|
“Taktikanı dəyişmək zamanıdır, qana-qan...”

Arzu Nağıyev: “Artıq hər bir itkiyə dəfələrlə artıq cavab vermək gərəkdir”

Qarabağ ətrafında mövcud olan gərginliyin müharibə fazasına keçməsi ehtimalını son vaxtlar əcnəbi ekspertlər və rəsmilər də davamlı şəkildə təsdiqləməyə başlayıb. Amerikalı həmsədrin xəbərdarlıqlarının ardınca ABŞ dövlət katibinin Şərqi Avropa, Qafqaz və regional konfliktlər məsələləri üzrə müavini Erik Rubin də Brukinqs İnstitutunda çıxışı zamanı müharibə ehtimalından danışıb. 

Qeyd edək ki, bir gün öncə “Yeni Müsavat” Qarabağda savaş risklərinin artmasından yazmışdı. Amerikalı vasitəçi C.Uorlikin, həmçinin NATO yetkilisinin “müharibə hər an alovlana bilər” xəbərdarlığına istinad edən qəzet Azərbaycan rəhbərliyinin sonuncu varianta əl atmaq məcburiyyəti qarşısında qaldığını vurğulamışdı. Ali Baş Komandan İlham Əliyevin bir neçə gün öncə hökumətin müşavirəsində “Bir həftəyə işğalçının daşı daş üstdə qalmaz” xəbərdarlığı etməsi, eyni zamanda müdafiə naziri Zakir Həsənovun düşmənin atəş zərbələrinin qarşılığında ermənilərin sıx məskunlaşdığı ünvanların da hədəfə alınması barədə əmri savaşın qapıda olduğunu təsdiqləyir. 

Bu arada  Azərbaycanın Hərbi Hava Qüvvələrinə məxsus döyüş helikopterləri və qırıcı təyyarələrinin cəbhəyanı bölgədə təlim uçuşlarına başlaması düşmən tərəfdə, eyni zamanda həmsədrlərdə ajiotajın yaranmasına səbəb olub. 

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, bu gün doğrudan da istər regionda , istərsə də dünyada böyük gərginliklər yaşanır: “Sanki bir bölgü aparılır. Bu bölgü istər siyasi, istərsə də dini baxışlara görə qabardılır. Həmin proseslər Dağlıq Qarabağ münaqişəsinin həllinə də sirayət etməyə başlayıb. Hər gün ermənilərin təxribatları ilə rastlaşırıq, cavab atəşləri açmağa məcbur oluruq və s.”
 
A.Nağıyev qeyd etdi ki, son vaxtlar münaqişənin həlli istiqamətində ABŞ təşəbbüsü ələ almağa səy göstərir: “Bu, ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlikin bəyanatlarından və görüşlərindən də hiss olunur. Məlumdur ki, iki ölkənin rəhbərlərinin görüşləri də nəzərdə tutulur. Lakin bütün bu səylərə baxmayaraq, Ermənistan rəhbərliyi öz havadarları sayəsində ərköyün uşaq prinsipi ilə seçib. Ümumiyyətlə, praktika göstərir ki, böyük sülh görüşləri haqqında söhbətlər gedəndə Ermənistan təxribatları genişləndirir. Çünki istər Madrid prinsiplərində, istərsə də digər təkliflərdə ərazi bütövlüyü mütləq şərtdir. Bundan başqa, məlumdur ki, Ermənistanda daxili siyasətdə böyük gərginlik hökm sürür. Dağlıq Qarabağ ərazisindən Sərkisyan özünə sadiq hərbi qüvvələrin bir hissəsini İrəvana gətirib və onların yerini üç minlik ordu və tanklarla əvəz edib. Bütün bunlar Azərbaycan tərəfinin güclü manevrlər etməsi üçün bir təkandır və bunu da ordumuz edir. Güc nümayişinə gəldikdə isə sülhə vadar etmək üçün gücümüzü göstərməliyik. Artıq taktikanı dəyişmək zamanıdır, qana-qan, hər bir itkiyə dəfələrlə artıq cavab vermək gərəkdir. Bir sözlə, bütün bəyanatlara baxmayaraq, bu, hələ müharibə demək deyil. Hazır olmaq isə həmişə lazımdır və bu da edilir”.

“Ermənilər tərəfindən işğal olunan torpaqları azad etmək üçün tez bir zamanda müharibə olmalıdır”. Bunu isə modern.az-a Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev deyib. O bildirib ki, müharibə olduğu təqdirdə Azərbaycan bütün torpaqlarını geri qaytara bilər:
 
“Biz döyüşçülər həmişə müharibənin olmasına hazırıq. Hər zamanda müharibənin olmasını arzulayırıq. Çünki biz prezidentimizə, özümüzə və xalqımıza arxayınıq. Hamımız Ali Baş Komandanın ətrafında birləşib, tezliklə bu şərəfli müqəddəs müharibəmizi edib torpaqları azad eləməliyik”.
Cia.az