|
Bakı aeroportunda “gömrük-təhlükəsizlik” diktaturası

Məni bu barədə yazmağa məcbur edən son məzuniyyət səfərim oldu: ailəvi şəkildə Birləşmiş Ərəb Əmirliklərinə gedişimizin ziddiyyətli macəraları Bakıda başlayıb, Bakıda da bitdi.

Halbuki Dubay hava limanında da doğma şəhərdə qanqaraçılığa səbəb olmuş oxşar hadisə və prosedurlar təkrarlandı. Lakin orada haqqında danışacağım epizodlarda narahatlığa yol açan heç bir hadisə baş vermədi.

Azərbaycanlılar öz Vətənində “ikinci sort” adamlardır?

Söz yox ki, onlar istənilən adamı şəxsi baxış üçün əlahiddə yoxlaya bilərlər. Bu baxımdan, hər kəs sıradan biridir və buna qarşı çıxmaq, qanuna qarşı çıxmaqdır. Ancaq məsələ bunda deyil.Yola çıxanda uçuşa hazırlıq çərçivəsində keçəcəyimiz prosedurlar zamanı sensaiya-filan olacağını heç ağlıma da gətirmirdim. Amma Gömrük xidmətinin “ayıq-sayıq” işçiləri, mənim timsalımda şübhəli adam görüb, ayrıca otağa getməli olduğumu bildirdilər.

Aeroportda mənə yaxınlaşan gömrükçü həddən ziyadə ciddi görkəm alıb “bir dəqiqəliyə bura gəlin” deyib məni ayrıca otağa çağırdı. Lakin nə özünü təqdim etdi, nə də dəvətinin məqsədini açıqladı – bunları etməyə borclu olduğu halda!

Otağa daxil olanda birdən-birə 3 nəfərin zəhmli baxışlarının əhatəsinə düşdüm. Məni otağa “dindirilməyə” çağıran məmur “əllərinizi qaldırın” əmrini verdi və elektron axtarış aparatı ilə sağımı, solumu cihazın nəzarətindən keçirdi. Şalvarımın arxa cibində portmonatı “aşkarlayanda” aramızda kiçik dialoq baş verdi:

– Bu nədir?

– Portmonat.

– Onu açın. Nə qədər pul aparırsınız?

– Nə qədər lazımımdır, o qədər... Qüvvədə olan qaydalardan xəbərdaram...

Bu zaman mülki paltarda olan digər əməkdaş-məmur “niyə əsəbləşirsiniz?” deyə müdaxilə etdi. Ona bildirdim ki, mən tez-tez səfərlərdə olduğumdan, nəyin icazəli, nəyin icazəsiz olmasını bilirəm.

Məsələnin diqqətçəkən məqamı o idi ki, baxış-proseduru aparan üç gömrükçüdən heç biri deklarasiya doldurub-doldurmadığımla maraqlanmadı. Yalnız üz-gözlərini turşudub bikef görkəm aldılar, nə üzr istədilər, nə “gedə bilərsiz” dedilər. Halbuki, bunu həm etika qaydaları, həm də icra etdikləri vəzifənin xarakteri, xidməti borc tələb edir.

Bunlar diqqətimi ona görə çəkdi ki, hava limanında dövlət məmurları vətəndaşlara qanunların qüvvəsini təpki ilə nümayiş etdirir, insanlarla yolverilməz psixoloji təzyiq vasitəsilə davranırlar. Etiraf edim, ilk dəfə deyildi ki, belə halla rastlaşırdım.

Xidməti borcunu səviyyəli şəkildə yerinə yetirmək məsələsində gömrükçülərə mülayim davranış, nizam-intizamla rəftar, təbəssümlə danışmaq, nəhayət, sərnişinlərə “salam” və ya “bağışlayın” kəlmələri ilə müraciət etmək və s. bu kimi etik qaydaları öyrətmək, deyəsən, yaddan çıxıb.

