|
Müxalifət seçki hazırlıqlarını sürətləndirib

Əksər dairələr üzrə namizədlərin müəyyənləşdirilməsi prosesi başa çatmaq üzrədir; seçkilərə tək gedən qurumlar da var; orucluğa görə hazırlıqları dayandıran partiya hansıdır?.. 

Noyabrın 1-də keçiriləcək parlament seçkilərinin zamanı qısaldıqca prosesdə iştirak edəcək siyasi qurumların fəallığı artmağa başlayıb. Artıq bir sıra birlik, bloklar yaradılıb. Bəzi qurumlar dairələrdə namizədlərini də müəyyən ediblər. Gedən proseslər ona göstərir ki, seçkilərdə əksər qurumlar iştirak edəcək. Yalnız Milli Şuranın mövqeyi bu məsələdə müəmmalıdır. Seçkilərdə iştirak edəcək müxalif qurumların hazırlıqları ilə maraqlandıq.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı namizədlərin dairələr üzrə müəyyənləşdirilməsi prosesinin davam etdiyini söylədi: “Eyni zamanda namizədlərin dairələrdə sorğu keçirmək işinə də başlanılıb. Xüsusi bir sənəd namizədlər üçün hazırlanır. Ən azı gələn həftənin sonunadək bu prosesi başa çatdırmağı düşünürük. Həm namizəd, həm də rayon təşkilatının seçki qərargahlarını müəyyən etməsi, müşahidəçilər hazırlamaları işləri davam edir. Müsavat Məclisinin növbəti toplantısı Seçki Məcəlləsinə uyğun olaraq keçiriləcək. Belə ki, seçki günü müəyyən edilməlidir. Həmin gündən asılı olaraq, Məclisin çağırılması və namizədlərin təsdiq edilməsi gözlənilir”
Ümid Partiyası Ali Məclisi sədrinin və “125-lər” Siyasi Klubunun sədr müavini Tamilla Qulami hər iki qurumda seçkilərə hazırlığın yüksək səviyyədə getdiyini dedi: “Artıq namizəd olacaq üzvlərimiz də öz dairələrini təsdiqləyib. Hazırda seçkinin son mərhələsindəyik. Fəaliyyətimizi qənaətbəxş hesab etmək olar. Ümumiyyətlə, seçkidə iştirak etmək arzusunda olan hər bir namizəd öz gücünü, bacarığını, ictimai və siyasi potensialını, cəmiyyətin ona münasibətini və cəmiyyətə verə biləcəklərini obyektiv dəyərləndirərək hərəkət etməlidir. İnanıram ki, bu yolda əziyyət çəkən hər kəs əziyyətinin bəhrəsini görəcək”.
ADP sədri Sərdar Cəlaloğlu qurumda hələ ki, seçkilərlə bağlı ciddi işlərin getmədiyini qeyd etdi: “Çünki partiyanın rəhbər strukturları orucluq bitənə qədər yay məzuniyyətinə çıxıb. Ümumiyyətlə, seçkilərlə bağlı cəmiyyətdə elə bir vəziyyət yaranıb ki, partiyaların fəallıq göstərmələrinin  heç bir mənası yoxdur. Gərək cəmiyyət özü hərəkətdə ola ki, biz ona uyğun hərəkət edək. Qarşıdan gələn seçkilərlə bağlı müəyyən planlarımız var. Bütün partiyaların hər birində yarandığı gündən özünəməxsus seçki planı var. Hər bir seçkidə o plana uyğun hərəkət edilir. Sadəcə hər seçkinin xarakterinə uyğun cüzi dəyişikliklər edilməklə addımlar atılır”.

 “Son prezident seçkilərində biz namizədlə çıxış etmədik və heç kimi də dəstəkləmədik. Onda bəyanat verdik ki, parlament seçkilərinə hazırlaşırıq. Seçkidə iştirak etmək qəti qərarımızdır. Hələ ki tək seçkilərə gedirik. Amma blok şəklində də ola bilər. Bəzi dairələr var ki, bir neçə üzvümüz namizəd olmaq istəyir. Bunlar bir az problemlər yaradır. Elə dairələr ola bilər ki, namizədimiz olmasın. Biz orada bizimlə əməkdaşlıq edən qurumun namizədinə dəstək verəcəyik”.
KXCP sədrinin müavini Xəzər Teyyublu seçki hazırlıqları ilə bağlı bunları dedi: “Hazırda seçki dairələri öyrənilir. Namizədlərin kimliyi məsələsi daha aktualdır. Elə bir şəxslər olmalıdır ki, əhali onu tanısın. Zamanı çatanda iddiaçılarımızın adları açıqlanacaq. "Azadlıq-2015" seçki blokunda təmsil olunduğumuzdan üst-üstə düşən namizədlər var. Bu məsələlər də geniş müzakirə olunur. Yəqin ki, razılaşmalar olacaq".
VHP İcra Aparatının rəhbəri Samir Əsədli bir sıra dairələr üzrə siyahılarının hazır olduğunu bildirdi: “Seçki qərargahı rayon təşkilatları ilə birgə 125 seçki dairəsi üzrə dəyərləndirmələr aparır və dairələr üzrə irəli sürüləcək namizədlər dəqiqləşdirilir. Bir sıra seçki dairələri üzrə siyahımız hazır olsa da, hələlik qəti qərar verilməyib. Seçki dairələri, yerli seçki mühiti, namizədin seçki dairəsi ilə əlaqələri, seçicinin ona münasibətini analiz edirik. Namizədlərimiz partiya rəhbərliyinə daxil olan şəxslər, müstəqil ziyalılar, rayon təşkilatının sədrləri, Ali Məclis üzvləridir. Əsasən gənclərə üstünlük vermək niyyətindəyik. Həmçinin namizədlərə treninqlər keçiriləcək, yerli seçki mühiti və region əhalisi ilə işləmək üçün təcrübələrimizi bölüşəcəyik. Hazırda rayonlarda yerli təşkilatların konfransları keçirilir, konfranslarda seçkilər ciddi müzakirə edilir. Biz partiya olaraq təkbaşına seçkiyə qatılmaq istəyirik. Seçki zamanı situasiya nə olacaqsa, yəqin ki, partiya qərarını ona uyğun verəcək”.
Cia.az