İyulun 15-də "Gənclik" stansiyasının keçidlərində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) və "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə "Metro Gallery" layihəsi çərçivəsində fotoşəkilərdən ibarət sərgi açılıb.
Sərginin açılış mərasimində QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb.
Bildirib ki, metronun təmirdən çıxmış keçidlərində təşkil edilən bu tədbirlər "Bakı Metropoliteni" QSC-nin sosial yönümlü proqramlarının tərkib hissəsidir. Metronun kütləvi ictimai nəqliyyat vasitəsi olduğunu nəzərə alaraq, demək olar ki, fotoqrafların əsərlərini geniş kütləyə təqdim etmək üçün metro ən yaxşı məkanıdır.
Vurğulanıb ki, "Metro Gallery" belə bir layihənin başlanmasına mart ayında start verib. Layihəyə marağın həddən artıq olmasını 126 nəfərin təqdim etdiyi 1857 fotoşəkil də sübut edir. Mövzular müxtəlif və rəngarəngdir. Daha istedadlı 39 iştirakçının 92 əsəri əməkdar mədəniyyət işçisi Fərid Xayrulinin rəhbərlik etdiyi peşəkar münsiflər heyəti tərəfindən seçilib.
Sonra sərgi iştirakçılarından Ruslan Məmmədov, Azərbaycan Fotoqraflar Birliyinin sədri Mirnaib Həsənoğlu, İspaniya Krallığının ölkəmizdəki müvəqqəti işlər vəkili Xose Luis Diez Xuarez və başqaları çıxış ediblər.
Qeyd edək ki, sərgi noyabrın 15-dək davam edəcək.
Cia.az
