|
Leyla və Arif Yunusların məhkəməsi olaylı başladı

Həbsdə olan ər-arvad bir il sonra şüşə qəfəs arxasında görüşdülər; Leyla Yunus arıqlayıb, Arif Yunusun boynunda isə şiş əmələ gəlib 

İyulun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun (SDİ) rəhbəri Leyla Yunus və həyat yoldaşı Arif Yunusun məhkəməsi başlayıb. Məhkəmənin keçiriləcəyi binanın qarşısında xeyli sayda xarici ölkə səfirlikləri və təşkilatının nümayəndələri, eləcə də ölkəmizin tanınmış simaları toplaşmışdılar.

Proses 10:00-a təyin olunsa da, bir qədər gec başladı. Məhkəmənin kiçik zallardan birinə salınması iştirakçıların ciddi etirazına səbəb oldu. Zala xarici nümayəndələr və jurnalistlərdən əlavə, demək olar ki, heç kim keçə bilmədi.  

Yunuslar şüşə arxasına salınmışdılar. Zala daxil olanda L.Yunusun xarici görkəminin dəyişdiyi, arıqladığı dərhal nəzərə çarpırdı. Bir ildir bir-birilərini görməyən Yunusların görüş səhnələri hər kəsi qəhərə boğurdu...
 
İlk olaraq, hakim Əfqan Hacıyev məhkəmə heyətinin tərkibini və Yunuslara qarşı irəli sürülən maddələri elan etdi. Ardınca Göyçaydan olan tərcüməçi özü barədə məlumat verdi. Leyla və Arif Yunus məhkəmə tərkibinə münasibət bildirməkdən imtina etdilər. 
 
Ə.Hacıyev təqsirləndirilən şəxslərin kimlikləri barədə proses iştirakçılarını məlumatlandırdı. Hakim qeyd etdi ki, məhkəmənin başlaması haqqında hər iki şəxsə bildiriş göndərilib. 
Daha sonra müdafiə və zərərçəkmiş tərəfin tərkibləri açıqlandı. Təqsirləndirilən şəxslər tərkiblə razı olduqlarını bildirdilər.  Zərərçəkmiş Vəfa Səfərəliyevin nümayəndəsi Şöhrət Allahmanovun adı çəkiləndə zalı etiraz bürüdü. Hakim xəbərdarlıq etdi. 
 
Müdafiə tərəfindən ilk olaraq, A.Yunusun vəkili Əfqan Məmmədov bir sıra vəsatətlərlə çıxış etdi: “Çıxışıma başlamazdan əvvəl xahiş edirəm ki, vəsatətlərim təmin olunsun. Çünki bu vəsatətlərin təmin olunması üçün maneələr görmürəm. İlk vəsatətim hüquqlarını müdafiə etdiyim şəxsin şüşə arxasından çıxarılıb müdafiəçisinin yanında əyləşdirilməsi ilə bağlıdır. Məhbusun şüşə arxasında mühakimə olunması Avropa Konvensiyasının maddələrinə ziddir. Bu, insan şəxsiyyətinə hörmətsizlik, şərəf və ləyaqətin alçaldılması deməkdir. Müdafiə tərəfi olaraq, məhkəmə prosesi zamanı daim məhbusla məsləhətləşə bilmirik. Leyla və Arif Yunusun saxlanıldığı şüşə arxasında stol belə yoxdur. İkinci vəsatətim həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə əlaqədardır. İşə xitam verilməsində bir problem görmürəm. Çünki heç bir cinayət tərkibi yoxdur. Arif Yunus kimi aldadıb? Sadəcə, hüquqlarını müdafiə etdiyim şəxs kiminsə hikkəsinə qurban gedib”.

