Zahid Oruc: “Qərb Azərbaycanın bir sıra şərtlərini qəbul edəcək”; Arzu Nağıyev: “Son görüşlərdə mövqelər ortaya qoyuldu və yəqin ki, müsbət bir nəticə hasil olacaq”
Hikmət Hacızadə: “Əfsus, hələ ki vəziyyət dəyişməyəcək”
“Qərb diplomatlarının Bakıya səfərinin intensivliyinin artdığı danılmaz bir faktdır və təfərrüatlara dərindən bələd olmadan belə, bunu müsbət hadisə kimi dəyərləndirmək lazımdır. Çünki son bir ildə meydana çıxan soyuq savaş əhval-ruhiyyəsinin təşəbbüskarı Azərbaycan deyildi. Obrazlı söyləsək, bunu bizim müharibəmiz adlandırmaq olmazdı”.
Deputat, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü Zahid Oruc bunu “Yeni Müsavat”a açıqlaması zamanı bildirdi. Son zamanlar Avropa rəsmilərinin Bakıya səfərlərinin intensivləşməsi şəraitində Azərbaycanla Avropanın münasibətlərindəki gərginliklərin arxa plana keçəcəyi barədə gözləntilərə münasibətini bölüşən Z.Oruc qeyd etdi ki, əslində Qərblə münasibətlərdə gərginliyin olmasında rəsmi Bakı maraqlı deyil: “Ölkəmiz əleyhinə kapmaniya az qala diplomatik əlaqələrin bütün sahələrini əhatə etmişdi və son raundda hətta neft-qaz sferasına da gəlib çatacağını düşünməyə əsaslar verirdi. Hərbi-təhlükəsizlik sektorunda dayandırılmış danışıqlar, Amerika ilə yüksək dialoq formatının çöküşü, ən sonda rəsmi Bakını Birləşmiş Ştatların dövlət müstəqilliyi günündə qat-qat aşağı statusda təmsilçiliyi ilə nəticələnmişdi. Lakin artıq Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun və ABŞ dövlət katibinin köməkçisi Riçard Hoqlandın ölkəmizə təşrif buyurması prezident İlham Əliyevin verdiyi siqnalların Qərbdə qəbul olunduğunu söyləməyə imkan verir”.

Bəs Avropa dairələri hansı hadisələr üzərindən təhlillər aparıb yenidən əvvəlki xəttə qayıtmağı qət etdilər? Z.Oruc: “Burada Bakını itirməyin siyasi cinayətə bərabər olmasını qabartmağa bir ehtiyac yoxdur. Çünki söhbət təkcə alternativ neft-qaz resursunu itirməkdən gedə bilməz. Baxın, son günlər Bakı-Novorossiysk kəməri ilə neftin nəqli yenidən bərpa olunub. Berlində və Brüsseldəki səhv qərarlar Rusiyanın bir vaxtlar yanlış siyasəti ilə itirdiyi iqtisadi dayaqlarını bərpa etməyə fürsət verdi və razılaşın ki, bunlar digər nüfuz savaşı subyeklərinin maraqlarını təhdid etməkdədir. Lakin Qərb Bakının timsalında uzun on illərdən sonra sanksiya və embarqo altından çıxararaq yenidən siyasi və iqtisadi meydan verməyə çalışdığı İranla birgə qurmaq istədiyi geopolotik formatı itirməkdən narahat olduğu üçün təzyiq və tələb dilində danışmağın səmərəsizliyini dərk edib”.
Deputat deyir ki, ABŞ-ın dövlət katibi Con Kerrinin adı ilə bağlı olan inqilab planının deşifrə olunması fonunda belə yüksək rəsminin hansı təkliflərlə gəldiyini proqnozlaşdırmaq mümkündür: “Qərb Azərbaycanın bir sıra şərtlərini qəbul edəcək. İlk növbədə, Qarabağı dəyənəyi çevirməklə onun separatçı rəhbərliyinə süni maliyyə və siyasi nəfəs verməyin yolverilməzliyini qəbul etmək gərəkdir. Əks halda, Azərbaycanın Ukrayna məsələsində hətta neytrallığına belə ümid bəsləmək olmaz. İkincisi, hakimiyyəti bütün beynəlxalq QHT-lərin əli ilə şiddətli bir şəkildə vurmaq siyasətindən geri durmaq lazım olacaq. İndi heç kəsə sirr deyil ki, dünyada böyük auditoriyası ilə seçilən ağır informasiya artilleriyaları - CNN, BBS və digər kanalllar heç də müstəqli media quruluşları olmayıb da müxtəlif mərkəzlərə bağlıdılar. Adi nəzərlə hamı görə bilər ki, iyun ayı ilə müqayisədə Azərbaycanı vuran təhlilçi və sabotajçı qrupların əks-təbliğat eyforiyası xeyli azalıb. Deməli, onlara müvafiq tapşırıqlar xaraktercə dəyişib”. Z.Oruc deyir ona görə də Qərb çalışacaq ki, Bakını ən azı yenidən fəth etsin və buna görə də ölkəmiz uğrunda savaşın şiddətinin artacağını proqnozlaşdırma mümkündür: “Bütün deyilənləri ümumiləşdirsək, Rusiyanın Qarabağ ətrafında Bakı ilə razılaşmasının Qərbin mənafelərinə zidd olduğunu, bunun Qafqazlarda fərqli düzən yaradacağını hesablayanlar təzədən Bakının könlünü almağa ümid bəsləyirlər. Ancaq Barak Obamanın dönəmində Amerika-Azərbaycan əlaqələrinin tam yaxşılacağını gözləmək əbəsdir”.
