Üzücü konfliktin həlli üçün təzə şans pəncərəsi açılır - ŞƏT; ekspertlər bu şansı yüksək qiymətləndirir, bir şərtlə ki...; Minsk Qrupu arxivə verilə bilərmi? ABŞ-dan olan həmsədrin qəfil Moskva səfərinin pərdəarxası...
İyulun 9-da Avropa Birliyinin əsas orqanı olan Avropa Parlamentinin (AP) Strasburqda keçirilən plenar iclasında məruzəçi Eduard Kukanın hazırladığı “Avropa Qonşuluq Siyasətinin (AQS) nəzərdən keçirilməsi” adlı qətnamə qəbul edildi. Qətnamə Azərbaycanın mövqeyini əks etdirir və yetərincə ədalətli sayıla bilər.
Sənəddə “qonşuluq ərazisi”nin böyük bir hissəsinin silahlı münaqişələrdən əziyyət çəkdiyi və bu ərazidə mövcud olan həlli uzadılmış münaqişələrin iqtisadi, sosial və siyasi dəyişiklik proseslərinə əngəl törətdiyi vurğulanır. Bu xüsusda AQS-nin inkişafına əsas maneə kimi həlli uzadılmış münaqişələrin həm Şərq, həm də Cənub istiqamətində həllində Avropa Birliyinin daha fəal rol oynamalı olduğu vurğulanır.
Qətnamədə habelə AQS ölkələri ilə münasibətlərdə dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə dəstək verilməsinin başlıca prinsip olduğu xüsusilə qabardılır və bu xüsusda bir dövlət tərəfindən digərinin ərazisinin işğalının yolverilməz olduğu bəyan edilir. Sənədin sonunda bir daha tərəfdaş ölkələrin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə dəstək ifadə olunur və AQS-nin bu prinsiplərə töhfə verməklə yanaşı, onları təcrübədə dəstəkləməli olduğu bildirilir.
Xüsusilə qeyd etmək lazımdır ki, hazırkı qətnamə AP-ın bundan öncəki 23 oktyabr 2013-cü il qətnaməsinə istinad edir və münaqişə ilə bağlı mövqe ifadə olunaraq bəyan edilir. Sitat: ““Şərq Tərəfdaşlığı”nın bir ölkəsinin digərinin ərazisini işğal etməsi “Şərq Tərəfdaşlığı”nın fundamental prinsip və məqsədlərini pozur. Qarabağ münaqişəsi BMT TŞ-nin məlum 4 qətnaməsi əsasında həll olunmalıdır".
***
Yada salaq ki, Avropa Şurası və NATO Parlament Asasmbleyasının da analoji qərarları var. Lakin Qərbin Dağlıq Qarabağa dair belə ədalətli sənədləri ilə yanaşı, təəssüf ki, ikili standartları da mövcuddur. Məsələn, Qarabağın separatçı liderlərinə yanaşmada bu, özünü xüsusilə qabarıq şəkildə göstərir. Söhbət ondan gedir ki, digər separatçı bölgələrin liderlərinə yasaqlar, iqtisadi sanksiyalar tətbiq edildiyi halda, onlara olduqca sıcaq münasibət bəslənir, Qarabağ separatçıları Qərbin titullu universitetlərinə dəvət edilir, qondarma quruma maliyyə köməklikləri göstərilir.

Bu və digər səbəblərdən Azərbaycan problemin ədalətli həllini başqa müstəvilərdə axtarması təbiidir. Bəzi siyasi müşahidəçilərə görə, belə müstəvilərdən biri Azərbaycanın təzəlikcə tərəfdaş statusunda qoşulduğu Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ola bilər.
Xatırladaq ki, Azərbaycanla yanaşı, Kamboca, Ermənistan və Nepal da ŞƏT-ə tərəfdaş ölkə statusu alıb. Hələlik Azərbaycanın bu quruma nə zaman tam hüquqlu üzv olacağı bəlli olmasa da, hadisənin mümkün nəticələri ciddi müzakirə olunur - xüsusən də Qarabağ münaqişəsinin həll perspektivi baxımından. Güman edilir ki, ŞƏT - lazımsız Minsk Qrupunu arxivə göndərmək və Rusiyanın məsələdə destruktiv rolunu azaltmaq üçün bir geosiyasi meydança rolunu oynaya bilər. Çünki burada əsas söz sahibi Rusiya ilə yanaşı, Çin, Hindistan və Azərbaycanın strateji müttəfiqi olan nüvə Pakistanıdır.