L.Yunusun vəkili Ramiz Məmmədov da geniş çıxış edərək  vəsatətlər qaldırdı: “Vəsatətlərimdən biri təqsirləndirilən şəxslərin şüşə arxasında saxlanılması ilə bağlıdır. Bəzən problemlər yaranır ki, bunun üçün məhbusla məsləhətləşmək zərurəti yaranır. Ona görə də hüquqlarını qoruduğum şəxsin şüşə arxasından çıxarılmasını xahiş edirəm. Digər vəsatətim proses zamanı texniki vasitələrdən (audo-video) istifadə edilməsi ilə əlaqədardır. Bunu təmin etməyə ciddi əsaslar var. Üçüncü vəsatətim isə həbs qərarının dəyişdirilməsi ilə bağlıdır. Leyla xanım haqqında həbs qərarı çıxarılandan sonra onun iki dəfə həbs müddəti uzadılıb. İndiyə qədər ev dustaqlığı ilə bağlı vəsatətlər verdik. Amma rədd edildi. İttiham tərəfi Leyla xanımın qaçmasını əsas gətirir. Həbsdə olandan sonra bu əsas itir. Bizi hazırda əsas narahat edən məsələ Leyla Yunusun səhhətidir. Özü də daim səhhətindən şikayətlənir. İndiyə qədər Avropa Şurasından 5 dəfə həkim gəlib. Azərbaycan həkimlərinə inam yoxdur. Həkimin yazdığı dərmanlar Amerikadan gətirilir. Bir dərmanın qiyməti 40 min manatdır. Leyla xanımın qaraciyəri pis vəziyyətdədir. Əgər Amerikadan baha qiymətə dərmanlar gətirilirsə, demək, vəziyyət ağırdır. Bu dərmanlar seyfdə saxlanılır. Oğurlanar deyə Leyla xanıma açar təqdim ediblər. Bütün bunlara baxmayaraq, ekspertin onun səhhəti ilə bağlı rəyi insanı üzür. Leyla Yunus indiyə qədər 6 dəfə qadın xəstəlikləri ilə bağlı əməliyyat olunub. Gözlərindən iki dəfə cərrahi əməliyyat keçirib. Hepatit S-dən də əziyyət çəkir. Bir vətəndaş olaraq, onun ölməsini istəmirəm. Belə bir nüfuz sahibi olan şəxsin həbsxanada ölməsi bizlərə başucalığı gətirməz. İstintaq artıq yekunlaşıb.  Ev dustaqlığına buraxılmasına əsas var. Çünki şəxsiyyət vəsiqəsi də istintaqdadır. Zərərçəkmişin nümayəndəsi Şöhrət Allahmanovun işinə xitam verilməsini xahiş edirəm.  Çünki  Sülh və Demokratiya İnstitutu qeydiyyatdan keçməyib. Qeydiyyatdan keçməyən təşkilat qrant alırsa, qanunda məsuliyyət yoxdur. Bağlanan müqavilələrin zərərçəkmiş şəxslərə nə aidiyyəti var? Məhkəmənin sonlarında deyəcəklərimin bir hissəsini indi dedim. Sonra gec olar deyə. Sadəcə, faydalı olmasını istədim”.
 
Leyla Yunusun digər vəkili Elçin Qəmbərov şahid qismində adıçəkilən şəxslərin işinə xitam verilməsini tələb etdi: “İşlə tanış olduğumuz zaman şahid ifadələrinin çıxarıldığını gördük. Bu ifadələrin Leyla xanıma aidiyyəti yox idi. Hamısı ona olan nifrətə görə verilən ifadələr idi. Şahidlərdən Mətanət Əzizova hazırda Çexiyada sığınacaq alıb və orada yaşayır. Onun ölkəyə qayıtması mümkün deyil. Ona görə də Sahib Məmmədov, Mətanət Əzizova və digər şahidlərin adlarının çıxarılmasını xahiş edirəm”.
 
A.Yunusun vəkili Əfqan Məmmədov bütün vəsatətləri dəstəklədiyini, istintaqın obyektiv aparılmadığını bildirdi. O da  işə xitam verilməsini tələb etdi. 
 
Zərərçəkmişin nümayəndəsi Şöhrət Allahamanov verilən vəsatətlərin əleyhinə çıxış edərək, rədd edilməsini xahiş etdi. 
 
