İyulun 22-dən ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları başlayıb. Təhsil Nazirliyindən mətbuata bildirilib ki, imtahanlar Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris binasında (AZ1072, Bakı şəhəri, Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsi, 135) keçirilir. Ümumilikdə, müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 24 min 437 nəfər elektron ərizə ilə müraciət edib, onlardan 21 min 795-nin ərizəsi qəbul olunub. Müsabiqəyə müraciət edənlərin böyük əksəriyyəti ibtidai sinif müəllimləridir.
Namizədlər tərəfindən ən çox seçilən vakant yerlər aşağıdakı şəhər və rayonlar üzrə olub: Bakı şəhəri üzrə 351 yer, Cəlilabad rayonu üzrə 202 yer, Laçın rayonu üzrə 180 yer, Quba rayonu üzrə 172 yer, Lerik rayonu üzrə 165 yer. Elektron ərizəsi təsdiqlənənlərin böyük əksəriyyəti 35 yaşadək gənclərdir. Namizədlərin 1 661-i 35-50 yaş, 223-ü 50-65 yaş arasındadır. İmtahanlar iyulun 29-da başa çatacaq.
Prosesin necə getdiyini öyrənmək məqsədilə imtahanın keçirildiyi binanın qarşısına yollandıq. Binanın qarşısı qələbəlikdir, yüzlərlə insan var, onların bir hissəsi öz imtahan növbəsini gözləyir, bir hissəsi də imtahanda olan qohumunu, övladını gözləyir.
İmtahandan çıxanlarla söhbətləşirik. Əksəriyyətindən eşitdiyimiz isə bundan ibarət oldu: İmtahan otaqlarında tam özbaşınalıq hökm sürüb, hamı bir-birindən köçürüb, kopya çəkənlər, otağa telefonlarla girənlər olub. Özü hazırlaşıb imtahan vermək istəyənlər də bu vəziyyətdən çox narahat olublar. Çünki özbaşınalıq şəraitində sualları cavablandırmaqda çətinlik çəkiblər.
"Olmazdımı ki, imtahan hər bir bölgə üzrə regional mərkəzlərdə keçiriləydi?"
İmtahandan çıxan müəllimliyə namizədlər içəridəki ab-havadan və daha bir neçə məsələdən şikayət ediblər. Ağstafa rayonundan imtahana gələn Nərmin deyir ki, əvvəla imtahanların sadəcə paytaxtda keçirilməsi anormallıqdır: "Bütün rayonlardan hamını Bakıya yığıblar. Bizim rayondan bura 450 kilometrdir, eləcə də başqa ucqar rayonlardan gələnlər var. Olmazdımı ki, hər bir bölgə üzrə regional mərkəzlərdə imtahanlar təşkil olunaydı? Məsələn, Gəncədə, Lənkəranda, Şəkidə və sair. O zaman bütün rayonların sakinləri rahat-rahat imtahanlarını verərdilər".
"Özbaşınalıq hökm sürür"
Quba sakini Samirə isə imtahan otaqlarındakı özbaşınalıqlardan şikayətləndi: "Mən nə zamandan bəri imtahana hazırlaşırdım. Hesab edirdim ki, normal və ciddi imtahan prosesi olacaq. Axı biz ali məktəbə qəbul olmaq üçün TQDK-nın keçirdiyi qəbul imtahanında belə görmüşdük: ciddiyyət, düzgünlük, hər kəsin rahat şəkildə öz bacarığını ortaya qoya bildiyi mühit. İndi isə tam əksinə, xaotik bir ortamın şahidi olduq. Təsəvvür edin ki, ətrafımdakıların hay-küyündən, bir-biriləri ilə pıçıldaşmasından, əyilib bir-birilərindən köçürmələrindən cana doydum və az qala bildiyim sualları da cavablandıra bilməyəcəkdim. Anlamıram, bu nə deməkdir? Nəzarətçi də öz kefindəydi. Belə imtahan olar? Yaxşı olar ki, müəllimlərin işə qəbul imtahanı da Təhsil Nazirliyindən alınıb TQDK-ya verilsin. Belə olarsa, vəziyyətin düzələcəyinə inanıram".
