Elton Məmmədov deyib ki, hadisə zamanı qardaşı Nəriman Məmmədovun sarsıntı keçirməsi və dilinin tutulması faktı doğru deyil
Xəbər verdiyimiz kimi, Qusar rayonu, Çiləgir kəndində 70 yaşlı Ramiz Gülməmməd oğlu Vəliyev odlu silahla qətlə yetirilib. Qətldən sonra məlum olub ki, öldürülən nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovun qudasıdır və olay zamanı sonuncu hadisə yerində olub. Olayla bağlı mətbuata açıqlama verən nəqliyyat nazirinin deputat qardaşı Elton Məmmədov ziddiyyətli danışıb. Deputat modern.az saytına deyib ki, hadisə zamanı qardaşı Nəriman Məmmədovun sarsıntı keçirməsi və dilinin tutulması faktı doğru deyil. E.Məmmədov bildirib ki, bu məlumatlar yalandır.
Deputat “qafqazinfo”ya açıqlamasında isə bildirib ki, hazırda hadisə ilə bağlı istintaq gedir: “Bu cinayət araşdırılır. Qətl zamanı qardaşımın orada olduğu bildirilsə də, mən hadisə yerində olmamışam. Heç nə deyə bilmərəm. Dolğun məlumat əldə etmək istəyirsinizsə, Qusar Rayon Prokurorluğuna müraciət edə bilərsiniz. Onlar ehtiyac duyulan məlumatı sizə verəcəklər”.
Xatırladaq ki, bu hadisənin təfərrüatları barədə virtualaz.org saytı məlumat yaymışdı. Məlumatda deyilirdi: “İyunun 30-da Qusar rayonunun Çiləgir kəndində qətl törədilib. Bakı şəhər sakini, 70 yaşlı Ramiz Gülməmməd oğlu Vəliyev odlu silahla qətlə yetirilib.
Yerli sakinlər R.Vəliyevin Eynulla Hacıyev adlı kənd sakini tərəfindən namus üstə öldürüldüyünü bildirir. Hadisə biznesmen Ramiz Vəliyevin Çiləgir kəndindəki villasında baş verib. Eynulla Hacıyev bu villada gözətçi, onun bacısı isə qulluqçu işləyirmiş. O, qətli də bacısının şərəfini qorumaq üçün törədib. Sayt Qusardakı mənbələrdən dəqiqləşdirib ki, qətl hadisəsi də nazirin qardaşının yanında baş verib. Mənbənin bildirdiyinə görə, hadisə vaxtı N.Məmmədov qudasının villasında istirahətdə imiş. Gözətçi E.Hacıyev R.Vəliyevi güllələyəndə nazirin qardaşı da ruhi sarsıntı keçirib, onun hətta qorxudan dili tutulub. Onu əvvəlcə rayon xəstəxanasına, oradan isə Bakıya gətiriblər.
Eynulla Hacıyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. “Turan” agentliyinin xəbərində isə deyilir ki, gözətçi öz ailəsinin şərəfini qorumaq üçün R.Vəliyevi güllələyib.
Cia.az
