Bu günlərdə prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filialları ləğv edildi.
Bununla bağlı musavat.com təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyevin mövqeyini öyrənib.
Etibar Əliyev bildirib ki, pedaqoji kadrların çatışmaması nəzərə alınaraq 2000-ci ildə Müəllimlər İnstitutunun bir neçə filialı yaradılmışdı: “Ancaq sonradan bu filialların bir neçəsi, xüsusilə prezidentin fərmanı ilə ləğv olunan Mingəçevir, Salayan və Sumqayıt filalları həqiqətən də özlərini doğrultmadılar. Mətbuatdan da bəllidir ki, Müəllimlər İnstitutunu rektoru, millət vəkili Aqiyə Naxçıvanlı bu filiallarda baş verən neqativ halları, pedaqoji kadraların hazırlanmasında yol verilən qüsurları etiraf edirdi. Yəni rektor bu filialların bağlanmasının tərəfdarı idi. Yəqin ki, filialların ləğv olunmasında onun təklifləri nəzərə alınıb. Təhsil eksperti kimi Müəllimlər İnstitutunda keçirilən bir konfransa dəvət olunmuşdum. Fürsətdən istifadə edib, bu ali məktəbin işi ilə tanış oldum. Qənaətim bundan ibarət oldu ki, belə bir institutun olduğu halda filiallara heç bir ehtiyac qalmır. Həqiqətən də müəllimlər institutunda təhsil mühiti, professor-müəllim heyətinin tərkibi, şəffaflıq, aparılan tədqiqat və monitorinqlər onu göstərirdi ki, bu ali məktəb inkişaf yolundadır və pedaqoji kadrların hazırlanmasında öz sözünü deyir. Əslində filiallarda baş verən neqativ hallar artıq pedaqoji kadrlar hazırlamaq ənənəsi formalaşmış bu ali məktəbin nüfuzuna da xələl gətirirdi”.
Ekspert bildirib ki, ölkə prezidentinin bu fərmanı göstərdi ki, ali məktəb rəhbərləri rəhbərlik etdikləri ali məktəblərdə təhsilin keyfiyyətinə diqqət etməli, neqativ halların aradan qaldırılmasında maraqlı olmalıdırlar: “Bununla yanaşı prezidentin sərəncamı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Mingəçevir Politexnik İnstitutunun bazasında ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını həyata keçirən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Mingəçevir Dövlət Universitetinin yaradılması da müsbət qiymətləndirilməlidir.
Bu univesitet bölgəni müxtəlif ixtisaslar üzrə mütəxəssislərlə təmin olunmasına yardımçı olacaq. Fikrimcə, yeni yaradılmış bu ali məktəbdə təbiət və texniki elmlər üzrə mütəxəssislərin hazırlanmasına daha çox üstünlük verilməlidir. Çünki fəaliyyət göstərən ali məktəblərimizdə humanitar sahədə mütəxəssis hazırlığı kifayət qədərdir”.
Cia.az
