Hakim partiyanın siyahısının təxminən 70 faizinin yeniləndiyi bildirilir
“Azadlıq-2015" seçki bloku qarşıdan gələn parlament seçkiləri ilə bağlı deputatlığa namizədlərin müəyyənləşdirilməsinə start verib. İki gün öncə blokun Sədrlər Şurasının iclası olub və iclasda ölkədəki ictimai-siyasi vəziyyət, qarşıdan gələn parlament seçkiləri, qarşıda duran vəzifələr müzakirə edilib. 1 noyabrda keçiriləcək parlament seçkilərini müzakirə edən blokun Sədrlər Şurası ”Azadlıq-2015" seçki blokunun deputatlığa namizədlərinin siyahısı üzərində müzakirələr aparıb və müəyyənləşdirilmiş deputatlığa namizədlərlə görüşün keçirilməsi barədə qərar qəbul edilib.
Sədrlər Şurası eyni zamanda Milli Məclisə seçkilərin bütün mərhələləri üzrə demokratik qüvvələrin vahid monitorinq mərkəzinin yaradılması təşəbbüsü ilə digər siyasi və ictimai sektor təsisatları ilə məsləhətləşmələrin aparılmasını məqsədəuyğun sayıb.
Blok üzvləri həmçinin bu həftə ərzində bir sıra xarici ölkə səfirlikləri ilə keçiriləcək görüşlərlə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, “Azadlıq-2015" blokuna KXCP, AXP, Aydınlar, Azadlıq, ALDP, VİP, Böyük Azərbaycan və Azad Demokratlar Partiyası daxildirlər. Blokdakı partiyaların sədrlərinin konkret hansı dairələrdən namizəd olacağı barədə isə hələ ki açıqlama verilmir. Bildirilir ki, partiya sədrlərinin bir neçəsi namizəd olacağı dairəni müəyyənləşdirsə də bəziləri bu istiqamətdə yekun qərara gəlməyiblər.

Blokun Sədlər Şurasının üzvü, VİP sədri Əli Əliyev bildirdi ki, “Azadlıq-2015" seçki bloku qarşıdakı 10 gün ərzində aktivlik nümayiş etdirəcək: ”Blokda bir sıra hazırlıq işləri aparılmaqdadır. Artıq seçki qərargahı formalaşdırmışıq. Blokda təmsil olunan partiyalar hazırda əsasən namizədləri müəyyənləşdirməklə məşğuldurlar. Seçki təqviminə uyğun olaraq müvafiq tədbirlərimizi keçirəcəyik. Son aylarda ictimaiyyətin diqqəti Avropa Oyunlarına yönəlmişdi. İndi artıq oyunlar yekunlaşıb. Düşünürəm ki, cəmiyyətdə tədricən seçki ab-havası yaranacaq. Oyunların yaxşı mənada gurultulu təbliğatı fonunda seçki tərəfdarlarının səsi aydın hiss olunmurdu. Biz də bu mühitə uyğunlaşdıq. Çünki Avropa Oyunları iqtidarın tədbiri deyil. Bu bizim dövlətimiz, ümummilli maraqlarımız üçün lazımlı bir layihə idi. Hesab edirəm ki, elə bu cür də olmalı, yəni təbliğatın aparılması lazım idi. Bizim partiyada da namizədlərin müəyyənləşdirilməsi prosesi gedir. Artıq 40-a yaxın namizədimiz təsdiq olunub. Avqust ayının sonunda seçki blokumuzun ümumi siyahısı hazır olacaq".
Bu arada hakim Yeni Azərbaycan Partiyasının da deputatlığa namizədlər siyahısını hazırladığı barədə xəbər yayılıb. İstiqlal.az saytının YAP-dakı mənbəyə istinadən yaydığı xəbərə görə, Azərbaycan prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin 2015-ci il 1 noyabr parlament seçkilərində hakim partiyanı təmsil edəcək namizədlərin siyahısını hazırlamaq tapşırığı artıq icra edilib. Mənbənin sözlərinə görə, YAP-ın namizədlər siyahısı yeni kriteriyalar üzrə hazırlanıb. Bu kriteriyalar əsasında aşağıdakı qruplar birmənalı olaraq siyahıya düşməyiblər. 1. Universitet rektorları, eləcə də təsərrüfat fəaliyyəti göstərən müəssisələrin rəhbərləri; 2. Biznesmenlər, bank rəhbərləri; 3. 4 dəfə deputat seçilmiş və yaşı 70-dən yuxarı şəxslər; 4. Seçildiyi dövrdə danışmayan, hakimiyyətin siyasətini müdafiə edə bilməyən şəxslər.
Saytın yazdığına görə, bu kriteriyalar istisnasız olaraq hamıya tətbiq ediləcək və siyahının təxminən 70 faizi yeniləşib: “YAP rəhbərliyinin monitorinqinə görə, YAP-çı deputatların cəmi 8 nəfəri fəal olub, hakimiyyətin siyasətinini təbliğ və müdafiə etməyi bacarıb, qalanlarının fəaliyyəti isə passiv olub və partiyaya heç bir divident gətirməyib. Yeni siyahıda bu şəxslərə yer olmayıb. Ümumilikdə isə hökuməti müdafiə edən 70 deputat siyahıdan kənarda qalıb. Yeni namizədlər əsasən gənclər arasından seçilib. Onların arasında hökuməti müdafiə edən KİV və QHT rəhbərləri, YAP-ın gəncləri də var. Eyni zamanda əyalətlərdə əhali arasında nüfuzu olan şəxslərə üstünlük verilib”.
Sayt öz informasiya mənbəsinə əsaslanaraq qeyd edib ki, YAP-ın deputatlığa namizədlər siyahısı yaxın dövrlərdə rəsmən açıqlanacaq. İndiki parlamentdə komitə sədri və sədr müavinləri postunu tutan xeyli şəxs siyahıdan kənarda qalıb. Kənarda qalan şəxslərin bəzilərinə vəzifə veriləcək.
Eyni zamanda bu yeni siyahının siyasi sistemdə islahatların anonsu olacağı da deyilir.
Cia.az
