Məlum olduğu kimi, Rusiya Ermənistan ordusunu silahlandırmaq üçün düşmən ölkəyə 200 milyon dollar dəyərində maliyyə vəsaiti ayırıb. İndiyə qədər dəfələrlə düşmən ölkəyə Rusiyanın vaxtaşırı bu cür yardımlarının şahidi olmuşuq. Maraqlıdır ki, yardımların əksəriyyəti kredit adı altında həyata keçirilib.
Bu cür hadisə ilk dəfə 1996-cı ildə yaşanıb. Rusiya hökumətinin Ermənistana uzaqvuran raketlər də daxil olmaqla, 1 milyard dollar dəyərində silah və sursat hədiyyə etdiyi ortaya çıxıb. Daha sonra 2008-ci ildə Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi hissəsindən Ermənistan ordusuna silah-sursatın ötürülməsini sübut edən sənədlər yayılıb. Həmin vaxt Azərbaycan XİN Rusiyanın Ermənistana 800 milyon dollar dəyərində hərbi texnika və sursat verməsi barədə məlumatlarla bağlı bəyanat yayıb.
Rusiya ilə rəsmi Bakının münasibətlərinin yaxşı olduğu bir vaxtda Azərbaycana yox, Ermənistana bu jestin arxasında nə durur?
Politoloq Natiq Miri hesab edir ki, Azərbaycanla Ermənistan fərqli missiyası olan ölkələrdir:
“Azərbaycan ayaqda dura biləcək qüdrətli bir ölkədir. Bu yöndə də öz fəaliyyətini davam etdirir. Onu nəzərə almaq lazımdır ki, Azərbaycan türk etnosundan ibarət bir xalqdır. Türk etnosunun hansı qüdrətə malik olduğunu, gələcəkdə bütövlükdə toplumlar içərisində hansı gücə malik olduğunu Rusiya yaxşı bilir və daim buna görə narahatdır. Ancaq Ermənistan Rusiya tərəfindən yaradılmış bir qondarma respublikadır. Bu gün Ermənistan Rusiyanın bir əyaləti olaraq fəaliyyət göstərir. Rusiya öz geosiyasi maraqları kontekstində siyasi alət olaraq Ermənistandan istifadə edir. Ermənistan regionda Türkiyənin qarşısını almaq üçün yaradılmış bir respublikadır. Bu heç kəsə sirr deyil. Eyni zamanda Ermənistan Türkiyə və Azərbaycan arasında əngəl olmaq üçün coğrafi bir məkan olaraq xüsusi seçilib. Buna görə də Rusiyanın bütün zamanlarda düşmən ölkəyə yardımı davam edəcək. Amma Azərbaycan tam fərqli bir ölkədir. Rusiyaya yaxınlaşmağa rəğmən, Azərbaycan dövlət maraqları naminə müstəqil qərarlar qəbul edir. Bu da təbii ki, Rusiyanın xoşuna gəlmir”.
Natiq Miri Rusiyanın bütün siyasətinin yalan üzərində qurulduğunu bildirdi: “Kremlin həm xarici, həm də daxili siyasəti yalan üzərində qurulub. Onların bu cür yalanlarına Azərbaycan inanmalı deyil. Düşünürəm ki, bütün təzyiqlərə baxmayaraq, Azərbaycan Qərbə inteqrasiya xəttini davam etdirməlidir. Ermənistanda baş verən son hadisələr göstərdi ki, Rusiya heç vəchlə öz alətini itirmək fikrində deyil”.
Cia.az