"Vakant yerləri bilərəkdən gizlədirlər"
İmtahana qoşulanların daha bir şikayəti təqdim olunan vakant yerlərin məhdudluğu ilə bağlıdır. Tovuz sakini Hilal deyir ki, ingilis dili fənnindən müəllim işləməsi üçün ya Gədəbəyin dağ kəndinə getməlidir, ya da məsələn, Şəmkirin hansısa ucqar kəndinə: "Öz rayonumuzda bu ixtisasa tələbat olduğunu şəxsən bilirəm. Bir neçə məktəb tanıyıram ki, orada ingilis dili müəllimi çatışmır. Bəs niyə həmin yerləri təqdim etmir nazirlik? Demək nəsə başqa maraqları var. Yaxşı, 150 manat maaş almaq üçün evimizdən təxminən 70-80 kilometr uzaqdakı kəndə necə gedim-gəlim? Düz-əməlli marşrut da işləmir. Nə deyim, deyəsən təhsilimiz heç vaxt düzəlməyəcək".
"O şəxslər cəzalandırılmalıdır"
Təhsil eksperti Əjdər Ağayev "Bizim Yol"a bildirdi ki, müəllimin işə qəbulu və hazırlanması Təhsil Nazirliyinin ixtiyarındadır: "Müəllimlərə lisenziya vermək üçün imtahan təşkil edirlər. Müvafiq imtahan nəticələrindən asılı olaraq müəllimlər şəhər və kənd məktəblərinə göndərilməlidirlər. Bunun bu gün çatışmayan cəhəti imtahanın lazımi səviyyədə keçirilməməsi, intizamın olmaması, müəllimlərin psixoloji durumunun yaxşı olmasına fikir verilməməsi və sairdir. Mən müəllimlərin işə qəbulu imtahanının TQDK-ya verilməsindənsə, imtahandakı qüsurların aradan qaldırılmasını doğru hesab edirəm. Bunun üçün də həmin insanlar cəzalandırılmalıdırlar. İmtahan tələb olunan kimi yüksək səviyyədə keçirilməlidir. Mətbuat bu məlumatları əldə edən kimi Təhsil Nazirliyinə bildirməlidir. Onlar bu işə sonra bir əncam çəkəcəklər. İctimai fikirlə heç nə əldə etmək olmur. Ona görə də bu işə bir əncam çəkilməlidir".
"Müəllimlərin işə qəbulu prosesi çox çətinləşdirilib"
Təhsil eksperti Nadir İsrafilov isə əməkdaşımızla söhbətində bildirib ki, indikindən fərqli olaraq sovet dönəmində müəllimlər təyinat üzrə işləyirdilər: "Təyinatla işlədiklərinə görə isə hər hansı bir ixtisasda müəllim artıqlığı yaranmırdı. Hər il müəllimlər üçün 3000-4000 vakant yer olur. Müəllim artıqlığının olmasına baxmayaraq vakant yerlərin sayı hər il bu qədər olur. Buna səbəb isə müəllimlərin işə qəbulu qaydalarının çətinləşdirilməsidir. Həmin qaydalara əsasən 70 maddə təyin olunub. Müəllimlər həmin bu maddələrin öhdəsindən gəlməkdə çətinlik çəkirlər. Bu gün bakalavr pilləsini bitirənləri işə götürmürlər. Mütləq magistr pilləsini də istəyirlər. Gələcəkdə müəllimlik ixtisasında bakalavr səviyyəsini bitirmiş şəxslərin tamamilə işə götürülməməsi fikri səslənir. Çünki müəllim artıqlığı var".
24437 nəfərə 3461 vakant yer
Qeyd edək ki, müsabiqəyə ölkə üzrə 3461 vakant yer çıxarılıb. Vakant yerlərin 90 faizi Azərbaycan bölməsi, 10 faizi isə rus bölməsinin payına düşür. Vakansiyaların 15 faizi şəhər, 85 faizi rayonları əhatə edir. Vakansiyaların təxminən 45 faizi kimya, biologiya, fizika və coğrafiya fənlərinin üzərinə düşür. Vakansiyaların sayı kimya üzrə 446 yer, biologiya üzrə 387 yer, fizika üzrə 350 yer, coğrafiyadan 328 yerdir. Ümumi vakansiyalardan 2363 yerə həvəsləndirmə tətbiq olunur. 1098 vakant yer şəhər, qəsəbələri əhatə etdiyi üçün həvəsləndirmə tətbiq olunmur.
Xatırladaq ki, Təhsil Nazirliyi sisteminə daxil olan müəssisələrə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə yolu ilə həyata keçirilir. Ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi almış, hazırda işləməyən, müvəqqəti əmək müqaviləsi ilə işləyən müəllimlər müəssisələrə işə qəbul üzrə müsabiqədə iştirak edə bilərlər.
Cia.az