Məsələn, Yeni Türkiyə Araşdırmaları Mərkəzinin Avrasiya üzrə eksperti Orxan Qafarlı inanır ki, Azərbaycanın ŞƏT-ə üzvlüyü münaqişənin həllinə təsir edəcək: “Azərbaycan və Ermənistanın ŞƏT-lə dialoq tərəfdaşı olan bir ölkəyə çevrilməsi Cənubi Qafqaz regional siyasətində ciddi dəyişikliklərə səbəb olacaq. Çinin qlobal siyasətdə rolunun artması və Avrasiya coğrafiyasında getdikcə təsir imkanlarının genişlənməsinin Cənubi Qafqaza yaxınlaşdığını görürük. Əgər Azərbaycan və Ermənistan ŞƏT-ə üzv olma prosesini gücləndirsə və ya bunu reallaşdırsa, o zaman böyük ehtimalla, Rusiyanın istəyi ilə də bu regionun təhlükəsizlik problemləri Qərb kontekstindən çıxarılaraq ŞƏT kontekstinə salınacaq. Bu isə o deməkdir ki, yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsində vasitəçi kimi yeni ölkə olaraq Çini görə biləcəyik”.
Ekspertə görə, bu təşkilata üzvlüyün Qarabağ münaqişəsinə necə təsir edəcəyi ilə bağlı iki önəmli məsələyə diqqət edilməlidir: “ŞƏT - Orta Asya ölkələri Azərbaycan yanlıdırlar. Lakin nə qədər qəribə görünsə də, Çində güclü erməni diasporu var ki, bu qruplar Çini erməni mövqeyinə yaxınlaşdırmağa çalışırlar. Lakin Çinin özünün ərazi konfliktləri olduğu üçün dövlət siyasəti Azərbaycanın yanında olmağa məcbur edir. Digər tərəfdən, Pakistan bu birliyin yeni üzvü olaraq hər zaman Azərbaycanın yanında olub. Dağlıq Qarabağ münaqişəsini ŞƏT kontekstinə çıxarmaq Azərbaycanın maraqlarına uyğun ola bilər. Lakin bu zaman biz Ermənistanın Qərblə yaxınlaşdığını görə bilərik. Bu da Azərbaycanın Avropa Birliyi və ABŞ-la münasibətlərinin kəskin pisləşməsinə səbəb ola bilər. Azərbaycan qlobal enerji layihələrində Qərblə birlikdədir. Bu mənada Avropa və ABŞ-la münasibətlərimiz suverenlik və enerji layihələrimiz baxımından olduqca önəmlidir. Məsələ həm də bundadır ki, belə bir transformasiyanı Cənubu Qafqazdakı güclər balansı qəbul etməz. Hətta yenidən savaş ehtimalını yüksəldər”.
***
Demək, Azərbaycan paralel surətdə Qərblə ilişkilərini davam etdirmək, mövcud olanları isə inkişaf etdirməlidir. Eyni zamanda Qərb və onun qurumları da Azərbaycanın əsas məsələsinə həssasiyyəti artırmalıdır. Söhbət xüsusən də ABŞ-dan gedir.
Maraqlıdır ki, Bakının ŞƏT-lə yaxınlaşmasından bir gün sonra Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Moskvaya yollanıb. Cənab Uorlik Rusiya paytaxtına “Qarabağ məsləhətləşmələrində iştirak üçün” getdiyini bildirib. ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi Amos Hokştayn isə Bakıya gəlib.
Hər iki hadisə Azərbaycan məsələsinə Ağ Evin diqqətinin artmasını, təşəbbüskarlığının güclənməsini göstərməklə pozitiv sayıla bilər. Ehtimal eləmək olar ki, bu kimi diplomatik gedişlər həm də Qarabağ məsələsinin həllinin Qərbin, Amerikanın nəzarətindən və təsir zonasından tamamilə çıxmamasına, yeni bir oyunçu kimi Çinin Rusiya ilə birgə təsir imkanlarını neytrallaşdırmağa hesablanıb.
Cia.az
