|
Azərbaycan və Kolumbiya uşaqlarına həsr olunmuş -

Azərbaycan və Kolumbiya uşaqlarına həsr olunmuş “Meyvələr” adlı rəsm əsərlərinin sərgisi təşkil edilib. Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Azərbaycanın Meksikadakı, eyni zamanda, Kolumbiyada akkreditə olunmuş səfirliyinin məlumatına əsasən, Kolumbiyadakı diplomatik nümayəndəliyin inzibati binasinda kolumbiyalı rəssam Karlos Villabonun Azərbaycan və Kolumbiya uşaqlarına həsr olunmuş "Meyvələr" adlı rəsm əsərlərinin sərgisi təşkil edilib. Sərgidə, həmçinin ölkəmizin tarixi, mədəniyyəti və görməli yerlərinin özündə əks etdirən fotoşəkillər də nümayiş etdirilib.

K.Villabon Kolumbiyanın gənc və istedadlı rəssamlarındandır və onun nümayəndəliklə sıx əməkdaşlıq münasibətləri mövcuddur. Həmçinin, rəssam K.Villabon ölkəmizin Kolumbiyada təbliği sahəsində əməli fəaliyyət göstərir.

Sərgidə Kolumbiya Senatının vitse-prezidenti Teresita Qarsia Romero, Senatın üzvləri, Xarici İşlər, Təhsil nazirliklərinin, habelə elm mərkəzlərinin, incəsənət və mədəniyyət sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri iştirak ediblər.

Tədbir yerli telekanallar vasitəsilə işıqlandırılıb.

Cia.az