|
Regiondakı yeni siyasi şərait Azərbaycana nə vəd edir?
Son zamanlar Azərbaycan haqda hazırlanan siyasi şərhlərin əsas mövzusu Bakının Qərblə münasibətləri və Rusiyaya yaxınlaşması tezisləri üzərində qurulub. Məlum olduğu kimi, uzun müddət Bakı Qərblə enerji və siyasi əməkdaşlıq kursunu davam etdirib, qərbyönlü siyasi kursa sadiq olduğunu bəyan edib. Ancaq son illərdə bu xətdə qırılmalar müşahidə olunmağa başlayıb.
Xüsusən də Ukrayna böhranından sonra rəsmi Bakı açıq şəkildə Rusiya ilə yaxınlaşma kursu götürdüyünü nümayiş etdirməyə başladı.
 
Daha əvvəl bu xətt Rusiyanın artan aqressiyası qarşısında Bakının manevri kimi yozulsa da, hakimiyyət rəsmilərinin ritorikası, Bakıdan Qərb ölkələrinə qarşı ittihamlı açıqlamalar və reaksiyalar göstərdi ki, məsələ heç də siyasi manevr deyil. Rəsmi Bakı Qərbə inteqrasiya kursundan imtina edir. 
 
Ancaq bu, heç də asan baş verəcək bir hadisə deyil. Nəzərə alanda ki, yerləşdiyimiz bölgə uzun müddət (elə indi də - K.) Qərb və Rusiyanın nüfuz dairəsində yerləşir, o zaman bu cür dəyişikliklərin elə də asan olmadığı göz önünə gəlir. Qərb və Rusiyanın toqquşma “cəbhəsində” yerləşən Azərbaycanın yeri haradadır? Bakı özünü hansı mövqedə və harada görür? 
 
Siyasi şərhçi, Yeni Türkiyə Araşdırmaları Mərkəzinin Avrasiya üzrə eksperti Orxan Qafarlı Rusiya və ABŞ arasından yaşanan qarşıdurmada Azərbaycanın həm enerji qaynaqları, həm də Cənubi Qafqaz regionun aparıcı ölkəsi olması səbəbindən çox həssas bir yeri ver. Ekspertə görə, Azərbaycan regionda açar ölkə mövqeyindədir: “Beynəlxalq münasibətlər sistemində Rusiyanın yerini və mövqeyini zəiflətmək və əhatələmək üçün  Azərbaycanın mövqeyi və xarici siyasət kursu Vaşinqton üçün çox önəmlidir. ABŞ-ın ”soyuq müharibə" illərindən Rusiyanı əhatələmə siyasəti bu günə qədər davam edir. Ukraynanın xarici siyasət kursunu dəyişməsi ilə Rusiyanın qərb sərhədləri, Belarusu çıxmaqla, demək olar ki, ABŞ başda olmaqla, NATO-nun nəzarətindədir. Şərqi Avropadan başlayan bu əhatələmə siyasətinin açar ölkəsi Azərbaycandır. Avropa İttifaqı siyasi coğrafi olaraq boş yerə Azərbaycanı Şərqi Avropaya daxil etmədi. Brüssel və Vaşinqtonun Rusiyanı əhatələmək üçün Şərqi Avropa ölkələrinin hər birini öz müttəfiqinə çevirmələri lazımdır. Əgər Qara dəniz ölkəsi olaraq Ukrayna vasitəsilə Şərqi Avropa regionunda Rusiyanın isti dənizlərə çıxışının qarşı alınırsa, Azərbaycan həm enerji alternativləri, həm də cənub sərhədlərinin bitdiyi yer kimi mühüm əhəmiyyət kəsb edir".
 
Ekspert deyir ki, Azərbaycanın önəmli nöqtədə yerləşməsinin müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri və fəsadları da var: “Azərbaycanın bu açar ölkə olması bir tərəfdən faydalıdır, çünki xarici siyasətdə manevr imkanlarını artırır. Digər tərəfdən, açar ölkə olması dövlətin suverenliyinə ciddi təhlükələr doğurur. Çünki regionda Azərbaycan uğrunda mübarizə aparan dövlətlərin hər biri xarici siyasət suverenliyimizi onlara təslim etməyi istəyir. Bunun üçün Azərbaycanın uzun zaman apardığı balansı xarici siyasət, suverenliyin daxili və xarici tərəfini qoruya bilirdi. Təbii, suverenliyin qorunması üçün aparılan bu siyasət bir tərəfdən demokratiya və insan haqları problemlərini də doğurur”.
 
O.Qafarlıya görə, ABŞ və  İran arasında münasibətlərin düzəlməsi, Tehranın yenidən dünya bazarına inteqrasiya etməsi Avrasiya regionunun beynəlxalq münasibətlər sistemində “daşların yerindən oynayacağı” siqnalları verir: “Bu anlaşmadan öncə Azərbaycan hansı ölkənin yenə də beynəlxalq münasibətlər sistemində yeri və mövqeyinin nə olduğunu bilirdi. Buna uyğun da formalaşmış bir xarici siyasət kursu var idi. İndi İranın dünya siyasətində mövqeyinin dəyişməsi həm yeni təhdidlərin qapısını açır və həm də eyni zamanda yeni imkanların. Çünki İran üçün də Azərbaycan daxili və xarici siyasət baxımından önəmli ölkədir. Azərbaycanın sekulyar dövlət olması və zəngin enerji qaynaqlarına sahib olması bu ölkəni iranlılar üçün cazibədar edir. Azərbaycan dövlət formatı etibarı ilə İran dövlət quruluşu üçün təhdiddir. Məşhur deyimlə desək, Azərbaycanın hazırkı geopolitik vəziyyəti ”hamburger"ə bənzəyir".

Ekspert deyir ki, məhz bu yeni siyasi şəraiti nəzərə alaraq Bakı Moskva ilə yaxınlaşma kursu götürüb: “Son zamanlar Azərbaycan dünyada gedən prosesləri diqqətə alaraq, Cənubi Qafqazda İran, Rusiya və Ermənistan geopolitik üçbucağının güclənməsindən narahatdır. Bunun üçün belə bir əməkdaşlığı pozmaq məqsədilə Moskva ilə yaxınlaşır. Belə baxanda üç yolu var idi. Aİ və ABŞ-la yaxınlaşmaq, bu zaman ”hamburger" olaraq İran cənubundan və Rusiya şimalından ekstremizmə təkan verərək yeyəcəklərdi. İkinci variant İranla yaxınlaşmaq idi. Bu zamanda İsraillə strateji əməkdaşlığının hərbi və Qərb siyasi dairələrində dəstəyini itirəcəkdi. Hamımız gözəl bilirik ki, İsrailin, ABŞ-da diaspora komitəsi olan Amerika İsrail İctimai Əlaqələr Komitəsi (AİPAC) Konqresdə və Ağ Evdə Azərbaycana dəstəyini dayandıra bilər. Bu isə onsuz da Rusiyanın ermənipərəst mövqeyindən sonra üstəlik İranın Qarabağ məsələsində konkret mövqeyi məlum olmadığı bir durumda ABŞ-ı birmənalı itirmək deməkdir. Bir tək Rusiya qalır ki, onunla praqmatik münasibətləri inkişaf etdirməklə “hamburger kimi yeyilməyin” qarşısını almaq olar. Bu zaman İsraillə əməkdaşlığı da qoruyuruq. Həm də bu zaman İsrailin dəstəyi ilə ABŞ-la münasibətlərin pozulmasının qarşısı ala bilirik".
Cia.az