|
Ermənistanda əsgər ölümləri ilə bağlı təlaş

Düşmən ölkə hərc-mərcliyin hökm sürdüyü şəraitində baş verən itkiləri də Azərbaycanın adına yazmağa çalışır; Vaqif Dərgahlı: “Hətta Dağlıq Qarabağdan da əlavə qüvvələri İrəvana aparıblar...” 

İşğalçı Ermənistan ordusunda növbəti itki qeydə alınıb. Ermənistanın ARMtoday.info saytının yaydığı xəbərə görə, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Arçrun Ovanisyan öz facebook səhifəsində yazıb. 

O iddia edib ki, 26 iyun saat 18.30 radələrində Azərbaycan tərəfi iri kalibrli silahlardan Naxçıvanla sərhəddə yerləşən Qorayk Sunikski vilayətindəki erməni mövqelərinə atəş açıb. Nəticədə isə erməni ordusunun əsgəri, 1987-ci il təvəllüdlü Aram Maisoviç Yepremyan ölüb. Mətbuat katibi onsuz da qəzəb içində kükrəyən erməni cəmiyyətini sakitləşdirmək üçün Azərbaycan tərəfinin də “çoxsaylı itkilər verdiyini” iddia edib. Ancaq Azərbaycan tərəfi həmin gün ərzində cəbhənin bu istiqaməti ilə bağlı hər hansı açıqlama verməyib.
 
Xatırladaq ki, iyunun 25-də orduda ölən erməni əsgərlərinin valideynləri Prezident Administrasiyası və parlamentin binalarına doğru yürüş etməyə çalışsalar da, polis buna imkan verməyib.  İrəvan polisinin rəis müavini Valeriy Osipyan acizanə şəkildə yalvararaq onları geri qaytarmışdı. Aksiyaçılar bəyan ediblər ki, ordudakı cinayətlər açılmasa, erməni valideynlər övladlarını hərbi xidmətə gönədrməkdən imtina edəcəklər. “Bu gün biz övladlarımızı orduya göndəririk. Amma onların sağ qayıdacağına əmin deyilik. Bizim uşaqlardan əsgər yox, ”stabil ÇMO" hazırlayırlar". Bizim övladlarımızı öldürürlər" - əsgər analarından biri demişdi. 

Şübhə yox ki, növbəti itki erməni valideynlərin yenidən ayağa qalxmasına səbəb olacaq. Yeri gəlmişkən, Azərbaycanın müdafiə naziri Zakir Həsənov ANS-ə müsahibəsində 2015-ci ilin ilk yarısında Ermənistanın 60-a yaxın əsgər itirdiyini deyib. O da istisna deyil ki, Ermənistan hakimiyyəti cəbhədə vəziyyəti gərginləşdirməklə diqqəti daxildən yayındırmaqda maraqlıdır.
Azərbaycan Müdafiə Nazirliyi erməni avantürası ilə bağlı məlumat yayıb. Məlumatda deyilir: “Ermənistanın elektron kütləvi informasiya vasitələrinin iyunun 26-da atəşkəs rejiminin pozulması nəticəsində guya bir erməni hərbi qulluqçunun ölməsi və Azərbaycan tərəfinin də itkilər verməsi barədə yaydığı məlumat dezinformasiya xarakteri daşıyır. Erməni silahlı qruplaşmaları arasındakı ziddiyyətlər və daxili çəkişmə nəticəsində ermənilərin bir-birini gülləbaran etməsindən sonra düşmən hər dəfə günahı Azərbaycan tərəfinin üzərinə atmaqla ictimaiyyətinin diqqətini ordusunda baş verən neqativ hallardan yayındırmağa çalışır”.
 
MN bildirir ki, hazırda Ermənistanın müxtəlif şəhərlərində hakimiyyətə qarşı başlayan kütləvi aksiyalardan qorxuya düşən Yerevanın cinayətkar hərbi-siyasi rejimi əhalinin diqqətini yayındırmaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin itkiləri və atəşkəs rejiminin intensiv pozulması haqqında mütəmadi olaraq məqsədyönlü surətdə dezinformasiya xarakterli məlumatlar yayır. Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri cəbhəboyu əməliyyat şəraitinə tam nəzarət edir və müdafiənin ön xəttində yerləşən bölmələrimiz sutka ərzində heç bir itki verməyib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı “Yeni Müsavat”a bildirdi ki, Naxçıvan cəbhəsində, ümumiyyətlə, atəşkəsin pozulması halları qeydə alınmır və itkilərlə bağlı iddia da yalandır:“Nəinki son günlərdə, hətta son aylarda bu istiqamətdə atəşkəs pozulmayıb. Sonuncu dəfə, səhv etmirəmsə, ötən il Naxçıvan istiqamətində atəşkəsin pozulması halları qeydə alınıb və düşmən cavab atəşi ilə susdurulub. Hal-hazırda da sakitlikdir”. 
 
Dərgahlı ermənilərin Naxçıvan cəbhəsini gündəmə gətirməsini daxili amillərlə əlaqələndirdi: “Bizim başqa versiyamız yoxdur, bu, yalnız Ermənistan daxilindəki proseslərə hesablanıb. Orda vəziyyət çox ağırdır. Hətta Dağlıq Qarabağdan da əlavə qüvvələri İrəvana aparıblar”. MN rəsmisi dedi ki, atəşkəsin pozulması halları ilə bağlı mütəmadi məlumatlar verilir, hər hansı hadisə diqqətdən kənarda qalmır.
Cia.az