Prokuror Fərid Nağıyev vəsatətlərə münasibət bildirərək, işin  məhkəmə baxışına göndərilməsini təklif etdi:“Leyla Yunusun həbsinə əsas var. Onlara aprelin 28-də çağırış vərəqəsi verilib. Lakin həmin gün axşam 23:30-da ölkədən gedərkən saxlanılıblar. Leyla Yunusun səhhəti tam nəzarət altındadır. Rəhbəri olduğu qurum qeydiyyatdan keçmədiyinə görə o, özünü ”Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya uğrunda" qeyri-hökumət təşkilatının sədr müavini kimi təqdim edərək, hesaba yüksək məbləğdə pullar daxil edib. Ümumilikdə 23 müqavilə var. Arif Yunusun bu işlərlə əlaqəsi olmasa da, qanunsuz əməldə əlbir olub. Vəsatətlərin təmin olunmasına heç bir əsas yoxdur. İş məhkəməyə göndərilsin".
 
Bundan sonra prosesdə fasilə yarandı. Hakimlər qərar qəbul etmək üçün müşavirəyə getdilər. 
 
Bütün proses boyu susan Leyla Yunus fasilə zamanı xarici nümayəndələrə və jurnalistlərə ingilis və rus dillərində müsahibə verdi. SDİ rəhbəri işgəncələrə məruz qalmaları ilə bağlı danışdı: “Qəbul etdiyim dərmanlardan sonra özümü pis hiss edirəm. Gecələr ağrıdan yata bilmirəm. Arif qapalı yerdə saxlanılır. Boynunun arxasında xərçəng  xəstəliyi yaranıb. Hakimlər müşavirədən qayıdanda 5 dəqiqə vaxt istəyəcəm. Sözlərimi orada deyəcəm. İstintaq başa çatmamış işlə tanış oldum. Ciddi saxtakarlıqlar var idi. Qəzet məqalələrindən ittiham düzəldiblər. Biz istintaqda ifadə verməmişik. Arifə dələduzluq maddəsi bir hesabından digər hesabına pul köçürdüyünə görə irəli sürülüb. Məqsəd bizi fiziki cəhətdən məhv etməkdir. Həbsxanada işgəncələrə məruz qalmışam. Böyrək və baş nahiyəmdən zərbələr almışam. Keçən il 23 sentyabrda mənə işgəncə verildi. Sonuncu dəfə ötən ayın 20-də işgəncələrə məruz qaldım. Mayor Yaqubov gicgahımdan elə vurdu ki, sol gözüm görmür”.
 
Bundan sonra Leyla Yunusun danışmasına məhkəmə nəzarətçiləri mane oldular. Leyla və Arif Yunus məhkəmə zalından çıxarıldı. 

Yarım saatlıq müşavirdən qayıdan hakim qərarı açıqladı. Leyla Yunus qərar açıqlanarkən öz təpkisini göstərdi: “Siz qanuna hörmət etmirsiniz. Mənə çıxışım üçün imkan vermədiniz.  Bu, mənim  hüququmdur. Çünki vəsatətlərə münasibətim olmalı idi. Amma imkan vermədiniz. Bu o deməkdir ki, sizin məhkəmə anlayışınız yoxdur”.
 
Hakim çıxış edəndə məlum oldu ki, vəsatətlərin heç biri təmin olunmayıb və  iş məhkəmə baxışına qəbul edilib.
 
Proses 27 iyul saat 10:00-a təxirə salındı.

Prosesdən sonra L.Yunusun vəkili E.Qəmbərov mətbuata açıqlama verdi: “Bir daha əmin olduq ki, işin aparılması obyektiv olmayacaq. Vəsatətlərimizin heç biri təmin olunmadı. Birinci prosesdən məhkəməyə inamımız  qalmadı. Leyla xanımın işgəncələrə məruz qalması halları biz tərəfdən dəfələrlə qaldırılıb. Guya ki, bununla bağlı araşdırma aparılırdı. Amma bu günə qədər nəticəsi yoxdur. Leyla xanımın xəstəliyi elə ağırdır ki, türmə şəraitində müalicəsi mümkün deyil. Qanun tələb edir ki, müttəhimə söz verilsin. Amma hakim əksini etdi...”

Cavanşir ABBASLI
Fotolar müəllifindir
 
 
 







Cia.az