Elxan Şahinoğlu: “Qərb boru xətlərinin qorunmasında Azərbaycana dəstək vermək məcburiyyətində qalacaq”
Qarabağ ətrafında gedən proseslər Azərbaycanın işğal altındakı ərazilərinin danışıqlar yolu ilə azad olunmasını ciddi şəkildə şübhə altına alır. Əgər Ermənistan Qarabağ iddiasından bir addım da olsun geri çəkilmirsə, üstəlik işğal altındakı ərazilərimizdə yuva salan separatçı-terrorçu rejim vaxtaşırı Azərbaycana meydan oxuyursa, hətta özünü “müstəqil subyekt” kimi təqdim etmək iddiasını ortaya qoymağa, qanunsuz məskunlaşma yolu ilə vəziyyəti öz xeyrinə dəyişməyə çalışırsa, deməli, sülh yolu ilə tənzimlənməyə yalnız sadəlövhlər inana bilər.
Bu mənada Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etmək istiqamətində hərtərəfli hazırlıqları son zamanlar müharibə ajiotajını artırıb.
“Qərb Qarabağın Bakıya qaytarılması ilə heç bir halda razılaşmayacaq. Britaniya artıq Qarabağ administrasiyasına zəmanət verib ki, onların suverenliyi bir neçə lider ölkə tərəfindən tanınacaq”.
Bu sensasiyalı sözləri axar.az-a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk söyləyib. Onun sözlərinə görə, Ermənistana Rusiya tərəfindən verilən kredit regiondakı qüvvələr balansını dəyişməyəcək: “Ermənistan hakimiyyətinin (həmçinin Rusiya da -red.) erməni probleminə lazım olan həll variantını tapa bilməməsi çox pisdir. Ən ciddi siyasi səhv hər şeyin öz-özünə dağılıb gedəcəyini düşünməkdir.
Bu gün onlar dağılsalar, sabah yenidən toplaşacaqlar. Ermənistan müxalifəti və onun arxasında dayanan professional fikir sahibləri özlərinin gələcək fəaliyyəti üçün mümkün sxemləri hazırlayırlar. Moskva Kiyevə münasibətdə edilən eyni səhvləri yenidən buraxır. Pullar, kreditlər, tranşlarla bu cür alovu söndürmək faydasızdır. Burada ideya lazımdır. Lakin görünür, burada sadəcə məmurların standart reaksiyasından başqa heç nə görünmür. Əgər Ermənistanı silkələsələr, Qarabağ məsələsi avtomatik olaraq yenidən qalxacaq. Bunu xüsusilə vurğulamaq istəyirəm ki, əgər bu, gələcəkdə ən pis ssenari istiqamətində inkişaf etsə, o zaman müharibə variantı reallaşacaq. Qarabağ ilk növbədə qorxulası məqamdır.
Bununla belə, Qərb Qarabağın Bakıya qaytarılmasına heç bir halda razılaşmayacaq. Britaniya artıq Qarabağ administrasiyasına zəmanət verib ki, onların suverenliyi bir neçə lider ölkə tərəfindən tanınacaq. Əgər Ermənistan verilən kredit hesabına əlavə və daha müasir silah alsa belə, bu, regiondakı qüvvələr balansını dəyişməyəcək. Birincisi, bu məbləğ o qədər də böyük deyil, ikincisi isə onların hamısının tam miqdarda silah alışına xərclənəcəyi də şübhəlidir. Ermənistan gərək pulu sosial istiqamətdə istifadə etsin. İrəvanda Rusiyaya qarşı şüarlar yalnız ən son halda - ölkədəki situasiya tam destabilizasiyaya uğrayanda olacaq. Lakin hələlik erməni müxalifəti bunu səsləndirməməyə çalışır”.

