Müdafiə nazirinin ermənilərə zərbələr endirilməsi haqda göstərişi cəbhədə yeni vəziyyət yaradacaq; ekspertlərdən maraqlı şərhlər...
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində müşahidə olunan gərginliyin davam etməsi, bölgədə artan müharibə riskləri “turist səfərləri” ilə vaxtaşırı gündəmə gələn ATƏT-in Minsk Qrupunun həmsədrlərini yenidən hərəkətə gətirib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Ceyms Uorlik (ABŞ), Pyer Andrye (Fransa) və İqor Popov (Rusiya) iyulun 20-21-də regiona səfər edəcək.
Səfərdən öncə amerikalı həmsədrin sülhə yönəlik açıqlamalar verməsi, həmçinin Azərbaycan ərazilərini işğaldan azad etməyə çağırış etməsi Vaşinqtonun müharibə təhlükəsini nəzərə almasının əlaməti kimi xarakterizə oluna bilər. “İşğal olunmuş ərazilər kompleks nizamlanma çərçivəsində Azərbaycanın nəzarəti altına qaytarılmalıdır”, - deyə Uorlik “Vedomosti”yə müsahibəsinə deyib. Ardınca bildirib: “Ərazilər qaytarılmalıdır, lakin digər amillər də var. Ona görə də biz həmişə kompleks nizamlanmadan danışırıq”.
Bundan öncə ABŞ Senatının Dağlıq Qarabağ ermənilərinə maliyyə yardımı göstərməkdən imtina etməsi də yeni vəziyyətin yaranması kimi xarakterizə edilir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, ABŞ-ın qanunverici orqanı tərəfindən “Dağlıq Qarabağ münaqişəsinin qurbanları”na yardım edilməsi məsələsi uzun müddətdir ABŞ tərəfi ilə müzakirə edilir və bununla əlaqədar Azərbaycanın narahatlığı və narazılığı ABŞ tərəfinə daimi olaraq çatdırılır. H.Hacıyev bildirib ki, bu maddə ilə təxsis olan vəsait əsasən humanitar mina təmizlənməsinə sərf olunur: “Məhz buna görə də Ermənistan tərəfi ABŞ-da olan erməni lobbisinin bütün imkanlarını səfərbər edərək bu ifadəni ”Victims in Nagorno-Karabakh" formasında dəyişdirməyə çalışır. İngilis dilində anlayışı olanlar bu fərqi yaxşı başa düşürlər. Ümumiyyətlə isə qeyd edilməlidir ki, son bir neçə ildə ABŞ Konqresi bu bənd altında hər hansı yardım ayırmayıb".
Bakı ilə Pentaqon arasında əməkdaşlığın bərəpa olunması barədə rəsmi xəbərlərin də bu ərəfədə yayılması Vaşinqtonun Azərbaycanı maksimum incitməməyə çalışdığını deməyə əsas verir. Belə bir ərəfədə ABŞ diplomatının Azərbaycan ərazilərini qaytarmağa yönəlik çağırış etməsi müəyyən ümidlər yaradır.
***

“ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona gözlənilən növbəti səfəri zamanı hər hansı bir irəliləyişin olacağına inamım yoxdur. Bu səfər də onların əvvəlki səfərlərindən fərqlənməyəcək”. Bunu isə Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin rəhbəri Bayram Səfərov deyib. (APA) B. Səfərov qeyd edib ki, sülhməramlı qüvvələr yalnız Azərbaycan-Ermənistan sərhədinə yerləşdirilə bilər: “Azərbaycanın torpaqlarında, Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsinə ehtiyac yoxdur. Çünki bura Azərbaycan torpaqlarıdır”.
Politoloq Elxan Şahinoğlu da nikbin deyil: “Amerikalı həmsədr Ceyms Uorlik ilk dəfə deyil ki, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması vacibliyindən danışır. Doğrudur, bunu deyərkən torpaqların azad olunmasını bütöv razılaşmanın tərkib hissəsi kimi göstərir. Bütöv razılaşmada isə referendum və digər bu kimi təhlükəli bəndlər də yer alacaq və bu bizim maraqlara uyğun deyil. Ancaq Uorlikin ”ətraf rayonlar boşaldılmalıdır" fikrini səsləndirməsinin özü Vaşinqtonun Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın haqlı maraqlarına diqqət göstərdiyinin təcəssümüdür. Uorlik Dağlıq Qarabağ separatçılarının həbsdə saxladığı 2 azərbaycanlının girovluqdan azad olunmasının vacibliyini də bir neçə dəfə səsləndirib. Bu isə o deməkdir ki, amerikalı diplomat 2 azərbaycanlının həbsinə “əsas” göstərilən ittihamın saxta olduğuna işarə vurur".
Ekspertə görə, Vaşinqtonun bu yanaşmasını qiymətləndirmək lazımdır: “Ancaq hələ ki Azərbaycan rəsmilərindən Uorlikin bu açıqlamalarına reaksiya görməmişəm. Halbuki rəsmi reaksiya ilə Uorlikin açıqlamalarının həyata vəsiqə qazanması gərəkliyi bir daha xatırladıla bilərdi. Uorlikin bölgəyə sülhməramlı qüvvələrin yerləşdirilməsiylə bağlı fikri də yerindədir. Münaqişənin həllinin hansısa mərhələsində bölgəyə sülhməramlı qüvvələr yerləşdiriləcək.
