|
“Türkiyədən sonra hədəf Azərbaycan yox, İran ola bilər”

Ərəstun Oruclu: “Ankara özünə rəva görə bilməz ki, onun ərazisini terrorçular döyüş meydanına çevirsinlər” 

Türkiyə dövləti İŞİD və PKK terrorçu təşkilatlarına qarşı əməliyyatları davam etdirir. Ötən həftə Şanlıurfanın Suruç qəsəbəsində solçu gənclərin toplantısının İŞİD terrorçusu tərəfindən partladılmasından sonra ölkədə artan gərginlik hökuməti hərəkətə keçirdi. Ankara əvvəlcə PKK silahlılarına qarşı həbsləri başlatdı. Bunun ardınca isə PKK hökumətlə bir neçə ildir davam edən atəşkəsə birtərəfli qaydada son qoyduğunu bildirərək hökumət qüvvələrinə hücumlar etdi.

Həftəsonu isə İŞİD-in Türkiyə-Suriya sərhədində Türkiyə ordusuna hücum etməsi Ankaranın bu terror təşkilatına qarşı təmkinli davranışına son qoydu. Türkiyə ordusu havadan və ağır artilleriya vasitəsilə Suriya ərazisindəki İŞİD mövqelərini vurmağa başladı. Baş nazir Əhməd Davudoğlu bəyan edib ki, Türkiyə təyyarələri ölkənin təhlükəsizliyini təmin etmək üçün Suriyada İslam Dövləti qruplaşması və İraqın şimalındakı kürd silahlılarının mövqelərinə qarşı hava hücumları həyata keçirib.

Eyni zamanda baş nazir ölkə boyu keçirilən axtarış-əməliyyat tədbirləri nəticəsində İŞİD və PKK-ya üzv olmaqda şübhəli bilinən 590 nəfərin saxlanıldığını bildirib. Hava zərbələri həftə sonu hər gün davam edib. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə Suriyada “tampon bölgə”, yəni mühafizə olunan ərazi yaradılması planının gerçəkləşdirilə biləcəyini deyib. 
Qeyd edək ki, ötən həftə ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı olub, liderlər Yaxın Şərqdə terrora qarşı fəaliyyəti müzakirə ediblər. Eyni zamanda mətbuatın yazdığına görə, Ankara uzun müddət isrardan sonra İncirlik Hava Bazasının İŞİD-ə qarşı hava zərbələrində istifadəsi üçün ABŞ ordusuna müvafiq razılıq verib. 

Ancaq eyni zamanda bu əməliyyatların başlaması, yeni terror dalğasının başlamasına işarədir. Türkiyənin Yaxın Şərqin bir sıra ölkələrində qanlı zorakılıq aksiyaları həyata keçirən İŞİD-lə mübarizəyə başlaması təkcə ölkə üçün deyil, eyni zamanda bütövlükdə Azərbaycan da daxil olmaqla regiona yeni təhlükə riski gətirir. 
 
Politoloq Ərəstun Oruclu deyir ki, Türkiyəyə qarşı terror təhdidinin artması Ankaranı bu cür kəskin addımlara vadar etdi. Ancaq ekspertin fikrincə, söhbət heç də iki terror təşkilatının fəaliyyətindən getmir, həm də Ankaraya qarşı düşünülmüş provokasiyadan gedir: “Əslində əməliyyatı Türkiyə başlamadı. Biz gördük ki, bir neçə müddətdir İraq və Suriyada davam edən İŞİD-kürd qarşıdurması Türkiyənin ərazisinə keçirildi. Bu artıq şərti desək, Türkiyəni Suriya və İraqa çevirmək cəhdi idi. Hər ikisinin, yəni həm İŞİD-in, həm də PKK-nın eyni vaxtda Türkiyə ərazisində təxribatlara başlaması göstərdi ki, bu iki qurum yalnız bir-birinə qarşı deyil, həm də Türkiyə ordusu və polisinə qarşı hücumlar təşkil edir və iki təşkilat eyni sponsorlar tərəfindən idarə olunur. Və bu sponsorların Türkiyə ilə bağlı sifarişləri, böyük ehtimalla, bölgədəki yeni geosiyasi durumla bağlıdır. Əslində də gözlənilən idi. Türkiyənin son həftələrdə müəyyən məsələlərlə bağlı qərarlarına yenidən baxması, məsələn, ”Türk axını"ndan imtina etməsi, Suriyanı Rusiya tərəfindən Avrasiya İttifaqına inteqrasiya etmək cəhdləri və digər məqamlar oldu. Bütün bunlar göstərdi ki, bölgədə bizim ehtimal etdiyimiz və düşündüyümüzdən də mürəkkəb geopolitik konfiqurasiya yaranır. Təbii ki, belə olan hallarda və ümumiyyətlə, istənilən geosiyasi yerdəyişmələrdə, transformasiyalarda müxtəlif fəsadlar üzə çıxır. Qarşıdurmalar, sərhədləri yenidən cızmaq cəhdləri, separatçılıq, terrorçuluq hamısı bu işlərdə vasitələrdir".

