Qabil Hüseynli: “Bu məsələnin mütləq BMT-nin Təhlükəsizlik Şurası səviyyəsində müzakirəsinə nail olmaq lazımdır”; Arzu Nağıyev: “AzərbaycanXİN-in bəyanatı da öz müsbət təsirini göstərdi”
Qarabağ separatçılarının lideri Bako Saakyanın iyulun 8-nə təyin olunmuş çıxışı barədə informasiyaya Beynəlxalq Münasibətlər üzrə Britaniya Kral İnstitutunun (“Chatham House”) saytının “events” bölümündə rast gəlinmir.
“Chatham House” bundan əvvəl Saakyanı Qarabağ və regional təhlükəsizlik məsələlərinə dair çıxış etməyə dəvət etdiyi haqda xəbər vermişdi. Qeyd edək ki, Azərbaycan XİN B.Saakyanın Londona dəvət olunması ilə bağlı iyulun 1-də etiraz bəyanatı ilə çıxış edib. Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq XİN-ə dəvət olunub və xarici işlər nazirinin müavini Xələf Xələfov tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma separatçı rejimin başçısı kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin Böyük Britaniyaya səfəri və “Chatham House” - “Kral Beynəlxalq Münasibətlər İnstitutu”nda iyulun 8-də keçirilməsi nəzərdə tutulan tədbirdə iştirak edəcəyi ilə bağlı Azərbaycan hökumətinin qəti etirazı bildirilib.
Bu kimi halların Azərbaycan və Böyük Britaniya arasında mövcud olan dostluq və strateji münasibətlərin ruhuna uyğun olmadığı vurğulanıb, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş addım kimi qiymətləndirilib.
Səfir İ.Siddiq Böyük Britaniyanın Dağlıq Qarabağdakı rejimi tanımadığını və onunla heç bir əlaqəsinin olmadığını deyərək, Azərbaycanın narahatlığı barəsində ölkəsinin Xarici İşlər Nazirliyinə məlumat verəcəyini diqqətə çatdırıb.
Həmçinin XİN-in təlimatı əsasında Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən məsələ ilə bağlı Böyük Britaniya XİN-də görüş keçirilib və müvafiq etiraz məktubu təqdim edilib.
Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin məktubuna cavab olaraq, Böyük Britaniya XİN-in məktubunda bildirilib ki, Böyük Britaniya Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyir, Dağlıq Qarabağda yaradılmış rejimi tanımır və Böyük Britaniyanın bu mövqeyi dəyişməz olaraq qalır.
Məktubda separatçı rejimin başçısının Böyük Britaniyaya səfərinin hökumət tərəfindən təşkil edilmədiyi və onun Londonda olacağı müddətdə heç bir hökumət rəsmisi ilə görüşünün olmayacağı xüsusilə vurğulanıb.
“Chatham House” “Turan” İnformasiya Agentliyinin Saakyanın çıxışı haqda informasiyanın tədbirlər proqramından çıxarılmasına dair yazılı sorğusunu cavablandırmaqdan imtina edib. “Chatham House”nin saytında hazırda yalnız 3 tədbir haqda məlumat var.
Azərbaycan XİN-dən Saakyanla bağlı son rəsmi informasiyanı almaq mümkün olmadı. Amma ekspertlər məsələyə daha ciddi müstəvidə yanaşmağı zəruri sayırlar. Bundan əvvəl Qarabağ separatçılarının səsi Rusiya, ABŞ, Fransa və digər ölkələrdən də gəlib. O, rahat şəkildə dünyanı gəzir, xeyriyyə marafonlarında iştirak edib pul dilənir, efirə çıxır, görüşlər keçirir, ancaq beynəlxalq məhkəmə qarşısında qalmalı olan bu caniyə qapılarını bağlayan dövlətlər yoxdur. Hansı ki, Krım separatçılarına fərqli münasibət var və Avropa ölkələri hətta Rusiyanın bəzi rəsmilərini də “qara siyahı”ya salıb. Ötən həftə Finlandiya adı Avropa İttifaqının sanksiyalarla bağlı siyahısında olan Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkini ölkəyə buraxmadı. Lakin Azərbaycanın bir hissəsini qəsb edən terrorçuların başçısı dünya ölkələrinə sərbəst giriş-çıxış hüququna malikdir.
