15 nəfərin ölümünə səbəb olan yanğından 40 gündən çox vaxt ötsə də, faciənin hansı səbəbdən baş verməsi haqda rəy hələ də ortada yoxdur...
Binəqədidə yanan bina ilə bağlı saxlanan Binəqədi İcra Hakimiyyəti başçısının keçmiş müavini Qəzənfər Novruzov ev dustaqlığına buraxılmayıb. Bu haqda Baş Prokurorluğun mətbuat xidmətindən sorğumuza verilən cavabda bildirilib. Qeyd olunur ki, Q.Novruzovun barəsində seçilən həbs-qətimkan tədbiri qüvvədədir: “Seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi həqiqəti əks etdirmir. Məhkəmənin qərarı dəyişdirilməyib. Hazırda iş üzrə istintaq əməliyyat qrupu tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”. Qeyd edək ki, Qəzənfər Novruzovun daha bir qardaşı general-mayor Səbuhi Novruzov Naxçıvan MR daxili işlər nazirinin müavinidir.
Mayın 19-da 15 nəfərin ölümünə, 56 nəfərin xəsarət almasına gətirib çıxaran yanğından 1 aydan artıq vaxt ötür. Amma yanğının hansı səbəbdən baş verməsi haqda rəy ortada yoxdur. Bu gün də bilinmir ki, bina təsadüfi qığılcımdan alışıb, yoxsa bilərəkdən yandırılıb? Baş Prokurorluğun əvvəlki rəsmi açıqlamalarında qeyd olunur ki, yanğının başvermə səbəbləri, yanğın nəticəsində vurulmuş ziyanın müəyyənləşdirilməsi məqsədi ilə iş üzrə məhkəmə-yanğın-texniki, tikinti-texniki, fiziki-kimyəvi, məhkəmə-tibbi və digər ekspertizalar təyin edilib. Ekspertizaların niyə bu cür ləng aparılmasının səbəbi məlum deyil.

Yada salaq ki, iş üzrə binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzovla yanaşı Xətaidəki poliuretan üzlüklə binanı üzləmiş “TNH” səlahiyyətlisi Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov, şirkət direktorunun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov da saxlanaraq barələrində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Binəqədidə və Xətaidə binalarda baş verən yanğınlarla bağlı işlər eyni icraatda birləşdirilərək Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılır.

Bu həbsləri ekspertlər, həmçinin ictimaiyyət yetərli hesab etmir. Əsas arqument kimi tutulan şəxslərin səlahiyyət hədlərinin çox aşağı olması göstərilir. Başqa sözlə desək, tutulanların binalara üzlük vurulmasında texniki işçilər olduğu vurğulanır. Qeyd olunur ki, bu şəxslər istəsəydilər belə binaların poliuretanla üzlənməsini özbaşına təmin edə bilməzdilər.
Yanğın əcaib mənzərəni ortaya çıxarıb. Binanı üzləyən şirkətə müvafiq qurumların bu fəaliyyətlə məşğul olmasına icazə vermədiyi aydınlaşıb. Bəs binanın üzlənməsinə dövlət büdcəsindən vəsait ayrılıbmı?
“Yeni Müsavat” bu və digər suallara aydınlıq gətirilməsi üçün mayın 23-də Maliyyə Nazirliyinə informasiya sorğusu yollayıb. Həmin sorğuda aşağıdakı suallara aydınlıq gətirilməsi istənilib:
1. Binəqədi rayonunda binaların üzlənməsinə dövlət büdcəsindən 2015-ci ilə qədər hər il nə qədər vəsait ayrılıb?
2. Vəsaitin təyinatı üzrə xərclənib-xərclənməməsinin auditi hansı nəticələr verib?
3. Ayrılmış vəsaitdən bilavasitə yanmış binanın üzlənməsinə nə qədər vəsait xərclənib?
4. Həmin binaya ayrılan vəsaitin təyinatı üzrə xərclənib-xərclənməməsinin auditi həyata keçirilibmi?
5. Keçirilibsə, nəticəsi necə olub?
Maliyyə Nazirliyinin mətbuat katibi, informasiya azadlığı üzrə məsul şəxs Mais Piriyev müvafiq araşdırmalardan sonra sorğumuza mayın 29-da cavab verəcəklərini bildirmişdi. İyulun 3-dür, hələ də sorğumuz cavabsızdır...
Cia.az
