Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin Əhməd Cavadın sözlərinə bəstələdiyi dövlət himnimiz ilk dəfə 1990-cı il mayın 28- də Bakı Musiqi Akademiyasında səslənib.
Bu barədə akademiyanın elmi və yaradıcılıq işləri üzrə prorektoru, professor, əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə məlumat verib.
Hələ keçmiş sovetlər dövründə himnimizi ifa etmək ən böyük arzusu olsa da, lakin mövcud əngəllərlə qarşılaşan əməkdar incəsənət xadimi gizli repitisiyalarla Üzeyir Hacıbəylinin bəstələdiyi himnin notlarının ifa məşqlərinə başlayıb.
Gülnaz Abdullazadə deyib : "O vaxtlar qərara aldıq ki, müəyyən vaxt çərçivəsində elmi-praktik konfrans keçirək və orda himnimizin səsləndirilməsi məsələsini qaldıraq.1990- cı il mayın 16-da "Qədim dövr və orta əsərlərdə Azərbaycanın bədii mədəniyyətinin yaranması və inkişafının sosial aspekti" mövzusunda Azərbaycan mədəniyyətinə aid olan ümumi elmi-praktik konfrans keçirdik. Sonra tanınmış Azərbaycan alimlərinin dəstəyi ilə qərara aldıq ki, 28 may- Respublika Günündə Azərbaycan himni səsləndirək.
İncəsənət xadimi vurğulayıb ki, hazırda Türkiyədə yaşayan xormeyster Zərifə İsmayılovanın ifası və akademiyanın bəstəkarlıq fakültəsinin professor-müəllimi Aydın Əzimovun aranjemanı ilə birgə ilk dəfə himnimizin səslənməsinə nail olublar. "İnsanların istəyi ilə bir neçə dəfə səslənən himnimiz olduqca böyük maraq doğurdu və unudulmaz anlarla yadda qaldı. Biz geri çəkilmədik, bacarığımızı göstərə bildik və bununla da himnimizin qısa bir zamanda ölkədə təbliğinə nali olduq",-deyə alim vurğulayıb.
Cia.az