“Azərbaycan Avropa ilə küsülü deyildi ki, barışsın. Biz dünyəvi dövlətik. Siyasətdə dost məfhumu olmur, maraq məfhumu olur. Məhz soyuqluğun yaranması da bəzi maraqların üst-üstə düşməməsi idi”. Bu fikirləri isə politoloq Arzu Nağıyev söylədi.
Onun sözlərinə görə, Qərbin müxtəlif siyasi qurumları anti-Azərbaycan xəttini seçib, öz həyat tərzini,fikirlərini bizə diktə etməyə çalışırdı, lakin bu, baş tutmadı: “Necə ola bilər ki, hansısa dövlətin qanunverici orqanı Azərbaycan üçün qanun hazırlasın və ya bunu təklif etsin. Bu baxımdan Bakı və Avropanın bir sıra qurumları arasında narazılıqlar olsa da, son görüşlərdə buna aydınlıq gətirildi. Biz Avropaya bir nömrəli problem kimi Dağlıq Qarabağ münaqişəsinin həllini təklif edirik, onlar isə hansısa qeyri-hökumət təşkilatının rəhbərinin həbsindən narahat olduğundan danışır. Zənnimcə, son görüşlərdə mövqelər ortaya qoyuldu və yəqin ki, müsbət bir nəticə hasil olacaq”.
Kremlin Bakı-Qərb anlaşmasına imkan verməyəcəyi barədə yanaşmalara gəldikdə, A.Nağıyev qeyd etdi ki, Rusiyanın hazırda vəziyyəti heç də ürəkaçan deyil: “Bu, istər iqtisadi, istərsə də digər sahələrdə özünü biruzə verir. Son vaxtlar İran və Kubada baş verən proseslər müəyyən mətləblərdən xəbər verir. Yəni istənilən halda Rusiya bir sıra güzəştlərə getməyə məcburdur. Bu baxımdan Moskva müəyyən şərtlər müqabilində Qərbin həyata keçirməyə çalışdığı siyasəti dəstəkləməlidir. Bu, eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həllinə də sirayət edəcək. Yəni Rusiyanın imkan verib - verməyəcəyi önəmli deyil, o, bu proseslərə kömək etməlidir ki, öz vəziyyətini tənzimləsin”.

Politoloq Hikmət Hacızadə isə hesab edir ki, Avropa ilə qalmaqal insan haqları sferasında yarandı və bu situasiya hələ bir müddət qalacaq: “Nə Avropa buradakı hüquq pozuntularına göz yumacaq, nə də ölkəmizin rəhbərliyi bu tənqidləri saya salacaq. Bu, ona görə baş verir ki, Avropanın Qarabağ məsələsinə ciddi girişməyə, Rusiya ilə yeni qarşıdurma yaratmağa taqəti, gücü yoxdur. Ona görə də elə hey uzaqlardan ”narahatçılıq" bəyanatlarını göndərirlər. Bu isə ölkə rəhbərliyimizi qane etmir və tənqidləri qəbul etməyə vadar eləmir". H.Hacızadəyə görə, digər tərəfdən, Azərbaycanın enerji resursları Avropa üçün o qədər də vacib deyil ki, onları qanun pozuntularımıza göz yummağa məcbur etsin: “Odur ki, məncə, vəziyyət olduğu kimi qalacaq: Avropa ölkəmizdə insan haqları problemindən bəyanatlar verəcək, hökumətimiz isə - ”Almaniya çökür, Amerikada zənciləri incidirlər" kimi cavablar verəcək. Əfsus, hələ ki vəziyyət dəyişməyəcək. Sonrasını görərik..."
Cia.az