Ə.Oruclu deyir ki, Türkiyənin həm İŞİD-ə, həm də PKK-ya qarşı hərbi əməliyyatlara başlaması təkcə o təşkilatlara zərbə vurmaq, onların infrastrukturlarını məhv edib gücünü zəiflətmək məqsədi güdmür, həm də bir mesaj xarakteri daşıyır: “Yəni Ankara terrorun sponsorlarına mesaj verir ki, mən Əsəd deyiləm, İraq və ya Suriya deyiləm, bu məsələdə kifayət qədər ciddi addımlar atmağa hazıram və atacağam. Bu da təbiidir. Çünki Türkiyə dövləti özünə rəva görə bilməz ki, onun ərazisini terrorçular öz aralarında döyüş meydanına çevirsinlər”.
 
Əməliyyatların Ərdoğan-Obama danışqılarından sonraya təsadüf etməsinə gəlincə, ekspert deyir ki, Ankara bu əməliyyatların sonrakı mərhələsi ilə bağlı qarantiya almağa çalışır. Onun fikrincə, son həftələrdə İŞİD və PKK-nın Türkiyə ərazisində fəallaşması sifarişin nəticəsi ola bilərdi: “Təbii ki, belə bir əməliyyata başlamamışdan öncə Türkiyənin - həm də istənilən dövlətin - öz müttəfiqləri ilə müəyyən məsləhətləşmələr aparması tamamilə təbii haldır. Türkiyə NATO-nun üzvüdür. Yəni məsələn, sabah Suriyada terrorçu qruplara qarşı əməliyyata başlayanda buna Bəşər Əsəd rejimi reaksiya verə bilər. Bu halda Türkiyəyə ciddi təminatlar lazımdır. Düşünürəm ki, Ərdoğan-Obama danışıqlarının arxasında əslində bu dayana bilərdi. Ancaq bir daha qeyd edirəm ki, Türkiyəni bu əməliyyata vadar edən terrorçu təşkilatlar, daha doğrusu, onların arxasındakı güclər, sponsorları oldu. Aydın məsələdir ki, ”sponsorlar" da özlərini narahat hiss edirlər, İran-Qərb əlaqələrinin bərpası gözlənildiyindən daha sürətlə gedir. Yəni ən azı iqtisadi sahədə bu, açıq görünür. Həm Avropa ölkələrinə İran investisiyaları artır, həm də Avropa şirkətlərinin İrana yatırım qoymaq cəhdləri açıq görünür. Özü də kifayət qədər qətiyyətli və maraqlı görünürlər. Təbii ki, bu, bölgədəki bir sıra dövlətləri ciddi şəkildə narahat edir. Ona görə də düşünürəm ki, Türkiyəyə qarşı bu terror aksiyaları, belə desək, “ilk qaranquşlardır”.
 
Ərəstun Oruclu istisna etmir ki, Türkiyədə başlanan terror dalğası regionun digər ölkələrinə də sirayət edəcək. Ancaq politoloqa görə, təhlillər növbəti hədəfin İran ola biləcəyini deyir, nəinki Azərbaycan:“Düşünürəm ki, terrorun sponsorları coğrafiyanı genişləndiməyə cəhd edəcəklər. Təkcə Azərbaycana qarşı deyil. Məncə, Azərbaycandan əvvəl, nə qədər təəccüblü görünsə də, növbədə İrandır. Bildiyiniz kimi, İraqda terrorçular İran sərhədlərinə çox yaxınlaşıblar. Azərbaycana ən azı məsafə baxımından onların çatmasına hələ çox var. Düzdür, hazırda beynəlxalq terrorizm üçün məsafənin heç bir anlamı yoxdur. O, bir şəbəkədir, Azərbaycanda da, digər ölkələrdə də var. Azərbaycanda təhlükə gözləniləndir. Mən düşünürəm ki, indi buna son dərəcədə həssas yanaşmaq və hazırlıqlı olmaq lazımdır. Amma nədənsə ehtimal edirəm ki, hədəfdə hələlik İrandır”. 
 
Politoloqun fikrincə, əməliyyatların davam etməsi şərtində Türkiyə ordusunun Suriyaya girməsi qaçılmaz olacaq: “Quru əməliyyatlarının başlayacağını istisna eləmirəm. Çünki hava əməliyyatları nəticə verməyəcəyi təqdirdə Türkiyə məcbur olacaq ki, quru əməliyyatlarına başlasın. Söhbət heç də böyük ordu birləşmələrinin cəlb olunduğu əməliyyatlardan getmir. Ola bilsin ki, sürətli komandos əməliyyatları olsun. Hər bir dövlətin öz təhlükəsizliyini təmin etmək hüququ var. Əgər Türkiyənin qonşuluğunda Suriya dövləti ərazilərinin 50-80 faizinə nəzarət edə bilmirsə, Türkiyə nə etməlidir? Terrorçularla hesablaşmalı deyil”. 
Cia.az