|
Seçkilərə aylar qaldı -

Müxalifət qarşıdan gələn seçkilərə inamsız hazırlaşır; proseslər hakimiyyətin tam nəzarəti altında gedir; liderlər yay fəslini əsas gətirirlər...

Bu ilin noyabrında Azərbaycanda keçiriləcək parlament seçkilərinə üç aydan bir qədər artıq müddət qalıb. Amma ölkədəki seçki susqunluğu aradan qalxmır. Sanki Azərbaycan cəmiyyəti üç aydan sonra müqəddəratını həll edəcək gücdə olan seçkini unudub.

Sözsüz ki, seçki abı-havasının yaradılmasında əsas iş ölkəmizin  demokratik düşərgəsinin üzərindədir. Amma müxalifət də qarşıdan gələn seçkilərə inamsız formada hazırlaşır. Doğrudur, seçkilərdə birlikdə iştirakla bağlı bəzi blok, birliklər yaradılıb. Amma bu da heç nəyi dəyişmir. İndiki situasiyada hər şeyin iqtidarın xeyrinə işlədiyini demək mümkündür. Bütün proseslər hakimiyyətin tam nəzarəti altında gedir.

Ölkə müxalifətindən seçki susqunluğunun səbəbləri, hansı tərəfin şanslı olması ilə bağlı mövqelər aldıq. 
 
 
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı insanların seçkilərə inamının olmadığını söylədi: “Hakimiyyət indiyədək Azərbaycanda heç vaxt azad, demokratik seçkilər keçirməyib. İnsanların seçkilərə inamı yoxdur. Ona görə də heç bir partiyada fəal hazırlıq, müzakirə aparılmır. Bu durumda demokratik seçkilərin keçiriləcəyi ümidi çox azdır. Sadəcə, seçki təyinatı olacağı gözlənilir. Amma dünyada proseslər günü-gündən dəyişdiyi üçün insanlar öz talelərini dəyişmək naminə seçkilərdə aktiv iştirak etməlidirlər. Bizlərin də borcu insanlarda bu inamı bərpa etməkdir”.
 
Ümid Partiyasının sədri İqbal Ağazadə hesab edir ki, gələn aydan seçki fəallığı artacaq: “Dairələrimizlə işləyirik. Hər bir namizədimiz bu proseslərdə aktivdir. Susqunluq daha çox yay fəsli ilə bağlıdır. Həm də siyasi partiyalar hələ ki proseslərə tam qoşulmayıblar. Avqustun sonlarından etibarən susqunluq aradan qalxacaq. Proseslər sürətlə gedəcək. Siyasi partiyaların seçkilərə inamsızlığı da bu halı doğuran səbəblərdən biridir. Kim çox işləsə, onun şansı seçkilərdə çox olacaq. Amma müxalifətin şansı daha çox olur. Seçkilərlə bağlı aksiyaların olmamasına səbəb də yay fəslidir. Avropa Oyunları və ondan sonrakı fasilələr öz təsirini göstərdi. Hesab edirəm ki, avqustun sonlarından bu hal aradan qalxacaq. Siyasi fəallıq artacaq”.
 
 
Partiya sədri hazırlıqlardan da söz açdı: “Hazırda seçkilərlə bağlı hazırlıqlarımız məni qane edir. Biz üç mərhələ müəyyən etmişdik. İndi üçüncü mərhələdəyik. Sonuncu mərhələ avqustun sonunda bitəcək. Bu ayın sonunda  üçüncü mərhələnin yarı hissəsinin dəyərləndirməsi olacaq. O dəyərləndirmədən sonra daha dəqiq söz deyəcəyik”.
Seçkilərlə bağlı yaradılan “Azadlıq-2015" seçki blokunun hazırlıqları sürətlə gedir. Qurumun əksər dairələrdə namizədləri müəyyənləşib. Bloka daxil olan partiyalardan AXP lideri Pənah Hüseyn bildirdi ki, insanların seçkilərə olan marağı azalıb: ”Seçkilərin əhəmiyyətinin minimuma endirilməsi, vətəndaşların seçkilərə marağının aşağı düşməsi susqunluğu yaradan səbəblərdəndir. Bunun siyasi rejimlə bağlı səbəbləri var. Yay fəslinin olmasının da şübhəsiz ki, təsiri var. Seçki kampaniyasının başlaması ilə hesab edirəm ki, fəallıq artacaq. Təmsil olunduğumuz bloka daxil olan partiyalarda işlər sürətlə gedir. Düşünürəm ki, digər qurumlarda da belədir. Blok vahid seçki monitorinqi yaradıb, seçkiqabağı  monitorinq aparmaq niyyətindədir. Seçkilərə təsir imkanları böyük olan bəzi siyasi partiyaların iştirakla bağlı qərarlarının olmaması da susqunluğa səbəbdir. Amma seçki fəallığı əhəmiyyətli şəkildə artacaq. Söhbət avqust-sentyabr aylarından gedir. Normal seçki olsa, iqtidar-müxalifət şanslarını dəyərləndirmək olar. Fakt odur ki, prosesə iqtidar nəzarət edir".
 
Pənah Hüseyn blokun hazırlıqları ilə bağlı da danışdı: “Namizədlərin müəyyən edilməsi, sənədlərin hazırlanması, bəzi dairələrdə vəziyyətin öyrənilməsi kimi işlər aparılır. Biz keçid dövründə yaşayırıq. Blokun müzakirələrində bu öz yerini tapır. Hesab edirik ki, yeni parlamentə keçid yolu kimi iqtidarla siyasi danışıqlar, müəyyən siyasi razılaşmaların olması vacibdir. Demokratik, şəffaf seçkilərin olması üçün bu lazımdır. Bu istiqamətdə təşəbbüslərimiz var və davam edəcək”.
 

AXP lideri 12 partiyanın maliyyə hesabatı təqdim etməməsi ilə bağlı dövlət qeydiyyatının ləğv oluna bilinəcəyi məsələsinə də toxundu: “Bu qərarın bizə heç bir dəxli yoxdur. Partiyanın maliyyə hesabatını daim vaxtında təqdim etmişik. 12 partiyanın içərisində Azərbaycan Xalq Partiyası yoxdur”.
 
 
ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, cəmiyyətin düşdüyü durum iqtidarın siyasəti ilə bağlıdır: “Hakimiyyət istəsə, cəmiyyəti istənilən məsələdə aktivləşdirə bilər. Avropa Oyunları bunu göstərdi. Bu, iqtidarın siyasi iradəsi ilə bağlıdır. Seçki dövlət tədbiridir. Dövlət də bu tədbiri keçirməyi bacarmalıdır. Bunun üçün ”Dövlət proqramı" hazırlanmalıdır. Bunun bizə dəxli yoxdur. Biz vətəndaşların aktivləşdirilməsi prosesində iştirak edirik. Əgər seçki keçirilərsə, proqnoz vermək olar. Əksinə, əvvəlkilər kimi seçki olsa, onda Məzahir Pənahovdan soruşmaq lazımdır. Ondan başqa heç kim bilməz. Partiyamızda seçki hazırlığı getmir. Hazırlıq aktiv bir mübarizə olarsa gedər. Qeyri-ciddi prosesin nəyinə hazırlaşım? Seçkilər formal gedir. Mən də formal olaraq, namizədliyimi verəcəyəm".
Cia.az