Bu bizə də lazımdır ki, Dağlıq Qarabağa qayıdan azərbaycanlılar özlərini təhlükəsiz hiss etsinlər. Ancaq sülhməramlılar məsələsində bir neçə variant mümkündür: Birinci variant odur ki, sülhməramlılar yalnız Rusiyanın silahlı qüvvələrindən ibarət olacaq. Moskva və İrəvan məhz buna çalışırlar. İkinci variant odur ki, Türkiyə də bu prosesdə aktiv iştirak edir və sülhməramlılar həm rus, həm dər türk əsgər və zabitlərindən ibarət olur. Üçüncü variant isə ondan ibarətdir ki, həmsədr dövlətlər maraqlı tərəflər kimi sülhməramlı qüvvələrin tərkibində iştirak etmirlər. Yəni sülhməramlılar Polş, Norveç və digər neytral ölkələrin silahlı qüvvələrindən ibarət ola bilər”.

E.Şahinoğlu xatırlatdı ki, elə əvvəlki illərdə də bununla bağlı konsensus əldə olunmuşdu: “Aydındır ki, birinci variant bizim maraqlara uyğun deyil. Dağlıq Qarabağ elə vaxtilə məhz orada yerləşən sovet və rus hərbi birlikləri hesabına işğal olunmuşdu. Eyni səhvi təkrarlamaq bizə baha başa gələr. İkinci dəfə də Rusiya hərbi maşınının təkbaşına Dağlıq Qarabağa daxil olmasına yaşıl işıq yandırsaq, onlar oradan çıxmayacaq. O biri variantlar bu və ya digər dərəcədə bizim maraqlara uyğundur. ABŞ da istəməz ki, Rusiya ordusu təkbaşına Dağlıq Qarabağda var olsun. Deməli, bu məsələdə Bakı ilə Vaşinqtonun maraqları üst-üstə düşür. Odur ki, elə tək bu faktın özü Bakı ilə Vaşinqton arasında yaxınlaşmanı və geniş dialoqu zəruri edir”.
***
Bu arada Azərbaycanın müdafiə naziri Zakir Həsənov yaşayış məntəqələrinin ermənilər tərəfindən atəşə tutulması halında atıcı silahların əhatə dairəsindən uzaq olan düşmən mövqelərinə, erməni əhalinin sıx yerləşdiyi yaşayış məntəqələrinə və oradakı hərbi obyektlərə Azərbaycan ordusunun sərəncamındakı iriçaplı silahlardan dərhal zərbə endirilməsi barədə xüsusi tapşırıq verib. Ekspertlər deyir ki, nazirin ermənilərə zərbə endirilməsi tapşırığı Qarabağ cəbhəsində yeni vəziyyət yaradacaq və hər an böyük savaş başlaya bilər. Lakin bu halda Rusiya Ermənistan kəndlərinin atəşə tutulması halında müdaxilə edə bilərmi-sualı ortaya çıxır.
“Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun son bəyanatı düşmən tərəfin bir az özünü yığışdırmaq məqsədi ilə verilmiş xəbərdarlıq kimi qəbul edilməlidir. Şəxsən mən inanmıram ki, bizim hərbçilər bədnam qonşularımızın mülki əhalisi yaşayan məntəqələrini atəşə tutsunlar”.
Hərbi ekspert Üzeyir Cəfərov bu fikirdədir. Onun sözlərinə görə, söhbət sırf düşmənin təxribatı nəticəsində bizim mövqelərə açılan atəşlərin susdurulmasından gedir: “Ermənistan Silahlı Qüvvələri bir çox hallarda kəmfürsətlik edərək öz ərazilərindən bizim mövqelərimizi hədəfə alırlar. Əgər sabah düşmən tərəfi belə halları davam etdirəcəksə, bizim başqa yolumuz da qalmayacaq. Ordumuz ən sərt addımları atmağa məcbur olacaq. Bunun da məsuliyyətini birbaşa Ermənistan SQ və onların fitnə-fəsadına göz yuman ATƏT-in Minsk Qrupunun həmsədrləri və digər beynəlxalq qüvvələr daşıyacaq. Hər şeyin bir səbir həddi var. Son vaxtlar ermənilərin atıcı silahlarının ”rəngarəngliyi" də artıb. Əgər əvvəllər sadəcə avtomat və pulemyotlardan istifadə olunurdusa, indi həyasızlaşıb minaatan və bəzi yerlərdə də artilleriya mərmilərindən istifadə edirlər.