Politoloq Hikmət Hacızadə deyir ki, əslində Qərb də hərbi münaqişə istəmir: “Hərbi münaqişə onun biznesinə və strateji maraqlarına uyğun gəlmir. Amma Qərbin Rusiyadan fərqi o olacaq ki, rus üstümüzə təyyarə-filan göndərəcək, Qərb isə bəyanatlar”. H.Hacızadə Rusiya kimi Qərbin də münaqişənin birdəfəlik həllinə maraqlı olmadığı fikri ilə razılaşmır: “Yox, Qərb münaqişənin birdəfəlik həllində maraqlıdır. Ancaq belə sülh Azərbaycanı və Ermənistanı qane etməlidir. Belə sülh formulası hələ ki yoxdur”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, Qərbin Dağlıq Qarabağda başlaya biləcək müharibəyə təsirləri böyük deyil: “1990-cı illərin əvvəllərində Dağlıq Qarabağda müharibə getdikdə Qərb bu prosesə müdaxilə edə bilmirdi. Rusiya müharibədə qarşıduran tərəflərlə fərqli şəkildə işləyirdi, bəzən öz maraqları çərçivəsində müharibənin nəticələrinə təsir edirdi, Qərbin isə Azərbaycan və Ermənistanla bu cür təsir imkanları yox idi. Əksinə, Amerika Birləşmiş Ştatları o zaman işğalçı Ermənistanı xəbərdar etmək əvəzinə Azərbaycanı cəzalandırdı, Konqres 907-cü düzəlişi qəbul etdi. Bölgəni tanımayan qərblidə belə bir yanlış təəssürat yarana bilərdi ki, Azərbaycan heç nədən Ermənistanı mühasirədə saxlayır, halbuki bunun səbəbi qonşu dövlətin işğalçılığı idi. Ancaq o illər müharibənin başlamasına rəvac verən bu amil amerikalı konqresmenləri və Ağ Evi az narahat edirdi. Atəşkəs imzalanandan sonra Ağ Ev Bakı ilə dostlaşdı, strateji münasibətlər quruldu, "əsrin kontraktı" imzalandı, buna rəğmən, Konqresin 907-ci düzəlişi qüvvədən düşmədi. Məncə, amerikalıların və avropalıların düşüncəsində dəyişən çox şey yoxdur. Biz bu gün torpaqlarımızı güc yoluyla azad etməyə başlasaq, ermənilər yenə elə haray-həşir salacaqlar ki, Vaşinqton və Brüsseldə müəyyən mərkəzlər yenə də Azərbaycanı cəzalandırmaq həvəsinə düşəcəklər".

Ancaq E.Şahinoğlu deyir ki, bu halda da onlar prosesə təsir edə bilməyəcəklər: “Çünki atəşkəsin mövcud olduğu 22 ildə biz Qərb siyasi dairələrinə və ictimaiyyətinə müəyyən qədər anlada bildik ki, bizim torpaqlar işğal altındadır və sözdə onlar bizim bu torpaqlardakı hüququmuzu tanıyırlar. Ancaq bu o demək deyil ki, əməldə bunu reallaşdırmağa çalışsaq, ABŞ və Avropa böyük ehtimalla seyrçi qalacaq, Azərbaycanı müharibədən çəkindirmək üçün hansısa alətlərini işə salmayacaq. Azərbaycanın Qərbi təsirlərini azaltmaq üçün əlində güclü alətləri var. Birinci alət Ukraynadır. Qərb Ukraynanın şərqindəki separatçılığı pisləyir. Donbasdakı separatçıların isə Dağlıq Qarabağ separatçılarından fərqi yoxdur. Ona görə də əgər Qərbdə kimsə Dağlıq Qarabağdakı separatçılara dəstək vermək istəsə, onlara Donbas separatçılarına qarşı Kiyevə verdikləri dəstəyi xatılatmalı olacağıq.
Bu məsələdə ikili standart ola bilməz. İkincisi, Azərbaycanın Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kimi strateji müttəfiqləri var ki, bu dövlətlər Azərbaycanın öz torpaqlarını istənilən yolla azad etməsi hüququnu tanıyırlar, Ermənistanı işğalçı dövlət sayırlar. Bu mənada ABŞ və ya Avropa Birliyi Azərbaycana təzyiq etmək istəsə qarşısında strateji müttəfiqlərimizi görəcək.
Əlimizdə var olan üçüncü amil enerji layihələridir. Azərbaycan dünya üçün alternativ enerji mənbəyi rolunu oynayır və bunda həm Vaşinqton, həm də Brüssel maraqlıdırlar. Buna görə də Qərb Dağlıq Qarabağdakı müharibəyə görə Azərbaycana təzyiq etmədən öncə, bunun özünün enerji maraqlarına da mənfi təsirini əvvəlcədən düşünməlidir. Çünki müharibə başlayacağı təqdirdə işğalçı dövlət və onun arxasında dayanan Rusiya boru xətlərimizi təhlükə yaradacaq. Qərb boru xətlərinin qorunmasında Azərbaycana dəstək vermək məcburiyyətində qalacaq”.
Cia.az
