|
Prezident İlham Əliyev və Donald Tusk bəyanatla çıxış etdilər -
İyulun 22-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
 
Bu görüş başa çatdıqdan sonra İlham Əliyevin və Donald Tuskun təkbətək görüşü olub.
 
Bu görüş də başa çatdıqdan sonra İlham Əliyevin və Donald Tuskun birgə mətbuat konfransı olub.
 
Dövlətimizin başçısı İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk əvvəlcə bəyanatlarla çıxış ediblər.
 
Dövlət başçısı bildirib ki, Aİ ilə münasibətlər inkişaf edir: “Uzun illər aramızda məhsuldar münasibətlər formalaşıb. Biz ikitərəfli fikir mübadiləsi apardıq. Müsbət irəliləyişlər var. Görüşdə regional məsələləri, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik, həll yolları barədə düşündük. Mən ona danışıqlar prosesi barədə danışdım, münaqişənin tarixi barədə məlumat verdim. Bu münaqişə iki on ildir davam edir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi işğal altındadır. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycandan qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnaməsi qəbul edilib. Ermənistan bu qətnamələri yerinə yetirmir. Bizim bir milyondan çox qaçqın və məcburi köçkünümüz var.
 
 
Xalqımız etnik təmizləməyə məruz qalıb. Biz münaqişənin beynəlxalq norma və prinsiplər çərçivəsində həll olunmasını istəyirik. Ümid edirik ki, gələcəkdə işğalçıya daha çox təzyiq göstəriləcək ki, Azərbaycan torpaqlarını geri qaytarsın və danışıqlar prosesini yekunlaşdırsın. Gәlәcәkdә artıq münasibәtlәrin normallaşmasından danışa bilәrik. Azərbaycanın әrazi bütövlüyü digәr ölkәlәrin әrazi bütövlüyü kimi dәyәrli mәfhumdur”.
 
 
Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın xarici ticarətinin demək olar ki, yarısı Avropa İttifaqı ölkələri ilə aparılır: “Aİ ölkələri həmçinin bizim əsas investorlarımızdır. Çünki ölkəmizə sərmayələrin 50 faizindən çoxu məhz Avropa İttifaqından gəlir. Bu iqtisadi əməkdaşlığı digər sahələrə də aid etmək lazımdır. Potensial əməkdaşlıq sahələrindən biri də daşımalar sahəsidir. Artıq dəmir yolu xətti layihəsi bitmək üzrədir. Beləliklə, Azərbaycan, Türkiyə və Gürcüstan birləşəcək, qədim İpək Yolu bərpa olunacaq, iki qitə arasında ticarət dövriyyəsi artacaq. Azərbaycan tranzit ölkəsi kimi bunda öz mühüm rolunu oynayacaq”.
 
 
Prezident görüşdə enerji təhlükəsizliyi məsələlərinin də müzakirə olunduğunu söyləyib: “Avropa ilə yaxşı tərəfdaşıq. Cənub Qaz Dəhlizi layihəsi ötən il təqdim edildi. Azərbaycan öz təşəbbüsü ilə bu layihəni irəli sürüb. Hazırda tərəfdaşlar, qonşu ölkələr və sərmayədarlarla birlikdə işləyirik ki, bu layihəni vaxtında icra edək. Bizim təsdiqlənmiş qaz ehtiyatlarımız 2,6 trilyon kubmetrdir. “Şahdəniz” qaz yatağının ehtiyatı 1 trilyondan artıqdır. Bu da gələn on illər ərzində bizi qazla təmin edəcək. Cənubi Qaz dəhlizi layihəsi ölkələri birləşdirən layihədir. Bu isə istehsalçı, istehlakçı və tranzit ölkələrə xidmət edən bir layihədir. Ölkələr arasında tarazlıq təmin edilməlidir. Bu, fevral ayında Bakıda məşvərət şurasının iclasında qəbul edilən bəyannamədə öz əksini tapıb. Bu ilin mart ayında TANAP layihəsinin tikintisi başlayıb. Biz işləri vaxtında aparırıq. Enerji təhlükəsizliyi milli təhlükəsizlikdən ayrı ola bilməz. Bu layihə həm də enerji diversifikasiyası layihəsidir və nəinki marşrutların, həmçinin mənbələrin də şaxələndirilməsi deməkdir. Azərbaycan öz ehtiyatları, infrastrukturu və təcrübələri ilə belə bir meqalayihəni həyata keçirmək əzmindədir. Biz şadıq ki, Azərbaycanın bu sahədə rolu Avropa İttifaqının bu yaxınlarda qəbul edilmiş sənədlərində öz əksini tapıb”.
 
"Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləyir".
 
APA-nın verdiyi xəbərə görə, bunu isə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk deyib.
 
“Biz ümidvarıq ki, Dağlıq Qarabağ münaqişəsi yaxın vaxtlarda həllini tapacaq. Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyirik. Münaqişənin həlli fəaliyyətimizin prioriteti olmalıdır. Biz ATƏT çərçivəsində aparılan Minsk prosesini dəstəkləyirik”, - deyə D. Tusk qeyd edib.
 
Aİ Şurasının prezidenti də vurğulayıb ki, Azərbaycan Avropa İttifaqının vacib tərəfdaşlarındandır: "Biz gələcəkdə atacağımız addımlar barədə danışdıq. Azərbaycan Aİ-nin etibarlı tərəfdaşıdır və biz bu tərəfdaşlığı davam etdirmək istəyirik”.
 
D. Tusk Azərbaycan prezidenti ilə viza rejiminin sadələşdirilməsi məsələsini müzakirə etdiyini və bu ilin sonunadək danışıqların yekunlaşacağını da bildirib.
 
“Azərbaycanın Şengen zonasına daxil olmasını istəyirik. Xalqlar bu və ya digər ölkələrdən sərbəst səfərlər etsinlər. Biz belə bir razılığa gəldik ki, viza rejimi sadələşdirilsə, sürəkli giriş-çıxış üçün Şengen vizalarının verilməsi asanlaşacaq", - deyə o vurğulayıb.
 
Sonda jurnalistlərin sualları cavablandırılıb.
 
*     *      * 
10:22
 
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iyulun 22-rəsmi qarşılanma mərasimi olub.
 
AZƏRTAC bildirir ki, Azərbaycanın və Avropa İttifaqının bayraqlarının dalğalandığı meydanda hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
 
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə raport verdi.
 
Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tusku qarşıladı.
 
Fəxri qarovul dəstəsinin rəisi Avropa İttifaqı Şurasının prezidentinə raport verdi.
 
Avropa İttifaqının və Azərbaycanın himnləri səsləndi.
 
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Avropa İttifaqı Şurasının prezidenti Azərbaycan əsgərlərini salamladı.
 
Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Donald Tuska, Avropa İttifaqı nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olundu.
 
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.
 
Prezidentlər rəsmi foto çəkdirdilər.
 
 
 
 
 
 
Cia.az