|
Kreml Saakaşvilinin Azərbaycan bəyanatını şərh etmədi

Kreml Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin hazırkı qubernatoru Mixail Saakaşvilinin Rusiya prezidenti Vladimir Putinin Gürcüstana, Ukraynaya, Baltikyanı ölkələrə və Azərbaycana münasibəti barədə dediklərini “heç bir halda şərh etmək istəmir”.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov M.Saakaşvilinin sözlərinə inanmağın “şübhəli olduğunu” bildirib.

“Saakaşviliyə nə dərəcədə inanmağın lazım olduğu yəqin hamıya aydındır. Bu, onun hazırda gəlişinə qadağa qoyulmuş öz ölkəsində də yaxşı məlumdur, digər ölkələrdə, o cümlədən Rusiyada da...” - deyə D.Peskov bildirib.

Qeyd edək ki, M.Saakaşvili Britaniyanın “The İndependent” qəzetinə müsahibəsində rus əsgərlərinin Azərbaycan və Gürcüstana qayıtmasını istisna etmədiyini bildirmişdi.

Cia.az