Suraxanı rayon İcra Hakimiyyəti başçısı İlqar Abbasov yeni iddiaya düşüb.
O, hazırda rəhbərlik etdiyi rayondakı postunu Bakının digər prestijli rayonların birinə və yaxud da daha yüksək vəzifələrdən birinə dəyişməyə can atır.
Bu barədə verilən məlumata görə, İlqar Abbasovun belə iddiaya düşməsi səbəbsiz deyil: «2005-ci ilin dekabr ayından Suraxanıya rəhbərlik edən İlqar Abbasov burada çox ciddi problemlərin əsasını qoyub. O, neftin balansında olan torpaq sahələrinin kütləvi satışını həyata keçirməklə yanaşı, həm də rayonda o qədər də ciddi abadlıq layihələri həyata keçirə bilməyib. Bu isə hakim düşərgənin idarəetmə siyasətinə yeni dizayın verməyi planlayan iqtidarın maraqlarına cavab vermir. Onun üçün də onunla yolları ayırmaqda qərarlıdırlar. İcra başçısı da bunu bildiyindən barəsində artan müstəvidə davam edən şikayətlərin qarşısını almağa çalışmaqla yanaşı, vəzifə yerini dəyişməyə cəhd edir. Görünür, o, bununla növbəti dəfə təhlükədən sığortalanmaq istəyir. Maraqlı burasıdır ki, onun bu məqsədlə bir neçə nəfərə minnətçi düşdüyü də sirr deyil».
İlqar Abbasovun hədəfə alınmasını şərtləndirən digər bir məqamın isə onun sabiq səhiyyə naziri, hazırda çoxsaylı ittihamlarla həbsə atılmış Əli İnsanovun keçmiş silahdaşlarından sayılan Vəkil Abbasovun əmisi oğlu olmasıdır.
Əli İnsanovun həbsindən sonra Nərimanovun icra başçısı işləyən İlqar Abbasovun da vəzifəsini itirəcəyi proqnozlaşdırılsa da, o, Suraxanıya «transfer» olunmaqla, özünü mümkün təhlükədən qoruya bildi: «İlqar Abbasov Əli İnsanovun həbsindən düz iki ay sonra Suraxanıya «transfer»ini həyata keçirə bildi. O zaman özünü prezident İlham Əliyevi dəstəkləyən «gənc islahatçılar» komandasının üzvü sayan İlqar Abbasovun əslində, Nərimanovdan uzaqlaşdırılması təkcə şübhədən irəli gəlmirdi. Onun Əli İnsanovun yaxın ətrafına hansı dəstəklər verməsi haqda iqtidarda olan müəyyən faktlar da var idi. İqtidarda müəyyən qruplar bunları unutmayıb və onlar getdikcə həssaslaşan siyasi mənzərədə İlqar Abbasov kimilərlə yolları ayırmağa qərarlıdırlar»("Reytinq").
