İyunun 19-da Ali Məhkəmədə Neft Kəmərləri İdarəsinin (NKİ) sabiq rəisi Rizvan Vahabovla 7 vətəndaşın - Sevinc Rəcəbova, Təranə Hüseynova, Anar Əsədov, Vüsalə Xamıyeva, Zamiq Əhmədov, Əhliman Alıyev və Adil Kazımovun məhkəmə çəkişməsinə nöqtə qoyulmalı idi. Lakin qəfildən məhkəmə iclası təxirə salınıb. Təxirə salınmanın səbəbi 7 vətəndaşa bəlli deyil. Məhkəmədən onlara bu haqda bildirməyiblər. Məhkəmə iclasının nə vaxt baş tutacağı da aydın deyil.
Ali Məhkəmədən şikayətçilərə işə bugünlərdə baxılacağını deyiblər, məhkəmə baxışının tarixini konkretləşdirməyiblər.
7 vətəndaş halal və qanuni yolla əldə etdikləri, dövlətin tanıdığı, dövlət idarələrinin verdiyi mülkiyyət haqda sənədləri əllərində ola-ola həyəcanla məhkəmənin qarşı tərəfin xeyrinə qərar çıxara biləcəyi “bu günləri”gözləyirlər. Amma ümidlərini də üzmürlər, prezidentə yazdıqları müraciətlərin, Ali Məhkəmənin ədalətli qərar verə biləcəyinə də inamları var. İnanırlar ki, Ali Məhkəmə onların xeyrinə qərar verəcək və 4 illik əzab-əziyyətli məhkəmə çəkişmələrinə son qoyulacaq...
Bura Azərbaycandır və məhkəmələrdə qanunların şah olmadığı dəfələrlə sübut olunub. Avropa Məhkəməsi ədalətsiz qərarlara görə ölkəni dəfələrlə cərimələyib.
Tərəflər arasında məhkəmə çəkişməsinin mahiyyəti haqda bir daha yazaq. Məsələ bundan ibarətdir ki, 2011-ci ildə 7 vətəndaş Murtuza Muxtarov küçəsi 145 ünvanındakı binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrini və mənzilləri alıblar. Sonradan onlar Rizvan Vahabovun qanunsuz iddiaları ilə rastlaşıblar.
Şikayətçilər prezident İlham Əliyevə müraciətlərində qeyd edirlər ki, M.Muxtarov 145 ünvanında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeyri-yaşayış sahələrini alıblar. Bir müddət keçdikdən sonra onları məhkəməyə dəvət ediblər və mülklərinin mübahisəli olduğunu bildiriblər.
“Möhtərəm prezident!
Qeyri-qanuni olaraq bizim sahələrə həbs qoyaraq əmlakımızdan məhrum etdilər. Ancaq bura aidiyyəti olmayan başqa bir adama fəaliyyət göstərməyə icazə veriblər. Araşdırma vaxtı məlum olub ki, iddianı Qoloveşkina Anna adlı bir qadın qaldırıb və bütün bunların arxasında pullarının sayı bilinməyən keçmiş məmur Rizvan Vahabov durur. Araşdırmalar vaxtı məlum olur ki, həmin sabiq məmurun külli miqdarda pulu, obyektləri, çoxlu evləri var. Daha sonra keçmiş məmurun təsiri ilə müqavilələri araşdırmaq üçün Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərirlər. Qeyd etmək istəyirik ki, bizə məxsus əmlakların hamısının Dövlət Reyestr İdarəsindən çıxarışı var. Ancaq onlara məxsus heç bir sənəd yoxdur. Araşdırma zamanı məlum oldu ki, A.Qoloveşkinanın adına olan müqavilələr, həmçinin kassa mədaxil orderləri saxtadır. Bu qadın tərəfindən “VOLBAK” MMC-yə bir qəpik belə pul ödənilməyib.
Cənab prezident!
Sizin “Cəmiyyəti narahat edən məsələlərlə bağlı konkret addımların atılması ilə bağlı” mayın 27-də “Buta” Sarayında Respublika günü münasibətilə rəsmi qəbulda çıxışınız bizi sevindirdi.