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, bundan əvvəl də İngiltərədən öncə Fransa Azərbaycana qarşı qeyri-etik, qeyri-normal, arxadan zərbə xarakterli hərəkətə yol vermişdi: “İki ay əvvəl Fransa QHT-lərdən birinin adı ilə Qarabağ separatçısını Parisə dəvət etdi. Amma ona tətbiq edilən protokol qaydaları dövlət başçılarının qarşılanmasına tətbiq edilən protokol qaydalarına yaxın idi. Yəni həmsədr dövlət separatçı rejimi maskalanmış bir formada qəbul etdi. Hətta bir sıra dövlət qurumlarında da görüşlər keçirdi. Bu, Fransanın Azərbaycana etdiyi ən böyük pisliklərdən biri idi. Bunun ardınca İngiltərə eyni ssenarini təkrarlamaq niyyətində idi. Yəni bunlar açıq-aşkar qondarma respublikanı de-yure tanımaq məqsədilə sanki bir prosesə girişiblər və bu prosesdə beynəlxalq hüquq normalarını necə ayaqlar altına alıb tapdadıqlarına əhəmiyyət vermirlər. Qərb dövlətləri indiyədək Azərbaycana təzyiqin müxtəlif formalarını seçmişdilər. Yəni indiyədək insan hüquqlarına dair bir sıra QHT-lərin xətti ilə, bəyanatlar verməklə işi aparırdılarsa, sonradan məsələni böyüdərək beynəlxalq mətbuat səhifələrinə çıxartdılar. KİV-lərdə bəzən ”barmaqdansorma" faktlar əsasında Azərbaycan əleyhinə yazılar verməyə başladılar. İndi isə daha təhlükəli bir işə əl atıblar. Söhbət separatçı rejimin bir növ leqallaşdırılmasından gedir. Özü də burada ciddi riyakarlığa yol verirlər. Məsələn, bir neçə gün bundan əvvəl G-7-nin zirvə toplantısında İkinci Dünya müharibəsindən sonra formalaşmış sərhədlərin pozulmaması haqqında bəyanat verdikləri halda, özləri öz bəyanatlarında qaldırdıqları müddəaları, yəni Helsinki Yekun Aktının əsas müddəalarını pozmağa başlayıblar".
Q.Hüseynli qeyd etdi ki, Azərbaycan tərəfi məsələnin üstünə ciddi surətdə getməli, nota ilə iş bitməməlidir:“Bu məsələnin mütləq BMT-nin Təhlükəsizlik Şurası səviyyəsində müzakirəsinə nail olmaq lazımdır. Çünki burada Azərbaycanın ərazi bütövlüyünə qəsd, müharibənin yenidən qızışdırılmasına cəhd elementləri var. Ancaq BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələrin beynəlxalq hüquq normalarını, xüsusilə də ərazi bütövlüyü məsələsini heçə sayıb xristian təəssübkeşliyi platformasından çıxış edərək açıq surətdə ATƏT-in həll etməli olduğu bir məsələnin daha da mürəkkəbləşməsinə cəhdlər özünü göstərir”.
Politoloq Arzu Nağıyev isə düşünür ki, separatçının səfərinin təxirə salınması rəsmi Bakının reaksiyası nəticəsində baş verdi: “Azərbaycan XİN-in bəyanatı da öz müsbət təsirini göstərdi. Lakin Böyük Britaniyanın Azərbaycandakı səfirliyi bu hadisəni özünəməxsus tərzdə izah etdi. Yəni guya ki, Bako Saakyan Böyük Britaniyaya şəxsi dəvətlə səfər edir və hökumətin bu səfərin reallaşmasında heç bir rolu yoxdur. Belə ki, guya ki, ”Chatham House" müstəqil təşkilatdır və öz tədbirlərinə kimi dəvət edəcəyini özü müəyyənləşdirir və bu kimi təşkilatların fəaliyyət prinsiplərinə Böyük Britaniya hökuməti təsir göstərmir.
Maraqlı məqam isə ondan ibarət oldu ki, məhz britaniyalıların özləri, daha doğrusu, tanınmıış siyasətçilər bu səfərin iki dövlət arasında gərginliyə səbəb olacağını bildirməklə müvafiq açıqlamalar verdilər. Lordlar Palatasının üzvü, lord Kilklunu və parlamentin üzvü Stefan Hepbörn “Chatham House”un bu dəvətini pislədilər. Məhz bu çıxışlar da səfərin baş tutmamasına öz təsirini göstərdi. Bundan başqa, Avropa Azərbaycan Cəmiyyətinin də rolu danılmaz idi. Bir sözlə, heç bir dövlət separatçı və daha dəqiq desək, rusiyameyilli qondarma qurumları qəbul etmək niyyətində deyil".
Cia.az
