Qabil Hüseynli: “Rusiya Baltikyanı ölkələri işğal edəcək qüdrətə malik deyil”
Gürcüstanın sabiq prezidenti, hazırda Ukraynanın Odessa şəhərinin qubernatoru Mixail Saakaşvilinin Rusiyanın dövlət başçısı Vladimir Putin barədəki son ittihamları ölkəmizdə ciddi narahatlıq doğurub. Saakaşvili açıq şəkildə Putinin Ukraynadan sonra Baltikyani ölkələr, Azərbaycan və Gürcüstanda qarışıqlıq yaradacağı anonsunu verib.
Onun sözlərinə görə, Rusiya prezidenti daimi olaraq NATO qüvvələrini yoxlamaqla məşğuldur:
“Bu onunla keçirdiyim uzun danışıqlar zamanı mənə məlum olub”.
Həmçinin keçmiş prezident deyib ki, Putin dövlət sərhədlərinə hörmət etmir və onsuz da həmişə onu pozmağa çalışacaq. “Mən hələ 2008-ci ildə demişdim ki, bundan sonra Ukrayna olacaq”- deyə siyasətçi Rusiya-Gürcüstan müharibəsini yada salıb.
Bundan əlavə, Saakaşvili növbəti Azərbaycan xəbərdarlığını etməyi də unutmayıb. Onun fikrincə, Putinin aqressiv siyasətinin bundan sonrakı qurbanları Baltik ölkələri olacaq, o, yenidən Gürcüstan və Azərbaycana qayıdacaq.
Keçmiş prezidentin bu cür açıqlamalarının tez-tez şahidi oluruq. Amma yeni açıqlaması daha sərt və narahatedicidir. Reallıq odur ki, Azərbaycanının daim təhlükə gözlədiyi ölkələrdən biri Rusiyadır. Bəzi ekspertlər hesab edirlər ki, bu cür fikirlər Saakaşvilinin Rusiyaya qarşı olan ölkələrin sırasında Azərbaycanı da görmək istəyindən irəli gəlir.

Politoloq Qabil Hüseynli fərqli düşünür. O hesab edir ki, bu cür açıqlamalar Azərbaycan üçün təhlükə deyil: “İnanmıram ki, bu cür açıqlama bizə təhlükə yaratsın. Amma Gürcüstan üçün olan təhlükə bizə də aiddir. Bizə gələn məlumatlara görə, Bakı-Supsa neft kəmərinin 1500 kilometrlik ərazisi rus qoşunlarının nəzarəti altındadır. Başqa məlumatda isə onların neft kəmərinin 500 metrlik ərazisində möhkəmləndikləri qeyd olunur. Bunları dövlət orqanları dəqiqləşdirməlidir. Gürcüstan BMT-yə müraciət etməlidir. Amma rəsmi səviyyədə hələ də heç nə yoxdur. Hazırda Azərbaycanla Rusiya arasında yaxınlaşma prosesi gedir. Əvvəllər də münasibətlər normal idi. İndi münasibətlər qarışıqlı mənafelər, strateji əməkdaşlıq üzərində qurulmağa çalışılır. Rusiya Azərbaycandan Gömrük İttifaqına, Avrasiya Birliyinə, Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmağı təklif edir. Azərbaycan artıq bu təkliflərdən birini müşahidəçi qismində yerinə yetirib.
Ölkəmiz bunların müqabilində Dağlıq Qarabağ probleminin həllini istəyir. Heç kəsə şübhə deyil ki, Ermənistan bütünlüklə Rusiyanın nəzarəti altındadır. Rusiyanın mövqeyi bu məsələnin həllində böyük rol oynayır. Bunun nəticəsidir ki, son günlərdə mətbuata tez-tez bir xəbər sızdırılır. Rusiya düşmən ölkədən işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını geri çəkməyi tələb edir. Bəzi yerlərdə hətta torpaqları boşaltmaq barədə ultimatum verildiyi qeyd olunur.
