Kamran Əliyev: “Yol nəqliyyat sahəsindəki hazırkı vəziyyətin davam etməsi üçün dövlət orqanları əllərindən gələni edir”
I Avropa Oyunları(AO) zamanı tətbiq edilən müəyyən məhdudiyyətlər və qadağalar yol nəqliyyat sahəsində xeyli səliqə-sahman yaradıb. AO bitdiyi üçün sarı zolaqlardan bundan sonra necə istifadə olunacağı ilə bağlı müəyyən müzakirələr gedib, müxtəlif təkliflər səslənsə də, hələ ki konkret bir qərar yoxdur. AO zamanı tıxacların və qəzaların sayı da xeyli azalmışdı. Həmçinin əvvəllər ictimai nəqliyyatı necə gəldi sürən, sərnişinlərlə nəzakətsiz rəftar edən sürücülər qayda- qanunlara əməl etdilər.
Oyunlar yekunlaşdıqdan sonra heç vaxt Bakını bu qədər sakit, tıxacsız görməyə öyrəşməmiş sakinləri indi yalnız bir sual düşündürür: Bakının bundan sonrakı vəziyyəti necə olacaq? İndiki qayda-qanun qorunub saxlanıla biləcəkmi, yoxsa Bakı əvvəlki “sifətinə” qayıdacaq?
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev yol nəqliyyat sahəsindəki hazırkı vəziyyətin davam etməsi üçün dövlət orqanlarının əllərindən gələni etdiyini bildirdi:“Avropa Oyunları zamanı yol və nəqliyyatda olan qayda-qanunun bundan sonra da davam etməsi üçün dövlət orqanları əlindən gələni əsirgəmir. Amma bunun üçün hərəkət iştirakçılarının özünün də belə bir istəyi olmalıdır. Sevindirici hal odur ki, Bakı sakinləri bu cür vəziyyətin daim hökm sürməsini daha çox arzulayırlar. Bizə Bakı sakinlərindən bununla bağlı çoxsaylı müraciətlər daxil olur. Əhali istəyir ki, Bakı qeydiyyatında olmayan avtomobillərə və yük maşınlarına olan bu məhdudiyyət daim davam etsin. Biz bununla bağlı konkret qərar qəbul edə bilmərik. Bu yalnız Nazirlər Kabinetinin Təhlükəsizlik Komissiyasının qərarı ilə həyata keçirilə bilər. Bununla bağlı müəyyən müzakirələr və təkliflər nəzərə alınıb səmərəli bir qərar qəbul edilə bilər”.
Sarı zolaqlardan yalnız ictimai nəqliyyatın və təcili yardım maşınlarının istifadə etməsi məsələsinə gəlincə, K.Əliyev bununla bağlı müvafiq qərar qəbul edilərsə, bu təklifin həyata keçə biləcəyini dedi: “Nə qədər ki, həmin hərəkət zolağına digər nəqliyyat vasitələrinin çıxmasına qadağalar qoyan yol nişanı mövcuddur, xüsusi buraxılışı olmayan sürücülər o zolağa çıxa bilməzlər. Bu qadağanın tətbiqi iyulun 1-dək qüvvədə olacaq. Daha sonra əgər hökumət bununla bağlı müvafiq qərar qəbul edərsə, həmin zolaqlar üzrə operativ nəqliyyat vasitələrinin hərəkəti mümkün ola bilər. Yenə də qeyd edim ki, bu, yalnız hökumətin müvafiq qərarından sonra ola bilər”.
Nəqliyyat məsələləri üzrə mütəxəssis Məzahir Rüstəmov isə şəhərdə yenə də avtomobillərin sayının artacağını və tabesizlik yaranacağını bildirdi: “Avropa Oyunlarına görə Bakı şəhərində maşınlardan az istifadə olunurdu. Bu dövrdə kimlərsə işini dayandırdı, kimlərsə işə getmədi. Ali məktəblər işlərini yekunlaşdırdılar, tələbələr çıxıb getdilər, sahibkarların müəyyən faizi öz fəaliyyətlərini dayandırdılar, növbəli iş rejiminə keçdilər. Bu tədbirlə əlaqədar bir çox şəxslər maşın sürməkdən könüllü olaraq imtina etdi. Bu o demək deyil ki, Bakı şəhərində hər şey öz qaydasına düşüb. Sadəcə olaraq, biz o tədbiri yola verməkdən ötrü bir növ həmrəylik göstərdik. Ancaq bu belə davam edə bilməz. Çünki hər kəsin işi var. Yayda ola bilər ki, müəyyən qədər nəqliyyatın azlığı olsun. Ancaq sentyabr ayından görəcəyik ki, şəhərdə aktivlik çoxalıb və bu dövrdə yenə də tabesizlik yaranacaq. Çünki Bakı şəhərində yetərincə maşın və hərəkət var”.
Mütəxəssis yollarda tıxacın və sıxlığın qarşısını almaq üçün tək çözümü iri topdansatış və xidmət obyektlərinin şəhərdən kənara köçürülməsində gördüyünü dedi: “Sarı xətlərin gələcəkdə strateji hərəkət üçün nəzərdə tutulması mümkünsüzdür. Çünki o yolların çəkilişi elə bir formadadır ki, bəzi yerlərdə yalnız hərəkətin davamı kimi çəkilib. Dayanıb sərnişin götürməyə, dayanacağa girməyə heç cürə imkan yoxdur. O sarı xətlər dayanacaqdan kənardadır və dayanacaqla əlaqəsi olmayan bir formada çəkilib. Həm də bu sarı xətlər hər yerdə yox, şəhərin müəyyən yerlərində çəkilib. Yollarda tıxacın qarşısı bu xətlərlə yox, yalnızca bir sıra müəssisələrin, topdansatış mərkəzlərinin şəhərdən kənara çıxarılması ilə nizamlana bilər. Nə qədər ki, iri topdansatış mərkəzləri, ticarət obyektləri və xidmət obyektləri şəhərin mərkəzindədir, bu problem qalacaq”.
Cia.az
