Siyavuş Novruzov: “Postsovet ölkələri arasında Avropa İttifaqı ilə ən böyük ticarət dövriyyəsi olan ölkə Azərbaycandır”; Hikmət Hacızadə: “Avropa ilə biznes məsələsi gələcəkdə sual altına düşə bilər”
“Azərbaycan vaxtilə Avropa Şurasına üzv qəbul olunanda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Bu öhdəliklər yerinə yetirildikcə görürük ki, daha sərt, kobud, saymazyana, yuxarıdan-aşağı baxmaq şərtilə ortaya yeni-yeni ədalətsiz məsələlər qoyulur. Bunlar hər bir insana, ya dövlətə eyni standartla yanaşsalar, deyərik ki, bizdə də bir nöqsan varsa, qaldırılırsa, baxaq, müzakirə edək. Amma biz görürük ki, başqa dövlətə ümumiyyətlə heç fikir verilmir, əksinə, ünvanına tərif deyilir, onqat dəstək, yardım edilir, onlardakı problemlər gizlədilir, müzakirəyə çıxarılmır.Azərbaycanda isə kiçik bir hal baş verən kimi başlayırlar onu şişirtməyə, daha da böyütməyə, hansısa addımlar atmağa”.
Bu fikirləri “Yeni Müsavat”a açıqlamasında YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov söylədi. Hakim partiya nümayəndəsi prezidentin son müşavirədə Avropa dövlətlərini və qurumlarını sərt tənqid etməsinin pərdəarxası məqamlarından danışarkən qeyd etdi ki, bütün bunlar heç də Azərbaycanın öz qapılarını Avropanın üzünə qapatmaq fikrində olması anlamını daşımamalıdır. YAP funksioneri Avropa dairələrinin Azərbaycana qarşı qərəzli olduğunu düşünür: “Vaxtilə biz Avropa Şurasına daxil olanda şərtlərdən biri bu idi ki, Azərbaycanda siyasi məhbus olmamalıdır. Ümumiyyətlə, siyasi məhbus anlayışı yoxdur, bunun hüquqi təsnifatı mövcud deyil. İndi bunlar məsələni qaldırıb ortaya qoyublar, bu, aydındır. Hətta vaxtilə bizi vadar etdilər ki, Avropa dəyərlərinə hörmətimizi, etimadımızı göstərməkdən ötrü Ələkrəm Hümmbətovu belə azad etdik. Hansı ki, bu gün o, Ermənistana da gedib-gəlir, orada təşkilat da yaradır. Onun adını həmin bu Leyla Yunus və ətrafında olanlar siyasi məhbus siyahısına salmışdı. Rəhim Qazıyev kimi adamların və bu kateqoriyadan olan insanların adını siyasi məhbus siyahısına saldılar. Guya bunlar siyasi məhbusdur. Halbuki bunlar Cinayət Məcəlləsinin bəlkə 90 maddəsi ilə ittiham olunmuşdular və daha artıq ittihama məruz qala bilərdilər. Çünki Azərbaycanda olmazın cinayətlər törətmişdilər. O zaman bir qrup adamın azad olunması məsələsi ortaya qoyuldu və onlar azad olundu. Biz Avropa Şurasına daxil olandan sonra həm də avtomatik olaraq Avropa Məhkəməsinin üzvüyük. Odur ki, siyasi məhbus məsələləri gündəmdən çıxmalıdır. Yəni əgər insan hesab edirsə ki, onun siyasi baxışları ilə əlaqədar ona qarşı hər hansı təzyiqlər olunur, yaxud həbs edilib, məhkəməyə müraciət edir. Bütün yerli məhkəmələrdən keçəndən sonra Avropa Məhkəməsinə müraciət etmək hüququ var. Lakin biz nəyin şahidi oluruq? İlkin məhkəmə qərar çıxartmamış Avropa Məhkəməsi heç bir sənədə əsaslanmadan bəyanat verir ki, filankəs dərhal azadlığa buraxılmalıdır. Sən bunun istintaqını, müzakirəsinimi aparmısan, bu məsələdən məlumatınmı var? Heç nədən məlumatı yoxdur, sadəcə olaraq, hansısa partiyanın üzvüdür deyə, onun müdafiəsinə başlayırlar. Elə adam var 3 aydır bir QHT yaradıb, guya insan hüquqları ilə məşğul olur, heç kəs də onu tanımır. Görür ki, maliyyə və digər məsələlərlə bağlı cinayətlər törədib, dərhal bir təşkilat yaradır və həmin təşkilatın adı altında məsuliyyətdən yayınmağa çalışır. Onlarla belə fakt göstərmək olar. Bu, həmin strukturların ədalətsiz yanaşmasıdır”.