Təhlükəsizlik xidməti işçiləri gömrükçülərdən geri qalmadı

İkinci xoşagəlməz epizodda artıq təhlükəsizliyin keşiyində durmalı olan məmurlar “fərqləndi”. Skaner aparatının xəttində həyat yoldaşımın əl çantasına şəxsi baxış keçirən məmur öz niyyətini icazəli şəkildə bildirib əşyaları çıxartmağa başladı. Bu prosedura da qəti etiraz etmək olmaz, ancaq baxış yalın əllə deyil, əlcəklə keçirilməlidir. Özü də əlcək təzə olmalı və sərnişinin gözü önündə əllərə taxılmalıdır.

Təhlükəsizlik xidmətinin işçisi isə bu dünyəvi təcrübədən istifadə etmədən çantadakı bütün əşyaları çıxardıb, stolun üstünə qoydu. Yenə özümü saxlaya bilmədim:

– Siz bu proseduru əlcəklə etməli idiniz. Bəlkə əlinizə başqasının şəxsi əşyalarından hopmuş hansısa mikrobu mənim xanımımın əşyalarına ötürdünüz?!

Bunu eşidən yüksək çinli birisi mənim haqlı olduğumu təsdiqlədi, amma artıq iş-işdən keçmişdi. Axı, harada görünüb ki, təhlükəsizlik xidmətinin kişi əməkdaşı qadın çantasında axtariş aparsın – bu, qəti qəbuledilməzdir. Buna nə etik, nə mənəvi, nə də mental dəyərlər icazə verir!

İstər-istəməz düşünməli olursan, özün-özünə sual edirsən, əcəba, bu qaydaları hava limanının təhlükəsizlik xidmətinin rəhbərliyi işçilərinə təlimat verməyibmi? Veribsə, bəs niyə ona əməl olunub-olunmaması ilə maraqlanılmır. Bunu qəti deyirəm, çünki maraqlanılsa, bu cür hallar təkrarlanmaz.

Yeni terminalın boyat ruhu

Vətənə dönüş hər zaman insanda ruh rahatlığı yaradır. Lakin bəzən bu hissi də düz-əməlli yaşamağa qoymurlar. Harada? Təbii ki, bizim hava limanında...

Bakıya çatdıq, çıxışa yollananda gömrük baxış-yoxlaması əsl işgəncəyə çevrildi. Xarici vətəndaşların yaşıl dəhlizdən səssiz-səmirsiz çıxmasını gördükdə növbətçilərdən “niyə biz buradan keçə bilmirik” deyə maraqlandım. Cavab belə oldu:

– Ora sizin üçün işləmir...

Bu vaxt skaner xəttində basabas düşdü və evə, öz isti yurd-yuvasına qayıdan insanlar hiddətlərini gizlədə bilmədilər. Növbə rəisi, Mircəfər Bağırov sayağı, əlləri arxasında amiranə dayanıb, hətta polis nəfərləri də prosesə cəlb edildilər. Lakin bununla vəziyyət daha da gərginləşdi və nəzarətdən çıxdı.

Vətənə qayıdanları isə gömrükçülər yenə ikinci sort adamlar silsiləsinə aid edib, diqqətlə yoxlamağa başladılar. Mən də başqaları kimi buna etirazımı bildirdim:

– Biz öz ölkəmizdə niyə yad kimi qarşılanırıq. Bu nə deməkdir?

Qıcıq dolu reaksiya verən özünü itirmiş məmur məni hədələməkdən çəkinmədi:

– Sən səsini qaldırma. İndi deyərəm, səni qandallayarlar.

Cinəyətkar aləmin məfkurəsində olan məmurun kəramət və mədəniyyəti yəqin elə belə də olmalıdır...

Dövlət külli miqdarda xərc çəkib Azərbaycanı durmadan müasirləşdirir, paytaxtın hava limanında ən son texniki avadanlıqları yerləşdirib ölkəyə gediş-gəlişi ən modern standartlara uyğunlaşdırır. Lakin innovasiyalar, hansı ki, hətta əcnəbiləri heyrətləndirir, bəzi məmurların qeyri-etik davranışı ucbatından urvatdan salınır.

Görəsən, mütərəqqi şərait nə vaxta qədər boyat ruhlu insanların əlində devalvasiyaya məruz qalacaq?//Baku Post