|
Qarabağ məsələsi ATƏT-in yeni sənədində

Azay Quliyevin müəllifi olduğu qətnamə Ermənistanı qarışdırdı; ATƏT PA-nın yekun bəyannaməsi vasitəçilərin Bakıya sırımaq istədiyi öz müqəddəratını təyinetmə prinsipindən həmişəlik imtina imkanı yaradır, ermənilər narahatdır...

ATƏT Parlament Assambleyasının (PA) yay sessiyası başa çatdı. Azərbaycan nümayəndə heyətinin də qatıldığı toplantıda yekun bəyannamə qəbul edildi. Bəyannamədə Azərbaycanın xeyrinə olan bir sıra mühüm məqamlar yer alıb. 

Məsələn, sənədin 4-cü bəndində deyilir ki, ATƏT regionunda həlli uzanan münaqişələrin sülh və danışıqlar yolu ilə həllinə dair səylər gücləndirilməlidir. Həmçinin orada təhdid və güc tətbiqindən çəkinməyin, ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmanın, habelə BMT Nizamnaməsi və “Helsinki Yekun Aktı”na hörmət etməyin vacibliyi qeyd olunur: “ATƏT PA bir daha təsdiqləyir ki, ATƏT regionunda həlli uzanan münaqişələrin yoluna qoyulması, onların müəyyən edilmiş çərçivədə, BMT Nizamnaməsi və ”Helsinki Yekun Aktı"na əsasən sülh yolu ilə həlli istiqamətində irəliləyişin əldə olunması təşkilat üçün prioritet olaraq qalır". 
 
Azərbaycanın xeyrinə olan bu və başqa prinsipial məqamların sənəddə əksini tapması gözlənildiyi kimi, Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin, başda onun rəhbəri Artaşes Geqamyan olmaqla, öz ölkəsində sərt tənqidlərə tuş gəlməsinə səbəb olub. Erməni şərhçilər nümayəndə heyətini bacarıqsızlıqda, davamlı şəkildə məğlubiyyətə uğramaqda, diplomatik savadsızlıqda qınayıblar. 
 
Həmin tənqidi məqalələrdən birində deyilir ki, 7 iyulda qəbul olunan “ Helsinki ruhuna çağırış” adlı sənəddə Dağlıq Qarabağ probleminin həlli üçün Ermənistana sərf edən 3 prinsip əks olunsa da (güc tətbiqindən imtina, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək hüququ), “Təəssüf ki, erməni deputatlar yadlarından çıxarıblar ki, azərbaycanlı deputat, assambleyanın siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyevin müəllifi olduğu ”ATƏT regionundakı dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə sadiqlik" adlı daha bir qətnamə hazırlanıb". 
 
 
Erməni analitikin yazısından sitat: “Bu sənəddə isə xalqların öz müqəddəratının təyinetmə hüququnun dövlətlərin ərazi bütövlüyünün pozulması hesabına və ya suverenliyinin, siyasi müstəqilliyinin əleyhinə olaraq həyata keçirilməsi yolverilməz hesab edilir. Bu isə ATƏT-in ümumi qəbul olunmuş leksikonu ilə Azərbaycan tərəfinin Dağlıq Qarabağ probleminin həllinə yanaşması ilə eynilik təşkil edir. Bu iflasdır”.
 
Məqalədə daha sonra deyilir ki, “Quliyevin qətnaməsi o qədər mükəmməl hazırlanıb ki, tənqidi yanaşmalı, irad bildirilməli yer qalmayıb. Halbuki Ermənistan nümayəndə heyətinin bu qətnaməyə qarşı çıxması üçün yetərli qədər vaxtı olub. Amma bunu bacarmayıblar. Əvəzində Qeqamyan Ermənistanın deyil, Rusiya maraqlarının bariz müdafiəçisi kimi çıxış edir.  Düzdür, strateji müttəfiqi müdafiə etmək lazımdır, amma öz dövlətinin maraqları ayaq altına atılandan sonra bu müdafiə gülünc görünür”. 
Sonra ümumiyyətlə, bütün Ermənistan nümayəndə heyəti top atəşinə tutulur. Bildirilir ki, bütün nümayəndə heyəti bir Azay Quliyevlə bacarmadılar. Siyasi turizmə gedənlər erməni vergi ödəyicilərinin hesabına kef çəkirlər".
 