S.Novruzov Bakının Avropa ilə əməkdaşlıqda maraqlı olduğunu vurğuladı: “Biz səmimi əməkdaşlıq təklif edirik. Avropanın ayrı-ayrı dairələri ilə səmimi əməkdaşlığımız var. Postsovet ölkələri arasında Avropa İttifaqı ilə ən böyük ticarət dövriyyəsi olan ölkə Azərbaycandır. Dövriyyə 20 milyard dollardır. Avropa ilə bağlı bəyanat verən ölkələrin heç beşinin bir yerdə Azərbaycan qədər dövriyyəsi yoxdur. Yəni biz Avropa strukturları ilə əməkdaşlıq edirik. Ordan ki, belə ədalətsiz mövqe görəndə istər-istəməz hər bir dövlət götür-qoy edir. Məsələn, sabah mən maşını Almaniyadan yox, Yaponiyadan ala da bilərəm. O mənə Yunanıstan kimi güzəştli şəkildə kredit vermir, yaxud hər hansı təminatımı həll etmir, malını satır, mən də alıram. Əksinə, bu gün onların Azərbaycandan asılılığı var, Azərbaycanın yox. Azərbaycan Avropanın enerji təhlükəsizliyində aktiv iştirak edir. Yaxud Azərbaycan nə əzab-əziyyətlər, təzyiqlərlə qaz kəmərlərini hansı istiqamətə yönəldib, bu da bəllidir. Bütün Şərqi Avropa, o cümlədən İtaliya və digər Avropa dövlətlərinin qaz asılılığından xilas etməyə çalışır. Bunun qarşılığında Azərbaycana dəstək əvəzinə, götürüb Avropa Birliyində ”İdman oyunları və insan hüquqları" müzakirəsi keçirirlər. Elə müzakirə edənsiniz, FİFA-nın məsələsini müzakirə edin də. Dünyanın bir strukturudur, rüşvətxorluq məsələsi qoyulmuşdu. Bir tərəf deyir, “alıb”, o biri tərəf deyir, “almayıb”. AFFA ilə Dünya Futbol Federasiyası arasında gərginlik, qırğın gedir. Yaxud Dünya Bankının rəhbəri böyük miqdarda rüşvət üstündə, yaxud maliyyənin düzgün istiqamətdə yönəldilməməsinə görə həbs edilir, bunlardan niyə danışmırsınız? Biz ikitərəfli əməkdaşlığın, bərabər tərəfdaşlığın tərəfdarıyıq, bizdə böyük qardaş, kiçik qardaş məsələsi yoxdur. Biz necə böyük hörmətlə yanaşırıq, onlar da bizə hörmətlə yanaşmalıdır və diktə ilə danışmamalıdırlar".
Prezident İlham Əliyev son müşavirədə Avropanı çox sərt tənqid elədi. Həmişəkindən də çox sərtliklə. Azərbaycan Avropadan asılı deyil, onlar bizdən asılıdır - dedi. Neft-qaz məsələlərini xatırlatdı, lazım olsa, Avropa Şurasından çıxarıq söylədi. Bu fikirlər nə anlam daşıyır, Azərbaycan qapılarını Avropanın üzünə qapayır, yoxsa bu fikirlər əslində Avropanın Azərbaycana diqqətini artırmaq üçündü?
Politoloq Hikmət Hacızadə Azərbaycan-Avropa münasibətlərinin perspektivlərini şərh etməyin çətin olduğu qənaətindədir: “Mən dəqiq bilə bilmərəm ki, İlham Əliyevin ürəyində nə var. Ancaq iki məsələ güman oluna bilər: birincisi, Rusiya məsələsidir. Putinə göstərmək ki, biz avropalıların deyil, Rusiyanın tərəfindəyik və heç vaxt Avropa və NATO haqqında düşünməyəcəyik. Onun müqabilində isə Putindən Qarabağ məsələsində dəstək istənilir. İkincisi isə Qərbin ölkəmizdə demokratiya və insana hörmət tələblərinə sərt şəkildə ”yox" deməsidir. Bəlkə də müxtəlif rəngli inqilabların preventiv olaraq qarşısını almaq məsələsidir".
Azərbaycan enerjidaşıyıcılarının nəqli məsələsində Qərblə uzun illərdir ki, əməkdaşlıq var və hələ reallaşmamış iri layihələr də var. Münasibətlərin pozulması halında bütün bu əməkdaşlığa son verilə bilərmi? Yoxsa Qərb də Rusiya təhlükəsini nəzərə alıb Azərbaycanın mövqeyini anlayışla qəbul edir?
H.Hacızadə əməkdaşlıqdan imtinanı mümkün saymır: “Biznes məsələsi dəyişməz qalacaq. Əlbəttə, bu da gələcəkdə sual altına düşə bilər. Çünki Putinlə yaxınlaşsan, bəlkə o sonra sənə iqtisadi tələblər də qoya bilər. Ancaq bu, hələ ki yoxdur. Hələ Moskvadan bu istiqamətdə ciddi tələblər irəli sürülmür. Amma gələcəkdə ola bilər”.
Cia.az
