Azərbaycanlı iş adamı Dönməz Məmmədov Gürcüstanda, Rustavi şəhəri yaxınlığından keçən yolun kənarında aclıq aksiyasını davam etdirir. İyulun 1-də redaksiyamıza müraciət edən D.Məmmədov nəqliyyat naziri Ziya Məmmədova müraciət edib. O, üzləşdiyi qanunsuzluğa son qoyulmasını istəyir:
“Mənə qarşı haqsızlığa son qoyulsun. Mən 2000-ci ildən sərnişindaşıma ilə məşğul olmuşam. Bu illər ərzində Nəqliyyat Nazirliyinin işçilərinin bütün tələblərini yerinə yetirmişəm. Bu günə qədər Nəqliyyat Nazirliyinin heç bir işçisi mənim haqqında pis nə isə deyə bilməz”. Qeyd edək ki, iş adamı iyunun 29-dan aclığa başlayıb. Bu azərbaycanlı iş adamının Gürcüstanda keçirdiyi sayca ikinci aclıq aksiyasıdır. O, Nəqliyyat Nazirliyinin Bakı Şəhər Nəqliyyat Departamentinin (BŞND) rəisi və müavinləri tərəfindən aldadılmasına aclıq etməklə etiraz edir.
D.Məmmədov “Yeni Müsavat”ın əməkdaşına deyib ki, sahibi olduğu “Amal-D” MMC şirkətinə məxsus 509 saylı marşrutların bərpa olunmasını tələb edir. Şirkətə məxsus digər marşrut üzrə hərəkətdə olan “Daewoo” markalı 17 avtobus bu ilin mayında xətdən çıxarılıb və Bakı Şəhər Nəqliyyat Departamentinin cərimə meydançasına aparılıb. Uzun müraciətlərindən sonra iş adamı aclığa başlayıb və 501 saylı marşrutun işləməsinə icazə verilib.
Ona 509 saylı, Sumqayıt-Binə ticarət mərkəzi xətti üzrə olan marşrutun Avropa Oyunları qurtarana yaxın, iyunun 20-də açılacağına söz verilib. Lakin marşrutun açılışına icazə verilməyib. Hazırda Rustavi yolunun kənarında aclığa başlayan sahibkar deyir ki, rəhbəri olduğu MMC-yə Nəqliyyat Nazirliyi sərnişindaşıma ilə məşğul olmaq üçün 2017-ci ilə qədər lisenziya verib. Buna baxmayaraqz BŞND-i marşrut üzrə hərəkət etməli olan avtobuslara fərqlənmə nişanı vermir və xəttə buraxmır. D.Məmmədov deyir ki, avtobuslar xəttə buraxılmasa, Tiflisdə Azərbaycan səfirliyinin önündə və ya Azadlıq meydanında özünü yandıracaq.
D.Məmmədov ondan alınan 509 saylı marşrutun kənd təsərrüfatı naziri Heydər Əsədovun bacanağının qardaşı Kamil Sadayoğluna tapşırıldığını demişdi.
Redaksiyamızla əlaqə saxlayan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev iş adamının həqiqət olmadığını bildirdi: “Dönməz Məmmədovun dedikləri dediklərinin həqiqətdən uzaqdır. Cənab nazirin 2 bacanağı var, onlardan birinin heç qardaşı yoxdur, Qobustanda kənddə yaşayır. O biri bacanağının qardaşı isə rayonda maliyyə idarəsində xırda bir vəzifədə işləyir”.
Cia.az
