. Bu, bir daha onu göstərir ki, Rusiya dövləti də müəyyən proseslərə cəld reaksiya verməlidir. Deyirlər iqtisadi məsələdir. Heç bir iqtisadi məsələ yoxdur, siyasi məsələdir. Rusiya ilə Ukrayna arasında qazla əlaqədar ciddi problemlər yaranıb. Azərbaycan qazının ixracı ilə bağlı da bizə müəyyən təhdidlər var. Biz bütün müqavilələri imzalasaq da, Azərbaycan qazının ixracına əngəllər törədilir. Yəni baş verən hadisələr, əlbəttə, bizə təsir edəcək. 
 
- Böyük təhlükə gözləniləndirmi, xüsusilə də müstəqilliyimizlə bağlı?
 
- Yox, mən müstəqilliyimizə heç bir təhlükə gözləmirəm. Azərbaycan müstəqil dövlətdir, dövlət başçısı müstəqil siyasət aparır. Açığını deyim, bu balans siyasəti məni çox qane edir. Çünki bölgədə başqa cür siyasət aparmaq mümkün deyil. Yoxsa bizi də Ukrayna və Gürcüstanın taleyi gözləyə bilər. Faktiki olaraq biz bunlardan çıxmışıq. Bizim Qarabağ problemimiz var və s. Amma hesab edirəm ki, neftin qiymətinin kəskin aşağı düşməsi digər dünya dövlətləri kimi, Azərbaycana da müəyyən təsirini göstərəcək. Artıq 6 ayda bunu gördük. Yarımilin yekunlarına görə dövlət büdcəsində 770 milyon manat kəsir əmələ gəlib. Dövlət Neft Fondundan daxilolmalar azalıb.
 
- Bu dalğa manatı növbəti dəfə vura bilərmi?
 
- İnanmıram. Yəqin ki, ilin axırınadək manat özünü qoruyub-saxlayacaq. Bu, gedən proseslərdən də asılıdır. Bir də bank sistemində müəyyən sağlamlaşdırma prosesi gedir. Əgər bu proses davam edəcəksə, banklar bəzi məsələləri həll edəcəksə, vaxtı keçmiş kreditlərin qaytarılması məsələsi həllini tapacaqsa, müəyyən problemlər aradan qalxacaq. İnsanlar başa düşməlidir, krediti götürmüsənsə, qaytarmalısan, hansı fazilə, necə verilib, dəxli yoxdur. Krediti götürəndə fikirləşməlisən ki, bunu qaytara biləcəksən, ya yox? Ümumiyyətlə, bank sistemində müəyyən islahatlara ehtiyac var və alqışlanası haldır ki, bu islahatlara başlanılıb. Məni narahat edən ən ciddi məsələ neftin qiymətidir. Fikir verirəm, Liviyada da şərait yaxşılaşır, neftin istehsalı artır. İkincisi də “altılıq”ın razılaşmasından sonra İran neftinin dünya bazarına çıxarılması neftin qiymətinə təsir edəcək. Ola bilər qiymət hətta 40 dollara düşsün. Yadıma gəlir, 80-86-cı illərdə SSRİ-ni çökdürmək istəyəndə neftin qiyməti gəlib 20 dollara düşdü. İndi də sanki həmin proses gedir. Rusiya rəsmiləri də anlamalıdır ki, bu prosesdən yalnız Rusiya ziyan çəkmir, odur ki, müəyyən razılıqlara gəlinməlidir. Əks təqdirdə neftin qiyməti ilə əlaqədar bütün dövlətlərdə problemlər yaşana bilər...
Cia.az