|
Ev fırıldaqçılarının mühakiməsi başlayır

“Sevil Massivi” MTK-dan zərərçəkənlərin pulunu kim və hansı hesabdan ödəyəcək?

İyulun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə “Sevil Massivi” MTK-nın vəzifəli şəxslərinin işi üzrə məhkəməyə hazırlıq iclası keçiriləcək. Müttəhimlər kürsüsünə MTK-nın təsisçisi Aynur Zeynalov, direktoru Elçin İsmayılov və digərləri çıxarılacaqlar. İş üzrə tutulanlar qanunsuz sahibkarlıqda, vergi ödəməkdən yayınmada, rüşvət almada ittiham olunurlar.

Ötən ilin bu günlərində Baş Prokurorluğun mətbuat xidməti “Sevil Massivi” MTK-da baş verənlərlər bağlı məlumat yaymışdı. Həmin məlumatda qeyd olunurdu ki, külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktına əsasən Vergilər Nazirliyində başlanmış cinayət işi üzrə istintaq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib. 
 
Kooperativin təsisçisi Aynur Zeynalovun kooperativin direktoru Elçin İsmayılov və digərləri ilə qabaqcadan əlbir olub 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınmalarında, habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə etmələrində şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən onlara Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. 
 
Qeyd edilənlərlə yanaşı, Abşeron rayon Hökməli bələdiyyəsinin sədri Mirnamat Miradiyevin bələdiyyə ərazisində yerləşən torpaq sahələrini A.Zeynalov və E.İsmayılovun bilavasitə şərait yaratmaları ilə müxtəlif şəxslərə sataraq ümumilikdə sonunculardan 170 min manat məbləğində rüşvət almasında şübhələr üçün əsaslar olduğundan Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən ona Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə ağır xəstəliyi ilə əlaqədar barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. 
 
İstintaqla həmçinin müəyyən edilib ki, “Sevil Massivi” MTK-nın məsul şəxsləri Abşeron rayon Hökməli bələdiyyəsinin sədri M. Miradiyevlə əldə etdikləri şifahi razılaşmaya əsasən, bələdiyyənin mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, eləcə də ayrı-ayrı şəxslərin mülkiyyətində olan “At yalı” və “Sonalı sahəsi” adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq zəbt edərək həmin torpaqların vətəndaşlara faizsiz kreditlə satışını həyata keçiriblər. 
 
Vətəndaşlar tərəfindən isə həmin torpaq sahələrində layihə-smeta sənədləri olmadan, dövlət qeydiyyatına alınmadan 200 fərdi yaşayış evinin tikintisi həyata keçirilib. Kredit ödənişləri başa çatdıqdan sonra bələdiyyəyə məxsus olmayan sahələr bələdiyyə tərəfindən hərraca çıxarılmaqla satılaraq vətəndaşların adlarına rəsmiləşdirilib. 
 
Bundan başqa, “Sevil Massivi” MTK tərəfindən qeyd olunan ərazinin təyinatına uyğun olmadan orada 100-dən artıq çoxmənzilli yaşayış binalarının tikintisi nəzərdə tutulub, həmçinin müvafiq dövlət qurumları ilə razılaşdırılmadan, o cümlədən qanunsuz olaraq aparılan tikinti işlərinin dayandırılması barədə Fövqəladə Hallar Nazirliyinin rəsmi xəbərdarlıqlarına məhəl qoymayaraq, binaların 14-nün özülü qazılmaqla, onlardan 4-də ilkin tikinti işləri həyata keçirilib. Bununla belə, təyinatına görə örüş torpaqları olan həmin sahələrdə qanunsuz tikiləcək çoxmənzilli yaşayış binalarından vətəndaşlara mənzillər satılıb.
 
Rəsmi məlumatdan belə aydın olurdu ki, iş üzrə azı 300 nəfər zərərçəkən var. 
 
Hazırda ən aktual suallardan biri də MTK rəsmilərinin həbsləri və məhkəmə qarşısına çıxarılmaları zərərçəkənlərin hüquqlarının bərpa olunması ilə nəticələnəcəkmi? Pul ödəyib MTK-dan tikilən mənzilə görə sənədlər alan vətəndaşın külli miqdarda vəsaiti geri qaytarılacaqmı? 
 
Son illər ərzində “Sevil Massivi” MTK-da baş verənlərə  oxşar olaylar kifayət qədər yaşanıb. Ən müxtəlif MTK-lara külli miqdarda pul ödəyən sadə vətəndaşlar sonda əllərində quru kağız parçası - mənzilə aid orderlə baş-başa qalıblar. “Sevil Massivi” MTK-nın işi üzrə zərərçəkən Mais Əfəndiyev kimi. Ona MTK-dan aldığı torpağın sənədi verilib. Ancaq indi bu sənəd heç nəyə yaramır. 
 
“Deyirlər, apar sıx suyunu iç... Heç nəyə yaramır... Etibarsızdır... O sənədi Hökməli bələdiyyəsi pulla düzəltdirib adamlara paylayıbmış. Biz nə biləydik ki, bu boyda saxtakarlığa gedə bilərlər...” - deyə zərərçəkən AzadlıqRadiosuna bildirib. Mais Əfəndiyevin vaxtilə torpağa görə ödədiyi və indi tələb etdiyi məbləğ 32 min manatdır...
 
Bu illər ərzində MTK-lar tərəfindən aldadılan vətəndaşların sayı bilinmir. İstintaq orqanları, məhkəmələr belə işlər üzrə zərərçəkənlərin bir hissəsinin vəsaitini yarımçıq geri ödətməklə işini bitmiş sayır. Halbuki vətəndaşların MTK-lara pul ödəməsini şərtləndirən əsas amillərdən biri də vətəndaşın dövlət orqanlarına inamı olub. Bu səbəbsiz deyil - ölkənin elə bir regionu yoxdur ki, sadə vətəndaş bir daşı o birinin üstünə qoyub özünə balaca bir daxma tikməyə başlasın və ən müxtəlif dövlət orqanlarını təmsil edən nümayəndələr onun başının üstünü kəsdirməsin. Belə bir halda vətəndaş “Sevil Massivi” MTK-da qanunsuz tikintinin aparılmasına necə inana bilərdi? 150 hektar sahəni hasarlayıb, səhər-axşam telekanallarda torpaq satışı reklam olunan MTK-nın dələduzluq edəcəyinə kim inanardı? 
 
Əmralı Hüseynov telekanallardakı reklamlardan “Sevil Massivi” MTK-nın telefon nömrələrini götürüb. Zəng edib. Deməsinə görə, 2 il əvvəl elə “incə qızların səsləri” onu tikinti aparılan massivə yaxın ofisinə çəkib aparıb. 20 sot torpaq sahəsinə görə azı 16 min manat xərci çıxıb...

Əgər MTK dələduzdursa, onun efirdə nə işi var? Yalançı reklam etmə maddəsi MTK rəsmilərinə, həmin yalançı reklamla məşğul olanlara niyə şamil olunmur? 
Hazırda adı iş üzrə zərərçəkən qismində keçənlərin əksəriyyəti məhz həmin reklamlar vasitəsilə MTK-ya üz tutub bugünkü duruma düşüblər. 
 
“Sevil Massivi” MTK-nın bu illər ərzində fəaliyyətinə göz yuman rəsmilər niyə istintaqdan kənarda qalıb? Niyə onlar müttəhimlər kürsüsünü MTK rəsmiləri ilə bölüşmürlər? Axı onların hərəkətsizliyi üzündən iş üzrə bu qədər vətəndaş zərərçəkənə çevrilib.
Cia.az