“Mən burada ictimai nəzarətin əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm. Mən bu barədə dəfələrlə fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm ki, bu, mənim çox səmimi fikirlərimdir. İctimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz. Bir adam - Prezident, yaxud da ki, rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür. Biz buna yol verə bilmərik. Bunun qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha da sürətlə gedər və xoşagəlməz halların aradan qaldırılması üçün yeni bir mexanizm yarana bilər. Burada əlbəttə ki, dövlət idarəetmə prinsiplərində ciddi islahatlar aparılmalıdır və eyni zamanda ictimaiyyət də daha fəal olmalıdır. Biz bunu son vaxtlar görürük. Bizim ictimaiyyət hər hansı bir yerdə qanunsuzluqlar, pozuntular, ədalətsizliklər baş verdikdə dərhal reaksiya verir. Mən bunu alqışlayıram. Bu, bizə kömək edir. Bu canlı bağlantı daim olmalıdır və güclənməlidir”.
Respublikamızın belə inkişaf etdiyi bir vaxtda bizim məhkəmə-hüquq sisteminin fəaliyyətinə utanmazcasına müdaxilə edərək Azərbaycan vətəndaşlarına şər ataraq dövlət tərəfindən verilmiş çıxarışlar ola-ola bu çıxarışları ləğv elətdirmək istəyən və hansı ki, bəzi hakimlərin qeyri-ciddi mövqeyindən istifadə edərək bunlara nail olmaq istəyənlərə yardım edilir. Bütün bu işləri keçmiş dövlət məmuru olmuş Rizvan Vahabov məhkəmələrə təsir etməklə hər yerdə deyir ki, “Ali Məhkəmə mənim üçün heç bir şeydir” və bunu da onunla əsaslandırır ki, əvvəlki məhkəməni də onun təsiri ilə bizim əleyhimizə çıxarıblar. Rizvan Vahabov keçmiş əlaqələrindən və külli miqdarda olan pullarına arxalanaraq deyir ki, siz heç bir məhkəməni uda bilməzsiniz.
O, bu əməllərini həyata keçirmək üçün hətta ədliyyə nazirinin müavini Azər müəllimin (Azər Cəfərov-E.M) adından istifadə edir, deyir ki, o, mənim dostumdur və məhkəmələrə nəzarəti həyata keçirir. Ona görə də onun tapşırığından heç kəs çıxa bilməz. Çünki mən də onun bəzi tapşırıqlarını yerinə yetirirəm. Bundan başqa, o, Ali Məhkəmənin bəzi işçilərinin də adını hallandırır ki, burada da onun havadarları var. Bu da bir daha R.Vahabovun Ali Məhkəməyə və hakimlərə qarşı haqsızlığıdır. Hətta hörmətli prezidentimizin tapşırıqlarından sonra Rizvan Vahabovun və onun kimilərin bu cür müdaxilələri niyə aradan qaldırılmır? Ancaq bu gün Rizvan Vahabov və onun adamları bizə bildirirlər ki, bu dəfə də Ali Məhkəmədə sizə qarşı tədbir görüləcək və məhkəmə baş tutmamış qələbələrini qeyd edirlər" - deyə şikayətçilər prezidentə yazırlar.
Qeyd edirlər ki, R.Vahabov əllərində dövlət tərəfindən verilmiş çıxarışların olmasına baxmayaraq saxta sənədlərlə onları hədələyir: “Rizvan Vahabov ailəmizi ac qoyacağını deyərək bizi hədələyir. Amma bizlər Konstitusiyanın 29-cu maddəsinə - mülkiyyət hüququmuza əsaslanıb, prezidentimizə arxayınıq”.
Yada salaq ki, “Yeni Müsavat”a müraciət edən vətəndaşlar 2011-ci ildə Murtuza Muxtarov 145 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrini və mənzilləri alıblar.
Az sonra isə R.Vahabov qayınanası A.Qoloveşkina vasitəsilə vətəndaşların qanunauyğun şəkildə əldə etdikləri əmlakları onlardan almağa çalışıb. Vətəndaşlar həmin əmlakları qanuni şəkildə əldə etmələrini təsdiqləyən çıxarışları da redaksiyamıza təqdim ediblər. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan araşdırma zamanı məlum olub ki. R.Vahabovun 80 yaşlı qayınanasının məhkəmələrə təqdim etdiyi sənədlər saxtadır. 4 il davam edən məhkəmə çəkişmələrindən sonra iş növbəti dəfə Ali Məhkəməyə göndərilib. Vətəndaşlar inanırlar ki, bu məhkəmə instansiyasında nəhayət ki, ədalətli qərar veriləcək. Bununla da R.Vahabovun bir qanunsuzluğunun qarşısı alınmış olacaq...
Cia.az
