|
"Azərbaycan ədəbiyyatını yanan bir alova bənzədirəm"-

Xəbər verdiyimiz kimi, şair-publisist Rəşad Məcidin italyan dilində çapdan çıxmış “O” (La Donna) adlı şeirlər kitabının Milanda təqdimatı keçirilib. Rəşad Məcidin şeirlərini italyan dilinə çevirən Azərbaycanın dostu, italyan şair, bəstəkar, Milan Konservatoriyasının professoru Davide Qualtieri bu şeirlər toplusunun təqdimatı barədə fikirlərini bölüşüb.

Davide Qualtieri bildirib: “Rəşad Məcid böyük şairdir və bu nəşrin tərcümə edilməsində əsas məqsəd italiyalı oxuculara onun zəngin yaradıcılığını tanıtdırmaqdır. Həm poetik, həm də ədəbi tərcümədən istifadə olunan bu kitab Rəşad Məcidin əsərlərinin mahiyyətini dərk etməyə imkan yaradır”.

Azərbaycan ədiblərinin əsərlərinin İtaliyada daha geniş kütləyə çatdırılmasının əhəmiyyətini vurğulayan Davide Qualtieri qeyd edib ki, ölkələrimizin ədəbi dairələri arasında körpünün qurulması istiqamətində mühüm işlər görülməkdədir. Bu əlaqələri genişləndirmək üçün biz şeir, rəqs, musiqi kimi anlayışları vəhdətdə təqdim etməklə Azərbaycan incəsənətini və ədəbiyyatını İtaliyada daha dərindən hiss etdirməyə çalışırıq. O deyib: “Hesab edirəm ki, Azərbaycan ədəbiyyatında hiss etdiyimiz əsas element milli adət-ənənələrin ön planda olmasıdır. Məhz, bu ənənələrin kökündən gələn əsərlər Azərbaycan ədəbiyyatını özünəməxsus edir. Azərbaycanlı şairlər bu ənənələrin təbliğatçıları olmaqdan qürur duyurlar. Ədəbiyyatınızı, incəsənətinizi yanan bir alova bənzədirəm. Azərbaycan şairləri isə bu alovun qığılcımlarıdır”.

Cia.az