Onlar unutmamalıdırlar ki, bizim imkanlarımız bu gün o səviyyədədir ki, qarşı tərəfdə olan istənilən hərbi obyektləri məhv edək. Məhz buna görə də düşmənin bir az “qazını” azaltmaq üçün müdafiə naziri belə bir sərt xəbərdarlıq edib". O ki qaldı Azərbaycan ordusunun atacağı addımlara görə Rusiyanın münasibətinə, Ü.Cəfərov düşünmür ki, bu, bəyanatlardan, narahatçılıqdan o yana keçsin: “Bir də, məncə, bu rus xofundan qurtulmağın vaxtı çoxdan çatıb axı. Biz işğal altında qalan öz ərazimizin davasını aparırıq. Bizə yol göstərmək əvəzinə yaxşı olardı ki, aparıcı dövlətlər - ABŞ, Rusiya və Fransa işğalçı Ermənistanı beynəlxalq hüquq və normalara hörmət göstərməyə dəvət edəydilər”.
Ekspertin fikrincə, müdafiə nazirinin ordu birliklərinə erməni təxribatlarına “vur” əmri verməsi yerindədir:“Düşmən bizi ona görə Tovuz və Qazax istiqamətində vurmağa çalışır ki, sanki bizə xəbərdarlıq mesajı göndərir. Yəni biz Dağlıq Qarabağda hücum əməliyyatı planlaşdırsaq, onlar bizə Dağlıq Qarabağdan kənar - sərhədboyu ərazidə problem yaradacaqlar. Bu da bir növ bizi işğal altındakı rayonları azad etmək planından çəkindirməlidir. Ancaq Zakir Həsənovun ”vur" əmri ilə eyni problemi biz də Ermənistana yaşada bilərik. Əgər işğalçı dövlət Tovuz, Qazax, Gədəbəy və Dağlıq Qarabağla sərhəddə yerləşməyən bölgələrdə bizə problem yaradacaqsa, mülki əhalini hədəf alacaqlarsa, elə həmin istiqamətlərdə onların itkiləri bizdəkindən bir neçə dəfə çox olmalıdır. Bu, bizə ona görə lazımdır ki, işğalçı anlasın ki, Dağlıq Qarabağdan kənarda da onu ciddi problem gözləyəcək. Və onu da anlamalıdırlar ki, bu istiqamətlərdə bizə yaradılan problemlər Azərbaycanı işğal altındakı rayonları boşaltmaq istəyindən çəkindirməyəcək. Münaqişə bölgəsi Dağlıq Qarabağdır və məsələ bu ətrafda həll olunmalıdır, yox, əgər Ermənistan müharibəni daha geniş məkana yaymaq istəyəcəksə, bizim genişmiqyaslı müharibəyə başlamaqdan başqa alternativimiz qalmayacaq".

Ü.Cəfərov Ermənistan daxilindəki qarışıqlığın arxa plana keçirilməsi üçün Sərkisyan rejiminin müharibəni alovlandıracağı barədə ehtimallara da münasibətini açıqladı: “Təsadüfi deyil ki, prezident Serj Sarkisyanın əlaltısı sayılan müdafiə naziri Seyran Ohanyan dərhal cəbhə bölgəsinə gəldi və işğalçı ordunun zabit və əsgərlərinə bəzi təlimatları çatdırdı. Sözsüz ki, Ermənistan hiss edir ki, vəziyyət onlar üçün heç də ürəkaçan deyil. Hər mənada. Daxildə etiraz aksiyaları, xaricdə bir sıra ciddi hadisələr onların yuxusuna haram qatıb. Ən çox ümid bəslədikləri Rusiya tərəfindən hərbi əməliyyatlar başlayacağı təqdirdə hansı şərtlər çərçivəsində Sərkisyan və komandasına dəstək ola biləcəkləri sfera onları əsla qane etmir. Hətta son etiraz aksiyaları fonunda Ermənistanda Rusiyanın necə seçim etdiyi də açıq şəkildə hiss edilməkdədir. Dünya birliyi də artıq ermənilərin vay-şivəninə, hay-həşirinə əvvəlki illərdə olduğu kimi çox inanmır. Qafqaz kimi vacib bir regionda Azərbaycanın üç Cənubi Qafqaz respublikalarından biri kimi bütün sahələrdə öz sözünü daha ötkəm, daha prinsipial şəkildə, ən əsası isə müstəqil şəkildə deməyi bacaran bir qüvvəyə çevrildiyinin fərqində olanların sayı da artmaqdadır. Ona görə də Ermənistanın ağır günlərinin çox da uzaqda olmadığı haqqında bəzi mülahizələr və fikirlər söyləmək olar”.
Ü.Cəfərov zənn edir ki, Rusiya bu dəfə Qarabağ savaşının başlayacağı təqdirdə 90-cı illərdə olduğu kimi proseslərə müdaxilə etmək iqtidarında olmayacaq: “Bu, birmənalıdır. Diplomatik formada ola bilsin ki, hansısa isterik bəyanatlar, narahatlıqlar və sair olsun. Amma şəxsən mən inanmıram ki, rus əsgəri rəsmi qaydada gəlib Azərbaycanın beynəlxalq miqyasda tanınan ərazilərində əlində silah ermənilərin əvəzində vuruşsun, həyatını qurban versin”.
Cia.az