 
Bundan sonra azərbaycanlı deputatın müəllifi olduğu qətnamə bənd-bənd izah edilir və bunun Ermənistanın mövqeyinə ciddi zərbə vurduğu və hətta təhlükə olduğu qeyd edilir. Çünki 19 bənddən ibarət sənəddə doğrudan da Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada mövcud münaqişələrdən ciddi narahatlıq və bu münaqişələrin yalnız beynəlxalq hüququn norma və prinsipləri, xüsusən də həmin dövlətlərin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin dəyişilməzliyi prinsipləri əsasında həll edilməsinin vacibliyi vurğulanıb. 
 
Bəyannamənin maddələrində habelə münaqişə tərəflərinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirmələrinin zəruriliyi, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada münaqişələr nəticəsində məcburi köçkün düşmüş əhalinin öz evlərinə qeyd-şərtsiz qaytarılmasının vacibliyi vurğulanır. “Hər bir dövlətin sərhədlərinin, ərazi bütövlüyünün toxunulmazlığı və ərazilərin güc yolu ilə qəsb olunmasının qəbuledilməzliyi” qeyd olunur. 
 
Başqa sözlə, xalqların öz müqəddəratının təyinetmə hüququnun dövlətlərin ərazi bütövlüyünün pozulması hesabına və ya suverenliyinin, siyasi müstəqilliyinin əleyhinə olaraq həyata keçirilməsi yolverilməz hesab edilir. Dağlıq Qarabağ probleminin həlli üçün mandat almış yeganə təşkilat kimi ATƏT-in qəbul elədiyi sonuncu sənəd sözsüz ki, Azərbaycan üçün həm də bu xüsusda əhəmiyyət daşıyır. 
 
 
***
Beləliklə, ATƏT PA-da qəbul edilən yekun sənəddə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ və ətraf bölgələrlə bağlı əksini tapan məqamlar, problemin həlli ilə ilgili fiksə edilən yeni (əslində əvvəlki) yanaşma tərzi ümumən məqbul sayıla bilər və danışıqlarda əlbəttə ki, rəsmi Bakının manevr imkanlarını artırır. Azərbaycan tərəfi məhz həmin sənədə, xüsusən də “heç bir münaqişə dövlətlərin ərazi bütövlüyü hesabına həll oluna bilməz”, “ərazilərin güc yolu ilə qəsbi qəbuledilməzdir” tezisindən indi daha inamlı şəkidə yapışa bilər.
 
 
Bu bənd Azərbaycana “Madrid prinsipləri”ndə əksini tapan öz müqəddəratını təyinetmə kimi, ərazi bütövlüyümüzü təhdid edən bir prinsipindən imtina üçün əlavə, ciddi əsas yaradır. Hər halda, Minsk Qrupu ATƏT-in yaratdığı qurumdur və bu qurumun qəbul elədiyi sənədlər yerinə yetirilməsi üçün ondan ötrü məcburidir. 
 
Yada salaq ki, Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin ötən il konfliktin həlli ilə bağlı irəli sürdüyü 6 bəndlik təklifdə də separatçı qurumun əhalisinə gələcəkdə öz müqəddəratını təyinetmə haqqı tanınmağı nəzərdə tutan, lakin diplomatik ibarələrlə yaxşıca komifulyaj edilmiş incə bir məqam var ki, bu da gec-tez Dağlıq Qarabağın de-yure itirilməsinə gətirə bilər. ATƏT PA-nın yekun sənədi Azərbaycanı bu təhlükədən, faktiki, sığortalayır və onu özündən birdəfəlik uzaqlaşdırmaq, bir daha bu mövzuya qayıdılmaması üçün ciddi israr göstərmək imkanı verir. 
 
Nəhayət, Dağlıq Qarabağ məsələsinin Ukraynadakı, Moldovadakı, Gürcüstandakı separatçı hərəkatlarla bır sırada qoyulması olduqca müsbət haldır və sözsüz ki, Bakının Qarabağ siyasətində manevr imkanlarını da artırır. Eyni zamanda müharibə variantı seçimində ona dünya birliyi tərəfindən daha anlaşılan və haqq qazandırıla biləcək mövqe vəd edir.
Cia.az