|
Ermənistanın əleyhinə, Azərbaycanın lehinə casusluğa görə 5 il həbs
Güneyli fəal, yazıçı Nağı Əhmədi Azər Müqəddəm 5 illik həbs cəzasını çəkmək üçün zindana salınıb. O, iyunun 23-də həbs edilsə də, xəbər yenicə yayılıb. Azərbaycanlı fəal Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən 5 il həbs cəzasına məhkum edilib və 10 il müddətinə Azərbaycan Respublikasına səfər etməkdən məhrum olunub. 
Günaz.TV bu barədə GAMAC-ın rəsmi saytına istinadən məlumat yayıb. Hakimin elan etdiyi hökmə əsasən azərbaycanlı fəal “İranda Ermənistanın əleyhinə və Azərbaycan Cümhuriyyətinin lehinə casusluq etmək”də ittiham olunub. Fəal Azərbaycanda bir sıra ədəbi tədbirlərdə iştirak etdiyinə görə belə bir ittihamla üzləşib. Əhmədi Azər 2009-cu il aprelin 4-də yaxalanıb və 46 gün saxlandıqdan sonra 150 milyon tümənlik mülki vəsiqə qarşılığında Təbriz zindanından sərbəst buraxılıb.
 
Azərbaycanlı yazıçının məhkəmə iclası qapalı keçirilib və saxlanıldığı müddətdə vəkil tutmaq haqqında məhrum edilib. Əhmədi Azər fəaliyyəti dayandırılmış “Şəmsi Təbriz” həftəlik dərgisinin yazıçılar heyətinin üzvü olub. Azərbaycanlı yazıçınım fars dilində “Türk dili və Azərbaycan tarixi”, “Sultan Məhəmməd və Təbrizin miniatür məktəbi” və “Məşrutiyyət hadisələri” və türk dilində bir neçə kitab yazıb və tərcümə edib.
 
Bu, güneyli hərəkatçılara qarşı ilk belə ağır ittiham deyil. Bundan əvvəl də dəfələrlə azərbaycanlı fəallar Bakıya gəlib-qayıtdıqdan sonra sorğu-suala çəkilib və onların bir çoxu ağır cəzalara məruz qoyulub. Ancaq İran hakimiyyəti artıq “Ermənistanın əleyhinə” fəaliyyətdə suçlamalara da başlayıb ki, bu da Tehranın işğalçı Ermənistana açıq dəstəyinin nümayişidir. Görək rəsmi Bakı bu kimi faktlara hansısa formada reaksiya verəcəkmi?
Cia.az