|
Azərbaycan Bəstəkarlar İttifaqında kamera konserti təşkil olunacaq

Azərbaycan Bəstəkarlar İttifaqı yeni mövsümdə keçiriləcək silsilə konsert proqramlarına hazırlaşır.

Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi, professor Cəlal Abbasov Azərtac- a bildirib ki, təmsil etdiyi qurumun təşkilatçılığı ilə üçüncü dəfə "Azərbaycan bəstəkarlarının kamera əsərləri gənc bəstəkarların təqdimatında" adlı silsilə konsert proqramı təşkil olunacaq. Dahi Azərbaycan bəstəkaır Üzeyir Hacıbəylinin 130 illik yubiley tədbirləri çərçivəsində keçiriləcək konsert proqramına yaşı 30–dək olan gənc ifaçılar qatılacaq. Oktyabr ayına planlaşdırılan konsertdə Azərbaycan Milli Konservatoriyası, Bakı Musiqi Akademiyası və orta ixtisas musiqi məktəblərindən olan gənc istedadlı ifaçılar müxtəlif musiqi nömrələri ilə çıxış edəcəklər. Konsertdə skripka, qanun, kamança, tar, violonçel və fortepiano alətlərində Azərbaycanın klassik musiqi əsərləri ilə yanaşı, gənc bəstəkarların da əsərləri səsləndiriləcək.

Cəlal Abbasov deyib: "Bizim məqsədimiz bəstəkarlarımızın unudulan əsərlərini yada salmaq, gənc bəstəkarlarımızın əsərlərini tanıtmaq, eyni zamanda, gənc ifaçıların istedadlarını üzə çıxarmaqdır".

Cia.az