Rusiyanın rəsmilərindən biri demişdi ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayon boşaldılmalıdır. Elmar Məmmədyarovun Lavrovla iki ay qabaqkı görüşündə Qarabağ məsələsi müzakirə olundu. Məmmədyarov nədənsə lovğa bir bəyanat verdi. Bildirdi ki, xalqıma tezliklə müsbət xəbərlər verəcəm. Dağlıq Qarabağla bağlı iki ilə yaxındır ki, Azərbaycanla Rusiya arasında danışıqlar başlayıb. Bu danışıqlar qarışıqlı addımlar şəklində gedir. Rusiyanın 7 rayonla bağlı söz verməsi bir faktdır.
Mətbuat da bu barədə geniş yazır. Prosesə beynəlxalq təşkilatlar da qoşulub. Rusiya Cənubi Qafqazdakı mövqelərini qorumağa çalışır. Bunun üçün bəzi manevrlər edir. Danışıqlarda önəmli irəliləyiş var. Rusiya hazırda bu məsələnin həllini ona görə istəyir ki, Qarabağa öz sülhməramlılarını yeritmək istəyir. Bununla bağlı fikirlərini də açıqlayıb. Azərbaycan susur. Sadəcə, açıqlama verilib ki, Qarabağa gələn sülhməramlılar barədə Azərbaycanla Ermənistan təklif verməlidir”.
Politoloq sentyabr ayında keçiriləcək Rusiya və Azərbaycan prezidentlərinin görüşünə də toxundu:“Qarşıdan hər iki ölkənin dövlət başçılarının görüşü gəlir. Sentyabr ayında olacaq. Rusiya mətbuatı da bu barədə yazıb. Bu görüşdə Qarabağla bağlı konstruktiv qərarlar qəbul edilə bilər. Hazırda işğal yerlərində gedən proseslər bunu deməyə əsas verir. Saakaşvilinin bütün bunlara görə, fikirləri Azərbaycana şamil oluna bilməz. Amma Gürcüstanla bağlı müəyyən əndişələr var. Çünki artıq təhlükəsizliyi təmin etmək üçün ora hissə-hissə ABŞ qoşunları yerləşdirilir”.
Qabil Hüseynli Gürcüstanın sabiq prezidentinin faktları şişirtdiyini bildirdi: “Saakaşvili çoxdan rus təhlükəsi barədə həyəcan təbili vurur. Amma bəzən faktları şişirdir. Belə ciddi açıqlamalara Rusiyanın özü rəvac verir. Rus gəmiləri Baltikyani ölkələrin sahil sularına yaxınlaşır. Bunlar şimal qonşumuzun Qərbin əsəblərini yoxlamağa yönəlik addımlarıdır. Qərb tərəfdə Rusiya ilə münaqişədən qaçmaq meyli var. ABŞ müəyyən rol oynamağa çalışır. Putin hər gün bir bəyanat verir. ”Soyuq müharibə"nin xüsusiyyəti belədir ki, tərəflər bir-birilərini bu cür bəyanatlarla iqtidardan salırlar. Reyqan hakimiyyətə gələndə dedi ki, SSRİ şər qüvvəsi, tarixin yanlışıdır, bu şər qüvvəsini tarixin zibilliyinə atacam. Bir sözlə, SSRİ-ni təzyiq altında saxladı. Müharibəni təbliğatla udmaq olar. Əgər siyasi lider təbliğatı, sözünü yeritməyi bacarmırsa, onun dedikləri hamının qulağından vız kimi keçir. Açığı, Rusiya Baltikyanı ölkələri işğal edəcək qüdrətə malik deyil. Texnoloji cəhətdən silahlarının çoxu köhnəlmişdir. Saakaşvili bu cür fikirlərlə Azərbaycanı da anti-Rusiya təbliğatına qoşmaq istəyir. Amma ölkəmiz hələ ki qoşulmayanlar istiqamətindədir. Azərbaycan Rusiya ilə münasibətlərin inkişaf etdirilməsinin tərəfdarıdır. Qarşıdurmanın yaranmasının tam əleyhinədir".
Cia.az
