Birinci qrup gözdən əlilliyi olan Hikmət Şükürov "Bizim Yol"a müraciət edib. O, əlilliyi olan şəxslərin diskriminasiyaya uğramasından şikayətçidir: "Mən 1-ci qrup gözdən əliləm. Kvota ilə işlədiyim üçün pensiyamın sığorta hissəsini almaqdan məhrumam (96 manat).
Buna səbəb "Əmək pensiyaları haqqında" qanundakı 37.3.2 saylı maddədir. Bu maddə yalnız 2006-cı ildən sonra əlilliyə çıxanlara aiddir. Fikrimcə, bu məqam əlillər arasında ayrı-seçkilik və diskriminasiya yaradır. Bu azmış kimi, yeddi il ərzində verilmiş artıq pulu da qaytarmaq məcburiyyətində qalmışam. Hərçənd işlədiyim müəssisədə mənə bildirdilər ki, hər il DSMF-nin hüquqi şəxslər departamentinə mənim əlilliyim də göstərilməklə illik hesabat verilmişdir. DSMF-nin Xətai rayon şöbəsi o dəqiqə yaxasını kənara çəkir ki, bəs bizim xəbərimiz olmayıb və mən vaxtında bu barədə məlumat verməmişəm... Maraqlı təzaddır".
H.Şükürov deyir ki, ümumiyyətlə əlillərin Azərbaycanda heç bir imtiyazı yoxdur. Nəqliyyatda gediş pulludur, kommunal xidmətlər 100 faiz ödənilir, tibbi sığorta yoxdur: "Mən bu yaxında Əlil Təşkilatları İttifaqına (ƏTİ) zəng edib bu barədə soruşdum. Cavab verdilər ki, heç bir imtiyaz yoxdur. Mən dörd dəfə ağır kəllə-beyin və həmçinin şuntlama əməliyyatı keçirmişəm. Bu hələ son deyil. Axırıncı əməliyyat qabağı dövlət neyrocərrahiyyə xəstəxanasında birinci qrup əlil olmağım haqqında məlumat vermək istədim. O dəqiqə sözümü kəsdilər ki, bizdə belə şeylər keçmir. Heç bir neyrocərrah 4000-5000 AZN-dən aşağı belə əməliyyata yaxın durmur. İndi Siz deyin, mən neçə vaxt pensiyamı (hansının ki yarısını DSMF vermir) toplamalıyam ki, bir əməliyyatı ödəyə bilim? Elə onu demək kifayətdir ki, on beş ildir mən yataqxanada yaşamağa məcburam və bir nəfər də olsun rəsmi şəxs zəng edib səhhətimlə, güzəranımla maraqlanmayıb. Zənnimcə əlillərə qarşı bu cür ögey münasibət yolverilməzdir. Bu isə ikinci maraqlı təzaddır".
Gözdən əlilliyi olan şəxslərin imtiyazları
Azərbaycan Respublikası Prezidentinin 17 mart 2014-cü il tarixli Fərmanına əsasən, əmək pensiyası almaq hüququ olmayan ümumi səbəblərdən I qrup əlil şəxslərə, o cümlədən I qrup gözdən əlillərə sosial müavinət kimi aldıqları 67 manat məbləğində vəsaitlə birgə cari il aprelin 1-dən ayda əlavə olaraq 60 manat məbləğində Prezident təqaüdü ödənilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən isə əlilliyə görə əmək pensiyasının baza hissəsinin məbləği I qrup gözdən əlillərə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləğinin 200 faizi həcmində müəyyən edilir.
Gözdən əlillərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzindədir. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə Bakının Nərimanov rayonunda gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış evi inşa etdirilir. İlin sonunadək istifadəyə veriləcək binada gözdən əlillərin çətinlik çəkmədən hərəkət imkanlarına malik olması üçün xüsusi layihə əsasında məişət şəraiti yaradılır. Qeyd olunan şəxslərin ictimai həyatın bütün sahələrində iştirakına lazımi şəraitin yaradılması üçün də davamlı işlər görülür. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihə çərçivəsində ölkənin üç bölgəsində fəaliyyətə başlayan Regional İnformasiya Mərkəzləri gözdən əlil şəxslərin və görmə qabiliyyəti zəif insanların İKT-dən istifadəsinə geniş imkanlar yaradıb. Gözdən əlillərin peşə reabilitasiyası və məşğulluq imkanlarının dəstəklənməsi məqsədilə ƏƏSMN tərəfindən təkcə bu ilin ötən dövründə 60 nəfər belə şəxs brayl sistemi üzrə peşə hazırlığına cəlb olunub. Eyni zamanda, hazırda ƏƏSMN-in sifarişi ilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi inşa etdirilir və Mərkəzin bu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.
ƏƏSMN tərəfindən sosial xidmətlər üzrə sifarişlərin verilməsi zamanı da gözdən əlil şəxslər diqqətdə saxlanılır. Belə ki, cari ilin ötən dövründə nazirliyin sifarişi ilə "Görmə qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün informasiya mərkəzlərinin yaradılması" layihəsinin icrasına başlanılıb. Eyni zamanda, nazirliyin sifarişi ilə "Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlar ilə idman, incəsənət və xalq sənəti növlərinin öyrədilməsinə yardım göstərilməsi" layihəsi çərçivəsində görmə imkanları məhdud şəxslər üçün televiziya, kino, teatr və muzeylərin müyəssərliyinin təmin edilməsi işləri aparılır.
"Yeni qanun layihəsi hazırlanır"
"Əlillərin Cəmiyyətə İnteqrasiyası" (ƏCİ) İctimai Birliyinin rəhbəri Ramilə Mahmudova "Bizim Yol"a açıqlamasında bildirdi ki, ayrı-seçkilik olduqda bütün əlilliyi olan şəxslərə qarşı olur: "Dövlət tərəfindən müəyyən qanunlar, qərarlar qəbul olunur. Bütün hər şeyi dövlətin üzərinə yıxmaq olmaz. Vətəndaşların da cəmiyyətdə əlilliyi olan şəxslərə qarşı münasibətini dəyişmək lazımdır. Əlilliyi olan şəxslərin hazırda bəzi imtiyazları var. Ancaq yeni qanun layihəsi hazırlanır. Orda müəyyən dəyişiklik olacaq ki, burda da əlilliyi olan şəxslərə qarşı diskriminasiyaların aradan qaldırılması, həyat şəraitinin yaxşılaşdırılması, işlə təmini, bərabərlik hüququnun olması və s. nəzərdə tutulub. Hazırda müəyyən boşluqlar var. Onlar da zamanla aradan qaldırılacaq. Eyni zamanda əlilliyi olan şəxslər üçün milli fəaliyyət proqramı hazırlanır".
"Bizim Yol" qəzetinin sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun mətbuat Xidmətindən bildirdilər ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.2. -ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası himayədə olanlara görə verilən əlavə nəzərə alınmadan yalnız baza hissəsindən ibarət olmaqla ödənilir. Bu Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əlilliyə görə əmək pensiyası himayədə olanlara verilən əlavə nəzərə alınmadan tam məbləğdə ödənilir.
Cia.az
